Partiya funksioneri: “Biri mənəm, digəri Zahid Oruc”
Jurnalistlər çox zaman müxtəlif dövlət qurumlarının özləri, istərsə də rəhbərlikləri ilə əlaqə saxlamaqda çətinlik çəkirlər. Son zamanlar bu sahədə aparılan araşdırmalar nəticələrindən bəlli olur ki, getdikcə jurnalistlərə açıq olan dövlət qurumlarının sayı azalır. Eyni zamanda partiya funksionerləri…
Bəs jurnalistlər hansı nazirləri və ya nazirlikləri, eyni zamanda partiya funksionerlərini özlərinə daha yaxın, özlərinin dostu hesab edirlər?
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidməti və nazir Əli Abbasov jurnalistlərə daha yaxındır. Partiya funksionerlərinə gəlincə isə o, siyasi qurumlar arasında qapalı liderlərin olmadığını qeyd edib. “Zənnimcə jurnalistlərə günün bütün saatlarında açıq olan 2 partiya funksioneri var. Onlardan biri mənəm, digəri isə Zahid Oruc”.
“Mediaforum.az” saytının əməkdaşı Hikmət Sabiroğlu Azərbaycanda jurnalistlərlə normal münasibətdə olan dövlət orqanlarının rəhbərlərinin olduğunu, lakin jurnalistlərin dostu olanları tanımadığını deyib. “Azərbaycanda jurnalistlər dövlət əhəmiyyətli tədbirlərdə nazirləri tapıb ayaqüstü suallar götürürlər. Ancaq adi vaxtlarda nazirlərdən müsahibə götürən media orqanları olduqca azdır və demək olar ki, yoxdur. Biz 2004-cü ildən fəaliyyət göstəririk, bu müddət ərzində bir dəfə kənd təsərrüfatı naziri İsmət Abbasovdan müsahibə götürmüşük. Qalan strateji əhəmiyyətli dövlət orqanlarının rəhbərlərindən istər iqtidar, istər müxalifət qəzetlərinin müsahibə götürməsi mümkün deyil. Bəzi dövlət orqanları da var ki, onların mətbuatla işləyən strukturları yaxşı çalışır, operativ işləyir, saytları tez-tez yenilənir. Amma elələri də var ki, onlarla əlaqə yaratmaq olduqca çətindir. Hər halda əksər dövlət qurumları mətbuata qapalı və ya yarım qapalıdırlar”.
H. Sabiroğlu partiya funksionerlərinin jurnalistlərlə münasibəti baxımından heç bir problem olmadığını qeyd edib. “İstər iqtidar, istər müxalifət mətbu orqanların nümayəndələri onlarla daim əlaqə saxlaya bilir. Bu sarıdan heç bir problem yoxdur”.
“New Baku Post” qəzetinin əməkdaşı Fərəh Sabirqızı hansı dövlət qurumların mətbuat xidmətlərinin açıq olması haqqında suala bütün həmkarlarının eyni cavab verəcəyinə inandığını bildirib. “Mən işlədiklərim arasında jurnalistlərə açıq dövlət qurumlarından Ekologiya və Təbii Sərvətlər, Xarici İşlər, Daxili İşlər, Vergilər, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Dini Qurumlarla İş üzrə və Diasporla İş üzrə Dövlət komitələrinin adlarını çəkmək olar. Bəzi dövlət orqanları da var ki, onlardan nisbətən gec də olsa informasiya almaq olur. Məsələn, Təhsil, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, bir sıra dövlət komitələri və s. bura daxildir.
Elə dövlət qurumları da var ki, onlardan ümumiyyətlə məlumat almaq olmur. Məsələn, Fövqəladə Hallar Nazirliyi, bütün paytaxtı idarə edən Bakı şəhər İcra Hakimiyyətindən sonuncu dəfə informasiya aldığımı xatırlamıram. Yalnız təsadüfən bir neçə dəfə bu qurumların mətbuat xidmətləri rəhbəri ilə danışmışam”.
Partiya funksionerlərinə gəlincə isə jurnalist bu haqda heç bir şey demək istəmədi.
“Üç nöqtə” qəzetinin baş redaktorunun müavini Şahin Əliyev bildirib ki, onlar əsasən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, İqtisadi İnkişaf Nazirliyi, Daxili İşlər Nazirliyi, Baş Prokurorluqdan rahat məlumat ala bilirlər.
“Müdafiə Nazirliyi ilə danışmaq olduqca çətindir. Hansısa hadisə olur, gün ərzində məlumat öyrənməyə çalışsan da, heç nə əldə edə bilmirsən. Məlumatı olduqca gec verirlər və həmin gün heç nə verə bilmirik, məcburən səhəri günə qalır”.
Partiya funksionerlərinə gəlincə isə Ş.Əliyev onların heç birini özünə yaxın hesab etmədiyini deyib. “Ümumiyyətlə, siyasətlə məşğul olanlara qarşı antipatiyam var. Onların nə jurnalistlərə, nə cəmiyyətə, nə ölkəyə xeyri olduğunu düşünmürəm, buna görə də onların heç birinə rəğbət bəsləmirəm”.
“Yeni Müsavat” qəzetinin redaktoru Azər Ayxan qeyd edib ki, Azərbaycanda mətbuata açıq olan, jurnalistlərin suallarını birbaşa cavablandıran nazir demək olar ki, yoxdur.
“Heç onları jurnalistlərin dostu da saymaq mümkün deyil. Nazirlərimizi özümüzə necə dost saya bilərik ki, hazırda “Yeni Müsavat” qəzeti dörd nazir və onlara yaxın fiziki və hüquqi şəxslər tərəfindən məhkəməyə verilib. Və üst-üstə onların barəmizdə bir neçə milyonluq məhkəmə hökmü var. Amma bir neçə nazirliyin mətbuat xidmətləri var ki, onlar mətbuatla normal işləyir. Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nəqliyyat Nazirliyi jurnalistlərin sorğusuna çevik və ətraflı cavab verir”.
A.Ayxan müxalif siyasi partiyaların sədrlərinin və funksionerlərinin mətbuatla problemsiz işlədiyini bildirib. “Amma "Yeni Müsavat" olaraq YAP rəhbərliyində təmsil olunan şəxslərlə çevik və ardıcıl əlaqə saxlayıb, onların istənilən mövzu ilə bağlı fikirlərini, mövqelərini öyrənə bilmirik. Lakin Aydın Mirzəzadə arada-sırada bizim müxbirlərə müsahibə verir. İqtidara yaxın partiyalardan ən yaxşı münasibətdə olduğumuz və bizim bütün növ suallarımızı cavablandıran Ana Vətən Partiyasıdır. İstər Fəzail Ağamalı, istərsə də Zahid Oruc “Yeni Müsavat”la normal əməkdaşlıq edir”.
“Olaylar” İnformasiya Agentliyinin redaktoru Elman Cəfərlinin fikrincə, dövlət qurumlarından mediaya daha çox açıq olanı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, qismən Təhsil Nazirliyidir. “Mətbuatla daha sıx işləyən Bakı Şəhər Yol Polisinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədovdur. Onu jurnalistlərin dostu hesab edirəm. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat katibi Müşfiq Əmirov, Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Elman Babayev, Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev, Dövlət Dəmiryolu İdarəsinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov mətbuatın və jurnalistlərin dostlarıdır”.
Partiya funksionerlərinə gəlincə, o, KXCP-dən Mirmamud Mirəlioğlu, Zəlimxan Məmmədli, Xəzər Teyyublu, Ədalət Tahirzadə, Elman Türkoğlu, ADP-dən Zakir Hüseyn, Nurəddin İsmayıl, Müsavatdan Hüseyn Məlik, AXCP-dən Həsən Kərimov, Mənsum Bayram, Ümiddən Nəsimi Məmmədli, Taleh Əliyev, VHP-dən Samir Əsədli, BQP-dən Cavid İsmayıl, YAP-dan Hüseyn Paşayev, Aydın Hüseynov, DADP-dən Məmməd Əlizadə, Ana Vətən Partiyasından Zahid Oruc, AXP-dn Hüseyn Behbudov, Milli Dirçəlişdən Fərəc Ulusoy, BAXC-dən Elçin Mirzəbəyli ilə çox yaxın dostluq münasibətlərinin olduğunu vurğulayıb.
“Şərq” qəzetinin əməkdaşı İzolda Heydərqızının sözlərinə görə, Daxili İşlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi ilə əlaqə yaratmaq asandır.
“Nəqliyyat Nazirliyi, Təhsil Nazirliyinin mətbuat xidmətləri isə işləmir, onlarla danışmaq qeyri-mümkündür. Partiya funksionerlərindən isə Sərdar Cəlaloğlu, Arzu Səmədbəyli, Fuad Qəhrəmanlı, Mirmahmud Mirəlioğlu, Qüdrət Həsənquliyevlə olmasa da, müavini Elçin Mirzəbəyli, Fəzail Ağamalı ilə əlaqə saxlamaq mümkündür”.
“Kaspi” qəzetinin əməkdaşı Elgün Mənsimov hesab edir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi jurnalistlərə çox açıqdır, istənilən vaxt zəng edib istədiyin məlumatı ala bilirsən.
“Daha sonrakı sıralarda Vergilər Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyini görürəm. Əlindən cana gəldiyim nazirlik isə Təhsil Nazirliyidir. Orada kimisə asanlıqla tapmaq mümkün deyil. Deyim ki, insanlarla davranışda da, nazirlik əməkdaşlarının problemləri var”.
O, partiya funksionerlərindən isə heç birini özünə yaxın hesab etmir, çünki onlarla elə də çox əlaqədə deyil.
“525-ci qəzet”in əməkdaşı Aqil Lətifov deyir ki, Təhsil Nazirliyinin özü açıq olmasa da Misir Mərdanova çıxmaq asandır.
“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mədəniyyət və Turizm Nazirliyi (istər nazirin özü, istər nazirlik) Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi ilə əlaqə qurmaq asandır. Bunlarla daim əlaqə qurmaq asandır. Partiyaların isə hamısı ilə istənilən vaxt danışmaq olur, yəni əksəriyyətini istənilən vaxt tapıb müsahibə almaq olur”.
APA-dan Kəmalə Quliyeva: “Sahələr üzrə nazirliklər, komitələr komissiya rəhbərləri ilə yaxın əlaqələrim var. Bu mənada gənclər və idman naziri Azad Rəhimov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, təhsil naziri Misir Mərdanov, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Müəllif Hüquqları Agentliyinin rəhbəri Kamran İmanov – bunları özümə daha yaxın hesab edirəm. Partiya funksionerlərindən isə heç biri ilə işləmədiyim üçün məlumatlı deyiləm”.
Aytən Əliyeva