Modern.az

Azərbaycanda yeni Dövlət Agentliyi yaradıldı

Azərbaycanda yeni Dövlət Agentliyi yaradıldı

13 İyul 2012, 23:49

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması və dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Modern.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasının, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsinin, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinin, vətəndaş məmnunluğunun təmin olunması, dövlət orqanları tərəfindən göstərilən xidmətlərin təkmilləşdirilməsi, elektron xidmətlərə keçidin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılacaq.

Prezidentin sərəncamına əsasən, yeni Dövlət Agentliyi xidmət mərkəzlərinin vahid şəkildə idarə edilməsini, xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, nəzarət və qiymətləndirmənin aparılmasını, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini təmin edən dövlət orqandır.

Sərəncamda göstərilib ki, yeni qurum dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən “ASAN xidmət” mərkəzləri yaradılacaq.

 Xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında, yaşayış yeri üzrə qeydiyyatından asılı olmayaraq bütün vətəndaşlar üçün və təqvimin bütün günlərində həyata keçirilməsi nəzərdə tutulub.

Həmçinin vətəndaşların bilavasitə, telefon və ya internet vasitəsilə müraciətləri əsasında, səyyar və digər üsullarla xidmətlərin həyata keçirilməsi, fəaliyyət göstərəcək dövlət orqanlarının əməkdaşları üçün etik kursların təşkili, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə bacarıqlarını inkişaf etdirən müxtəlif treninqlərin həyata keçirilməsi yeni Dövlət Agentliyinə həvalə edilib.

Modern.az

 

Sizə yeni x var
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış