Tələbə Qəbulu üzrə Dövlət Komissiyası iyunun 14-də III qrup üzrə imtahan keçirəcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Modern.az saytına verilən məlumata görə, qəbul imtahanı Bakıda 30, Naxçıvanda 3, Gəncədə 7, Sumqayıtda 6, Şəkidə 4, Lənkəranda 4 binada keçiriləcək. Orta ümumtəhsil müəsisəsinin 2361 müəllimi nəzarətçi kimi iştirak edəcək. Eyni zamanda imtahana 221 imtahan rəhbəri cəlb olunacaq.
İmtahan gedişini işıqlandırmaq üçün 70-dən çox KİV nümayəndəsi iştirak edəcək.
Bu il III ixtisas qrupu üzrə 31662, I qrup üzrə 34678, II ixtisas qrupu 23345, IV ixtisas qrupu 13828 abituriyent sənəd verib. Ümumilikdə isə bu il ali məktəblərə sənəd verən abituriyentlərin sayı 103513 nəfər təşkil edir və bu, ötən illə müqayisədə azdır. Ötən il ali məktəblərə sənəd verənlərin sayı 107484 nəfər olub.