İşğalçı Ermənistanla sentyabrın 27-sindən başlayan qanlı müharibə 40 gündən çoxdur davam edir. Noyabrın 9-da da cəbhədə şiddətli döyüşlər gedib. Azərbaycan Ordusu Qarabağın dərinliklərinə doğru irəliləməkdədir.
Modern.az saytı Azərbaycan Müdafiə Nazirliyinin noyabrın 9-da yaydığı rəsmi məlumatların xülassəsini təqdim edir:
- Noyabrın 9-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.
- Cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivlikdə davam edib. Sutka ərzində cəbhənin əsas istiqamətlərində düşmənə ciddi zərbələr vurulub. Cəbhənin bəzi sahələrində düşmən şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.
- Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 1 ədəd T-72 tankı, 1 ədəd D-30 topu, 1 minaatan heyəti, döyüş sursatı ilə dolu bir hərbi yük avtomobili məhv edilib və sıradan çıxarılıb.
- Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.
- Noyabrın 8-i axşam saatlarından 9-u gecə 00:50-dək Ermənistanın Berd və Çəmbərək rayonları istiqamətindən Azərbaycanın Tovuz və Gədəbəy rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən fasilələrlə atəşə tutulub.
- Erməni tərəfinin Xankəndinin Azərbaycan Ordusu tərəfindən yenidən atəşə tutulması ilə bağlı xəbəri tamamilə həqiqətə uyğun deyil.
Bir daha bildiririk ki, Azərbaycan Ordusu yaşayış məntəqələrini və mülki infrastrukturu atəşə tutmur.
- Noyabrın 8-dən 9-na keçən gecə Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tərtər rayonunu Ulu Qarabəy (keçmiş Metsşen) məntəqəsindəki atəş nöqtəsində qərarlaşan minaatan heyəti Azərbaycan Ordusunun mövqelərini atəşə tutub. Bölmələrimiz tərəfindən həmin atəş nöqtəsindəki minaatan və heyəti dəqiq zərbə ilə məhv edilib.
- Bölmələrimiz tərəfindən Tonaşen məntəqəsi yaxınlığındakı düşmənin 1 ədəd T-72 tankı və cəbhənin Xocavənd istiqamətində hərəkət edən şəxsi heyəti də sərrast atəşlə məhv edilib.
- Şuşa istiqamətində düşmənin mühasirəyə alınan qüvvələrinin məhv edilməsi əməliyyatı davam edib.
- Noyabrın 9-da Laçın-Şuşa yolu üzərindəki Zarıslı kəndi yaxınlığında mühasirədən çıxmaq məqsədilə bölmələrimizin üzərinə hücum etməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin 1 tankı və 1 PDM-i zərbə PUA-ları ilə məhv edilib. Həmin anları əks etdirən videogörüntülər təqdim edilib.
- Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və döyüş texnikasını məhv etməkdə davam edir.
Noyabrın 9-da günorta saatlarında Xocalı-Şuşa yolu ilə Xankəndi istiqamətində hərəkət edən Ermənistan silahlı qüvvələrinin canlı qüvvə ilə dolu qoşqusunda D-30 topu olan 1 ədəd yük maşını zərbə PUA-sı ilə məhv edilib.
- Azərbaycan Ordusunun cəbhənin Xocavənd istiqamətində düşmənin mövqelərinə və canlı qüvvəsinə atəşlə zərər vurması davam edib. Düşmənin səngərləri və sığınacaqları artilleriya zərbəsi ilə dağıdılıb.
- İşğaldan azad olunmuş Şuşa şəhərinin videogörüntüləri yayılıb.
- Noyabrın 9-da saat 15:50-də cəbhənin Xocavənd istiqamətində düşmən tərəfindən fərdi yaşayış evlərinin arasında yerləşdirilmiş və aviasiya vasitələrimizə qarşı tətbiq olunan “Tor-M2KM” zenit-raket kompleksi (ZRK) bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.
- Xocavənd istiqamətində düşmənin atəş mövqeyinə çıxarılan “OSA” zenit-raket kompleksi (ZRK) bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.
- Cəbhənin Xocavənd istiqamətində düşmənin canlı qüvvəsi bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.
- Prezident İlham Əliyev işğaldan azad olunmuş yeni yaşayış məntəqələri barədə məlumat verib. Rəsmi məlumata görə, 9 noyabrda toplam 71 kənd, 1 qəsəbə, 8 strateji yüksəklik azad olunub.
Bunlar aşağıdakılardı:
Laçın - Güləbürd, Səfiyan, Türklər
Füzuli - Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Merdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq, Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli
Xocalı - Şuşakənd, Muxtar, Daşaltı, Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq
Xocavənd - Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər, Susanlıq, Domi, Tuğ, Akaku, Azıx
Cəbrayıl - Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər, Hüseynalılar, Söyüdlü, Aşağı Sirik
Qubadlı - Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Çərəli
Zəngilan - Sobu, Qaragöz, İsgəndərbəyli, Keçikli, Ördəkli, Bartaz qəsəbəsi
Yüksəkliklər: Bartaz strateji yüksəkliyi (2300 metr), Sığırt yüksəkliyi(1370 metr), Şükürataz yüksəkliyi (2000 metr) və əlavə 5 adsız strateji yüksəklik.