Eyyub Hüseynov: “Marketlərin üzərində işğal olunmuş rayonların adlarının yazılması ucuz vətənpərvərlikdən irəli gəlir”
Hər birimizin gündəlik alış-veriş etdiyi yerlərdən biri də marketlərdir. Burada satılan məhsulların əksəriyyəti eyni olsa da, hər market ad baxımından bir-birindən fərqlənir. Bəzi hallarda sahibkarlar, marketlərə doğmalarının adlarını, bəziləri rayon adlarını, digərləri isə xarici dildə istifadə olunan sözləri ad şəkilində verirlər. Bəs, mağazalara, marketlərə sərbəst şəkildə belə adların verilməsi nə ilə bağlıdır?
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Modern.az-a bildirb ki, ticarət qaydalarının 9-cu maddəsi ilə ticarət və xidmət obyektinin önündə, giriş qapısında onun adı, iş rejimi, məsuliyyəti barədə məlumatlar yerləşdirilə bilər. “Digər qalan məlumatların yerləşdirilməsi “Reklam haqqında” Qanunla tənzimlənir. Reklam fəaliyyəti haqqında qanuna ad qoyuluşu sərbəstdir. Bir məhdudiyyət var ki, mətnində, görünüşündə, səslənişində ümumi qəbul edilmiş əxlaq normalarına zidd olan sözlərin, müqayisələrin ifadələrin işlədilməsi qanunla yol verilmir. Bu, qeyri-etik reklam sayılır. Qorunan hüquqlarla bağlı isə müəyyən brendlərədən istifadə edən mağazaların həmin brenddən istifadəsi üçün istifadə hüququ olmalıdır. Əgər həmin brenddən mağazanın istifadə hüququ varsa, o zaman istifadə edə bilər”
Azad İstehlakçılar birliyinin sədri Eyyub Hüseynov isə qeyd edib ki, bu sahədə heç bir nəzarət yoxdur: “Bu barədə qanunvericilikdə heç nə yoxdur. Ona görə də yazırlar. Qanun qadağa etmədiyi üçün buna nəzarət edən də yoxdur. Sahibkar sahib olduğu müəssisəyə istədiyi adı da verə bilər. Xüsusi bir brend yaratmaq üçün yaxşı adların verilməsi qəbulediləndir. Ola bilər ki elə bir brend yaradılsın ki, 50-60 il həmin brend davam etsin. Marketlərin üzərində işğal olunmuş rayonların adlarının yazılması ucuz vətənpərvərlikdən irəli gələn bir ideyadır. Mənim otağımda Vaşinqtonda ermənilərin Şuşa lavaşı satması ilə bağlı bir plakat asılıb. Onun məndə etiketi də var. Ermənilər “Şuşa lavaşı” brendini yaradırlar. Burada isə Şuşanı verib, burada onun adını şadlıq evlərinə vermək ucuz vətənpərvərlikdən başqa heç nə deyil”, – deyə E. Hüseynov bildirib.
Nihadə Eyyubova