İyulun 12-də Avropa Liqasının I təsnifat mərhələsinin növbəti cavab görüşləri keçirilib. Azərbaycan təmsilçiləri "İnter" və "Bakı" klubları da cavab matçına çıxıblar.
Səfərdə Estoniyanın "Trans" klubu 5:0 hesabı ilə darmadağın edən "İnter" üçün bu görüş artıq formal xarakter daşıyırdı. Bununla belə, komandamız doğma azarkeşləri önündə də qələbə qazanmağa çalışıb - 2:0.
Paytaxtın digər təmsilçisi "Bakı" isə Sloveniyada "Mura"nın qonağı olub. Bakıda baş tutan ilk görüşdə hesab açılmadığından cütün taleyinə məhz cavab matçında aydınlıq gələcəkdi. Bu görüşdə "Bakı"nı istənilən məhsuldar heç-heçə də qane edəcəkdi. Lakin rəqibinə 0:2 hesabı ilə uduzan "Bakı" mübarizəni dayandırıb.
Qeyd edək ki, "İnter" növbəti mərhələdə Yunanıstanın "Asteras Tripolis" klubu ilə qarşılaşacaq.
Modern.az