”Buna baxmayaraq xaricdən kartof idxalının qarşısını ala bilmirik”
Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Sabir Vəliyev Modern.az saytına açıqlamasında Azərbaycana xarici ölkələrdən gətirilən kartof məhsulunun keyfiyyətsizliyindən danışıb.
Son üç ayda ölkəyə 16 min ton kartof gətirildiyini deyən şöbə müdiri ilin sonuna kimi bu rəqəmin artacağını da proqnozlaşdırıb. Onun sözlərinə görə, xaricdən kartof idxalının qarşısını ala bilmirlər:
“Çünki bunu ölkəyə iş adamları gətirir. Azərbaycan özünün kartofa olan tələbatını daxili istehsal hesabına kifayət qədər ödəsə də, yenə də bu məhsul idxal olunur. Amma belə məhsullara bazarda yer olmur. Hər il ölkədə 66-67 min hektar kartof əkilir. Tələbatımız 400 min ton olsa da, tələbatdan təxminən 1,9 dəfə artıq, təxminin 900 min tona yaxın məhsul əldə edilir”.
Ölkəyə gətirilən xarici kartofların keyfiyyətindən narazılıq edən nazirlik rəsmisinin sözlərinə görə, Azərbaycana əsasən Türkiyə və İran kartofu idxal edilir.
Bazarda bu kartoflara yer olmadığını etiraf edən S.Vəliyev onların əsasən heyvandarlıq yemi üçün yararlı olduğunu vurğulayıb:
“Elə vaxt olur ki, ölkəyə 10-20 min, hətta 50 min ton kartof gətirilir. Bəzi işbazlar xaricdən gətirilən kartofu Gədəbəy adı ilə bazara çıxartsalar da, alıcıların əksəriyyəti bunu tanıyırlar. Əslində belə kartofları istehlakçıların hamısı tanımalıdırlar”.
Məhsuldarlığı yerli istehsal hesabına artırmaq məqsədilə toxumçuluğun inkişafına dair yeni layihə hazırlandığını deyən şöbə müdiri Hollandiyadan, Polşadan yeni kartof toxumlarının gətirildiyini söyləyib. O, bildirib ki, bu toxumlar artıq fermerlərə paylanıb. Hətta yeni toxumlar artıq öz məhsuldarlığını göstərib. Beləki, bu toxumlarla 10 ton kartof yetişdirilib.
Gültəkin Ələsgər