“Noyabrın 8-də işğaldan azad olunan, qürur mənbəyimiz Şuşa şəhəri uzun müddət Qarabağın əsas iqtisadi mərkəzlərindən hesab olunub”.
Bu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, həm şəhər, həm də eyni adlı rayon sənaye, kənd təsərrüfatı və xüsusən emaledici sektorların inkişafı üzrə fərqlənib:
"Ötən əsrin əvəllərində Şuşada 1700-ə yaxın ticarət obyekti qeydə alınıb və bu da şəhərin hələ bir əsr öncə də xüsusi iqtisadi potensial malik olduğunu göstərir. 20.9 min hektar yararlı torpağı olan Şuşada kənd təsərrüfatında heyvandarlıq daha çox inkişaf edib.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə Şuşada 14 milyon 88 min manatlıq məhsul istehsal olunub. Bunun əsas hissəsi kənd təsərrüfatı məhsullarının payına düşüb.
1992-ci ildə, Şuşa işğal olunmazdan öncə şəhərdə şərq musiqi alətləri fabriki, istehsalat kombinatı, Bakı "Radioqurma" istehsalat birliyinin müəssisəsi, Qarabağ ipək kombinatının toxuculuq sexi və digər istehsal müəssisələri var idi. Şuşada eyni zamanda inşaat materialları istehsalı üzrə də müəssisələr fəaliyyət göstərirdi".
"Turizm Şuşanın iqtisadiyyatında xüsusi yer tutur. Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı, Şəmilin bulağı, Cıdır düzü turizm baxınmdan xüsusi üstünlüyə malikdir. 1992-ci ilədək Turşsu istirahət və müalicə zonası fəaliyyət göstərirdi. Bu zona Laçın yolunun üstündə və Daşaltı çayının yaxınlığnda yerləşir. Turşsu müalicəvi vannaları ilə də məşhur idi. Füsnükar gözəlliyi ilə seçilən Cidir düzündə 1992-ci ilədək hər il may ayında "Xarı-bülbül" mahnı festivalları keçirilirdi.
Göründüyü kimi, Şuşa kifayət qədər iqtisadi potensiala malikdir və Ali Baş Komandanın da qeyd etdiyi kimi, həyat və gülüş çox qisa zamanda Azərbaycanın bu qədim şəhərinə də qaydıcaq. Qarabağ Azərbaycandır!", - deyə deputat bildirib.