Bu gün yerli mətbuatda Lənkəran şəhərində yerləşən “Palıdlı sahil” istirahət mərkəzində kütləvi zəhərlənmənin olması haqda məlumat yayılıb. Məlumatda bildirlib ki, istirahət üçün həmin məkana gələn qonaqlardan bir neçəsi günorta yeməyindən sonra zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Modern.az saytının Lənkəranda olan əməkdaşı məsələni araşdırmaq üçün “Palıdlı sahil” istirahət mərkəzinə gedərək, obyektin rəhbərliyi və eləcə də əməkdaşları, burada dincələn qonaqlarla söhbətləşib. Onlar məlumatın yalnış olduğunu və müştərilər arasında qida zəhərlənməsinin baş vermədiyini vurğulayıblar.
“Palıdlı sahil”in rəhbərliyi bildirib ki, hazırda istirahət mərkəzində 150-dən çox qonaq dincəlir: “Kimsə mətbuata yanlış məlumat yayıb. Olmayan hadisə barədə nə danışaq? Turistlər buradakı xidmətin səviyyəsindən razıdırlar, heç bir zəhərlənmə faktı qeydə alınmayıb”.
Məlumata görə, hazırda obyektdə 150-dən çox turist dincəlir. Yaxın günlərdə yerləri sifariş edən turistlərin sayı bir qədər də artacaq.
Anar Rüstəmov