“Özəl ali məktəblərdə jurnalistika fakültələrinin fəaliyyətinin dayandırılmasının səbəbi orada jurnalist hazırlığının keyfiyyəti ilə bağlıdır”. Modern.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. O qeyd edib ki, özəl ali təhsil müəssisələrində aparılan monitorinqlər nəticəsində onlarda jurnalist hazırlığının keyfiyyəti qənaətbəxş olmayıb və bu nəticəyə gəlinib.
“Bu qərar hansısa qurum tərəfindən deyil, komissiya tərəfindən veriləndir və komissiyanın üzvi kimi həmin qərara hörmətlə yanaşıram. Lakin növbəti illərdə həmin özəl ali məktəblərdə jurnalistika ixtisasının bərpası mümkündür. Əgər keyfiyyət yüksək olarsa, Azərbaycan cəmiyyəti həmin universitetlərdə jurnalist hazırlığının keyfiyyətinə müsbət yanaşarsa, gələcəkdə bu ixtisasa qəbul aparıla bilər".
M.Mərdanov həmçinin bildirib ki, ümumtəhsil məktəblərin vakant müəllim yerləri üçün keçirilən imtahana 10 mindən çox ərizə daxil olub. “Lakin bu son nəticə deyil. Rəqəmlər hər dəqiqə, hər saat dəyişə bilər. Amma qeyd etməliyəm ki, rəqəmlər bizim gözlədiyimizdən qat-qat artıqdır. Ciddi müsabiqə gözlənilir. Lakin narahat edici fakt odur ki, ərizə verən müəllimlərin əksəriyyəti ibtidai siniflərdə dərs demək istəyənlərdir. Çünki ən az vakant yeri məhz bu sahədədir”.
Sonda təhsil naziri müsabiqə ilə bağlı ciddi işlərin aparıldığını və müəllimlərin qəbulunu bu qaydada aparmaqla Azərbaycan təhsilinin keyfiyyətini yüksəldə biləcəklərinə əmin olduğunu qeyd edib.
Modern.az