Azərbaycan İslam Partiyasının sədr müavini Vaqif Abdullayev həbsxanada vəfat etdikdən sonra onun yerinə kimin təyin ediləcəyi sual doğurur. Modern.az mərhum sədr müavinini kimin əvəz edəcəyini dəqiqləşdirmək üçün partiyanın sədr müavini Rövşən Əhmədovla əlaqə saxlayıb.
O, hazırda V.Abdullayevin 3 mərasiminin keçirildiyini və mərhumun yerinə sədr müavini olaraq kimin müəyyən edilməsinin gündəmdə olmadığını bildirib.
“Bu gün mərhum Vaqif Abdullayevin 3 mərasimidir. Biz hazırda yas mərasimində olduğumuza görə, bu məsələ ilə bağlı fikir mübadiləsi aparmamışıq. Həmçinin qeyd edim ki, İslam Partiyasına sədr müavinini ayrı-ayrı xətlər deyil, birbaşa partiya sədrinin təqdimatı ilə seçilir. Partiya sədri hazırda həbsdə olduğu üçün bu məsələnin tezliklə gündəliyə gətiriləcəyi gözlənilmir”-, deyə R.Əhmədov vurğulayıb.
Qeyd edək ki, 11 il müddətinə azadlıqdan məhrum edilən Azərbaycan İslam Partiyasının sədr müavini Vaqif Abdullayev iyulun 12-də Penitensiar Xidmət İdarəsinin Müalicə Müəssisəsində vəfat edib.
Anar RÜSTƏMOV