Azərbaycan atalar sözləri şifahi xalq ədəbiyyatımızda özünəməxsus yer tutur. Demək olar ki, hər dövrün tələbindən yeni-yeni kəlamlar meydana gəlib. Lakin nədənsə müasir dövrümüzə uyğun hikmətli sözlərin yaranma prosesi çox ləng gedir. Zaman dəyişib, insanlar dəyişib, yaşayış dəyişib, cəmiyyətdə böyük dəyişikliklər olub, ancaq biz hələ də köhnə dövrə aid atalar sözlərini misal çəkirik. Düzdür, yüksək ustalıqla deyilmiş bu sözlər öz əhəmiyyətini, aktuallığını bu gün də itirməyib, ancaq bununla belə yaşadığımız müasir cəmiyyətin incəliklərini, problemlərini açıb göstərən, ictimai prosesləri bir sözlə ifadə edən ifadələrin yaradılması heç də pis olmaz.
Bu gün yeni sözlərə bazarlarda, yarmarkalarda, marşrutlarda, habelə İnternet məkanda, Facebook-da rast gəlmək olar. Bu sözlər çox vaxt əyləncə, gülmək, kef açmaq məqsədilə deyildiyi üçün tez də unudulub gedir. Onları toplayıb araşdıran, sistemləşdirən yoxdur. Xalqımızın söz, hikmət xəzinəsini daha da zənginləşdirmək istəyiriksə? dəyərli ifadələri seçib yaşatmalıyıq.
Maraq üçün internetdən, eləcə də Facebook-dan seçilmiş bir sıra ifadələrə nəzər salaq. Görək, bu sözlərdə həqiqətən də məna var, yoxsa yox? Onları müasir atalar sözləri sırasına qatmaq olar, yoxsa yox?
“Day-day igidin yaraşığıdır”. Əvvəllər igidin yaraşığı at olardı, indi isə day-day. Hamıya gün kimi aydındır ki, day-dayısı olanların işləri yağ kimi gedir. Bircə zəngə, onların problemləri elə yerindəcə həll edilir.
“İgid odur atdan düşə atlana, götürdüyü krediti altı aya bağlaya” və yaxud “İgid odur kreditə yox, nəğd pula ala”. Kredit alıb, vaxtında qaytarmaq, doğurdan da böyük qəhrəmanlıqdır.
“Yaxşı dost ad günündə tanınar!”. Bu gün dost verdiyi bahalı hədiyyə ilə, çoxlu pulu ilə qiymətləndirilir. İmkanlı dostların canı sağolsun! Pulun çoxdursa sənə dost deyəcəklər. Pulun yoxdursa: “davay dosvidaniya”.
“Dost dosta zəng gərək, etməsə sms gərək”. Gənclər arasında çox işlədilən sözdür.
“Lələ köçüb Əhmədliyə, yurdu verib kirayəyə”. Yeni biznes növüdür. Şəhərin mərkəzində evin varsa 1000-1500 manata kirayə verirsən. Özün isə həmin pulun 150-200 manatına Əhmədlidə bir mənzil tutursan. Qalanına da kef edirsən.
“Tələsən tıxaca düşər!” ifadəsi hər gün yollarda üzləşdiyimiz problemlə bağlıdır.
“Topala deyirlər ki, niyə axsayırsan? Deyir ki, mən axsamıram, asfaltı əyri vurublar”. Bu da yol sahəsinə aiddir.
“Dünənki cücə bugünkü xoruza müğənnilik öyrədir” kəlamı şou-biznes aləmindəki vəziyyəti əks etdirir.
“Ustadına kəm baxanın fonoqraması kəsilər”, “İstedad olmayanda, yubka qısa olar” – bu ifadələr də şou-biznes sahəsinə aiddir.
“İlanın ağına da lənət, qarasına da. Mavisi ilə işin olmasın Avropa Şurasına şikayət edər!”. Cinsi azlığın müdafiəsi üçün deyilmiş ifadədir.
“Arvadın sözünə qulaq as, qulağında "nauşnik"lə”. Şərhə ehtiyac yoxdur.
“Gəlin evin süpürgəsidir. Hara qoysam oranı süpürüb talan edəcək”. Ailədaxili məsələdir.
“Gözlər qəlbin aynasıdır, burun qəlbin ventilyasiyası, qulaqlar isə qəlbin krosnu antenasıdır”. Maraqlı bənzətmədir.
“Könlü masaj istəyənin vücudu metroda gərək”. Səhər-səhər “Dərnəgül” stansiyası istiqamətində gedən qatarlarda əsl masaj seansı olur. Adamın qol-qabırğaların sıxıb elə şaqqıldadırlar ki, düşəndə olursan anadan gəlmə.
“Kasıbın mobil telefonu bahalı olar”. Ayaqqabısı cırıq, şalvarı yamaqlı adamın əlində 500 manatlıq telefon oynatdığını görəndə bu ifadənin yeri var.
“Əsgərlik ondur, doqquzu Rusiyada gizlənmək, biri də saxta hərbi bilet almaq”. Hərbi xidmətdən yayınmaq istəyənlər üçün deyilib.
“Nə yoğurdu, nə yapdı, yaltaq vəzifə aldı”. Ucuz yolla karyera əldə etmək qaydasıdır.
“Deputatlığa namizədin şahidi yanında olar”. Seçkilərlə bağlı ifadədir.
“Bələdiyyədən çıxdıq, İcra Hakimiyyətinə düşdük”. İdarələrarası get-gəl ilə bağlıdır.
“Suyun lal axanı, adamın monitora baxanı”. İşimiz gücümüz elə bütün günü monitora baxmaqdır.
Göründüyü kimi internetdə istənilən sahəyə aid yeni kəlamlar tapmaq olar. Onların nə dərəcədə hikmətli olduğunu hər kəs özü müəyyənləşdirə bilər. Fakt odur ki, bu sözlər var və çoxları tərəfindən bəyənilir. Sonda bir söz də mən deyim: yaxşı ki, bu internet var, çünki “Kimi harada itirsən Facebook-da taparsan!”...