Cozef Bayden ABŞ-ın 46-cı prezidenti seçildi.
Modern.az xatırladır ki, yekun nəticələri son ana qədər insanları intizarda saxlayan seçkilərdə demokrat namizəd Co Bayden və onun vitse-prezident postuna namizəd göstərdiyi Kamala Harris inamlı qələbə qazandılar.
Co Bayden Delaver ştatının Uilminqton şəhərində seçicilərlə görüşərkən özünün ailə üzvlərini ictimaiyyətə təqdim edib. O, seçicilərlə görüşə həyat yoldaşı Cill, övladları və nəvələri ilə birgə çıxıb.
Co Baydenin ümumilikdə, 4 övladı var. Onlardan 2-sinin taleyi faciəli olub. Oğlu Naomi 1972-ci ildə 1 yaşı olarkən qəzada həyatını itirir.
Baydenin ilk həyat yoldaşı Neyliya Milas də qəzaya düşüb. O, alış-veriş üçün 3 övladını da götürərək, yarmarkaya gedibmiş. Onların avtomobilinə yük maşını çırpılır.
Qəzada ana və qızı keçinir, Baydenin 2 oğlu – Bo və Hanter isə yaralanaraq sağ qalır.
Bo Bayden 2015-ci ildə beyin xərçəngindən keçinib. 2007-2015-ci illərdə Delaverin baş prokuroru olan Bo ştatın qubernatoru postuna iddialı idi. Lakin qəfil aşkar edilən xəstəlik ona bu imkanı vermədi. Bo Baydenin Heyli adlı yoldaşı və 2 övladı var.
Baydenin hüquqşünas təhsili almış digər oğlu Robert Hanter isə öz qalmaqalları ilə məşhurdur. Belə ki, onu Çinə məxsus BHR Partners bankında çalışdığı illərdə rəsmi Pekinin lobbi maraqlarını müdafiə etməkdə, həmçinin, 2014-cü ildə Ukraynanın “Burisma Holdinq”in Direktorlar Şurasının üzvü olduğu illərdə korrupsiya fəaliyyətində ittiham edirlər. Amma araşdırmalar onun bu qanunsuz əməllərini sübut edə bilməyib.
Bununla belə, Hanterin vaxtı ilə narkotik aludəçisi olması hər kəsə məlum faktdır.
“Qulaq asın, hər kəs ağrı ilə üzləşir. Hamının travması var. Hər ailədə aulədiçilik var. Mən zülmət tuneldə olmuşam. Siz bununla necə yaşamalı olduğunuzu müəyyən etməlisiniz”- deyə Hanter Bayden açıqlama vermişdi.
Bundan başqa, Hanter Baydenin 2016-2019-cu illərdə qardaşı Bonun dul qalmış arvadı Heyli ilə sevgi münasibətlərinin olduğu ictimaiyyətə məlumdur. Qardaşı arvadı ilə sevgili olmazdan qabaq, Hanter Bayden Keytlin Bule adlı qadınla evli olub.
2019-cu ildə Arkanzas ştatından olan Aleksis adlı qadın Roberts Hanterdən övlad dünyaya gətirdiyini söyləmişdi. 2020-ci ilin yanvarında məhkəmə onun həmin qadına aliment ödəməsi barədə hökm çıxarmışdı.
Hazırda Hanter Bayden əslən Cənubi Afrika Respublikasından olan Melissa Koenlə izdivacdadır. Bu onun ikinci nikahıdır.
1981-ci ildə Co Baydenin Cill Baydenlə nihakından dünyaya gələn Eşli Bayden isə qardaşı Hanterdən fərqli olaraq, ABŞ cəmiyyətinin nümunə vətəndaşlarından biridir. Adı heç zaman qalmaqallarda hallanmayan Eşli anası kimi kollecdə dərs deyib və ilk əmək fəaliyyətinə sosial işçi kimi başlayıb.
Uşaq yaşlarından sosial ədalətsizlik və qeyri-bərabərliyə qarşı mübarizə apardığını deyən Eşli hazırda Delaver ştatında Ədalət Mərkəzində işləyir. Burada o, keçmiş məhkumların adi həyata adaptasiya olunmasına çalışır.
2012-ci ildə o, tibb işçisi Hovard Kreynlə evlənib. Cütlüyün hələ ki övladı yoxdur.
Ümumilikdə, Co Baydenin 7 nəvəsi var. Hanter Baydenin ilk nikahdan Naomi (26 yaşı var, may ayında Kolambiya hüquq məktəbini bitirib), Finneqan və Meysi adlı qızları, Melissa Koenlə nikahdan adı və cinsi açıqlanmayan övladı və Arkanzas ştatının sakini Aleksisdən olan daha bir övladı var. Gələcək ABŞ prezidentinin daha 2 nəvəsi isə mərhum Bo Baydendən yadigar qalan Natali adlı qız və Robert Hanter Bayden II adlı oğlandır.