Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev AXCP sədri Əli Kərimlini mərhum Əbülfəz Elçibəyi qəsdən zəhərləməkdə ittiham edərək, onun cinayət məsuliyyətinə cəlb olunması üçün Baş Prokurorluğa müraciət ünvanlayıb. .
Modern.az-a açıqlamasında H.Hacıyev Baş Prokurorluğa göndərdiyi müraciətin əsassız olmadığını və Əli Kərimlinin Əbülfəz Elçibəyi zəhərləyərək öldürməsi ilə bağlı əlində ciddi faktlar olduğunu bildirib. Onun sözlərinə görə, artıq faktla bağlı Baş Prokurorluq tərəfindən gələn həftədən başlayaraq araşdırma aparılacaq.
“Mən iki həftə bundan öncə rəsmi şəkildə baş prokuror Zakir Qaralova müraciət etdim. Müraciətimdə də bildirmişəm ki, Əbülfəz Elçibəy ad günündə Əli Kərimli tərəfindən zəhərlənib. Bu barədə məndə çox ciddi faktlar var. Rəhmətlik Elçibəy də xəstə olanda mənə bu barədə danışıb.
Gələn həftənin birinci günü Bakı şəhər Prokurorluğuna çağrılmışam, bu istiqamətdə araşdırma aparılacaq. Əlimdəki faktlarla Əli Kərimli həbsə gedənə qədər mübarizə aparacağam. Onun bu əməlini başlı-başına buraxmayacağıq”, - deyə H.Hacıyev qeyd edib.
H.Hacıyev hətta, mərhum eks-prezidentin məzarının açıla biləcəyini də vurğulayıb. O, qeyd edib ki, faktın təsdiqini tapması üçün istintaq orqanlarının razılığı ilə Elçibəyin məzarı açıla bilər:
“Əlimdə cinayətlə bağlı çox ciddi faktlar var. Şahidlərim də var. Onlar da prokurorluqda dindiriləcəklər. Elçibəyin mühafizəçiləri də bu məsələdə şahidlik edəcəklər. Bəzi faktlar var ki, mən prokurorluqda onları göstərəcəm. Elçibəy mənim ən yaxın silahdaşlarımdan idi. Mən onun ölüm səbəbini aşkar etməsəm, onun yanına çox pis sifətdə gedərəm”.
Bir müddət öncə müxalifət partiyaları ilə birləşmək, yaxın təmasda olmaq istədiyini deyən H.Hacıyev sonradan bu təklifinin nə üçün reallaşmamasından danışıb. Onun sözlərinə görə, İsa Qəmbər və Əli Kərimli onun müxalifətin birliyinə qoşulmasına razılıq verməyiblər.
“Mən mövqeyimi dəyişmədim. Bu məsələ ilə bağlı dəfələrlə Pənah Hüseynlə əlaqə saxladıq. O bu məsələni İctimai Palatanın Koordinasiya Şurasında da qaldırdı. İclasda Əli Kərimli və İsa Qəmbər mənim onlara qoşulmağımla bağlı demişdilər ki, “hələlik heç nə deyə bilmərik, sonra baxaraq”. Onlar özlərini elə apardılar ki, guya bunlar hakimiyyətə gəliblər, biz də qıraqda qalıb pay umuruq. Mən Azəarbaycanın milli maraqları naminə bir yerdə olmağı arzu edirdim. Mən təklif etdim ki, gəlin ayrı-seçkilik salmayaq hamımız birləşək. Onlar buna imkan vermədilər. Bu baxımdan da birləşmək təklifim alınmadı”.
Anar RÜSTƏMOV