Azərbaycan Respublikasına qarşı döyüş əməliyyatlarında Ermənistan tərəfindən tək və ya qrup şəklində iştirak edən bəzi muzdluların ad və soyadları, vətəndaşları olduqları ölkələrin siyahısı açıqlanıb.
Modern.az-ın məlumatına görə, bu barədə Baş Prokuror Kamran Əliyev BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Mişel Baçeletə ünvanladığı məktubda məlumat verib.
K.Əliyev bildirib ki, əməliyyatlarda Fransa vətəndaşları - Artur Ohanisyan, ASALA terror təşkilatının üzvü Gilbert Minasyan (onunla birlikdə adları istintaqa məlum olmayan 15 nəfər şəxs), “Zouaves Paris” ekstremist qrupunun lideri Mark de Kakkerey – Valmenir, Gürcüstan vətəndaşlığından artıq məhrum edilmiş Vaaqn Çaxalyan, İran İslam Respublikasının vətəndaşı Harmik Hovsepiyan, Belarusiya vətəndaşı Serov Sergey Valeriyeviç, ABŞ vətəndaşı Aruşan Badasyan və digərlərinin muzdlu kimi döyüş əməliyyatlarında iştirak etmələri məlum olub.
Baş prokuror əlavə edib ki, həmçinin, Ermənistan işğalından azad edilən ərazilərə baxış keçirilən zaman aşkar edilən 2 meyit üzərində muzdluların etnik mənşəyini sübut edən işarələr aşkar edilib və bu qeyd edilən digər faktlar muzdluların iştirakını bir daha təsdiq edir.