Modern.az-ın məlumatına görə, Bosniya və Hersoqovinada səfərdə olan millət vəkili Qənirə Paşayeva Srebrenitsa bölgəsində 17-ci ili tamam olan Srebrenitsa Soyqırımını qınama və qurbanlarını anma tədbirləri çərçivəsində soyqırımlara həsr olunan konfransda iştirak edib.
Deputat konfrans çərçivəsində Srebrenitsa Qurbanları Anaları cəmiyyətinin prezidenti Munira Subasiç və təşkilata üzv olan şəhid anaları və ailələri ilə görüşüb və onlara Azərbaycan xalqının başsağlığını çatdırıb və bir daha bu cür cinayətlərin, soyqırımların təkrarlanmamasını dua etdiklərini deyib.
Q,Paşayeva çıxışı zamanı Srebrenitsa soyqırımını insanlığa sığmayan bir cinayət kimi dəyərləndirib və bildirib ki, müasir dünyada bu kimi cinayətlərin baş verməsi utancverici haldır: “Azərbaycan xalqı bosniyalı bacı-qardaşlarını çox yaxşı anlayır, çünki azərbaycanlılar nəinki XX əsrin əvvəllərində, həm də sonlarında ermənilər tərəfindən soyqırıma məruz qalıb. Xocalı Soyqırımı, Bağanis-Ayrım, Qaradağlı qətliamları törədilib. Biz Xocalı və Srebrenitsa Soyqırımlarını unutmayacaq və unutdurmayacağıq”.
Daha sonra deputat qeyd edib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün insanlar bu cür cinayətlərə laqeyd qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalıdırlar və müasir dünyada bu kimi utancverici, insanlığa sığmayan cinayətlərin baş verməsinin qarşısının alınması istiqamətində ciddi çalışmaların görülməsi vacibdir.
Q.Paşayeva Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarından, 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi, onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsindən, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 15 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsindən və beynəlxalq təşkilatların bu məsələlərə laqeyid münasibətindən də danışıb.
O, Srebrenitsa Soyqırımı qurbanlarına həsr olunan muzeyə də baş çəkib və Srebrenitsa Qurbanları Anaları cəmiyyətinin prezidenti Munira Subasiç və təşkilatın üzvlərini Azərbaycana dəvət edib.
Modern.az