Modern.az

Moldovadakı azərbaycanlılar Səfirliyimizə toplaşdılar

Moldovadakı azərbaycanlılar Səfirliyimizə toplaşdılar

Aktual

9 Noyabr 2020, 13:48

Dünən- 8 noyabr tarixində Azərbaycanın Moldovadakı Səfirliyində Şuşanın erməni işğalından azad edilməsinə həsr edilmiş tədbir keçirilib.

Bu barədə Modern.az-a Azərbaycanın Moldovadakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə Moldova sakinləri Səfirliyə toplaşaraq şanlı qələbə gününü qeyd edib.

Tədbirdə çıxış edən səfir Q. Osmanov qədim şəhəri olan Şuşanın Azərbaycanın tarixində mühüm yerə malik olduğundan söhbət açaraq mədəniyyət, incəsənət və tarixin beşiyi sayılan Şuşanın işğaldan azad edilməsi münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, bu qələbənin əldə edilməsində Ali Baş Komandan başda olmaqla müzəffər Azərbaycan Ordusuna təşəkkürünü bildirmiş, vətən uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləmişdir. Eyni zamanda, səfir Q.Osmanov Moldovada yaşayan azərbaycanlıların bu qələbədən ruhlanaraq erməni icmasının təcavüzkar fəaliyyətinə qarşı daha da güclənməyə çağırıb. Səfir Ali Baş Komandanın polad yumruğunda səriştəli siyasi iradə, Azərbaycan əsgərinin gücü və xalqın birləşdiyini qeyd edib. Nitqinin sonunda prezidentimizin sözlərini xatırladaraq bu yumruğun haqq yolunda dünyaya Azərbaycan həqiqətlərini çatdırmağa davam edəcəyini bildirib.

Moldovada azərbaycanlıların ağsaqqalı kimi tanınan iş adamı Firuz İsayev çıxışında Azərbaycanda aparılan uğurlu daxili və xarici siyasətin nəticəsi olaraq qələbə əldə edildiyini, dinindən, etnik mənsubiyyətindən və doğulduğu bölgədən asılı olmayaraq hər bir azərbaycanlının bir amal ətrafında sıx birləşdiyini dilə gətirib. Şuşanın mədəniyyət ocağı olduğunu bildirərərək, hər bir azərbaycanlı gəncə Şuşa şəhərinə gedərək xalqımızın tarixi keçmişini öyrənməyə səsləyib.

 Daha sonra tədbirdə iştirak edən türk iş adamı döyüşlərdə əldə edilən uğurlardan fərəh hissi duyduğunu və qardaş ölkələrəmizin hər zaman bir-birinə xoş və çətin günlərdə dəstək olmasının qürurverici olduğunu bildirib.

Bundan əlavə, tədbir zamanı Şuşanın işğaldan azad edilməsinə həsr edilmiş tədbirində Moldovada yaşayaş azərbaycan diasporunun fəal üzvləri çıxış edərək xalqımızı, bütün həmvətənlərimizi qələbə münasibətilə təbrik edib.

Tədbirdə milli mətbəxə məxsus şirniyatlar təqdim edilmiş, həmvətənlərimiz xalqımızın birlik və vətənpərvərlik rəmzi olan qədim “Yallı”nın sədaları altında rəqs etmiş və tədbir qələbə atəşfəşanlığı ilə yekunlaşdırılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi