Azərbaycana Ukrayna, Belarus kimi ölkələrdən salmonellyoz xəstəliyinin təhlükəsi olan yumurtaların gətirilməsi barədə məlumatlat yalandır. Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat xidmətindən Modern.az-a bildirilib ki, bir sıra kütləvi informasiya vasitələrində Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyevə istinadən yayılan belə məlumatların əsası yoxdur.
”Məlumatda vurğulanır ki, gətirilən yumurtalar yoxlanılmadan ölkəyə idxal olunur. Deyilən fikirlərin və yayılan bu məlumatın heç bir əsası yoxdur və qəbuledilməzdir. İlk öncə onu qeyd edək ki, dövlət baytarlıq nəzarətində olan yüklərin ölkəyə idxalı zamanı yükü ixrac edən ölkənin epizootik durumu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) rəsmi məlumatı əsas götürülür. Gətirilən yük "Qurudayaşayan Heyvanların Sanitar Məcəlləsi"nin təblərinə uyğun olaraq baytarlıq sertifikatı, keyfiyyət vəsiqəsi və s. baytarlıq sənədləri ilə müşayiət olunur. Sözügedən sənədləri imzalayan dövlət baytarlıq xidməti orqanları bu sənədlər üçün məsuliyyət daşıyırlar. Eyni zamanda bildiririk ki, salmonellyoz xəstəliyinin təlimatına əsasən ölkənin hər hansı təsərrüfatında xəstəlik baş verərsə bu zaman məhdudiyyət ölkəyə yox, yalnız xəstəlik baş vermiş təsərrüfata tətbiq edilir. Odur ki, Ukraynadan ölkəmizə idxal olunan yumurta salmonellyoz baş vermiş təsərrüfatdan deyil, sağlam təsərrüfatdan (ərazilərdən) idxal edilir. Həmçinin qeyd etməliyik ki, Ukraynadan gətirilən mətbəx yumurtasından götürülən nümunələr dövlət tərəfindən akkreditə olunmuş Respublika Baytarlıq Laboratoriyasında baytarlıq-sanitariya ekspertizasından keçirilmiş və salmonellalar mövcud olmamışdır. Odur ki, yoxlanılan nümunələr baytarlıq-sanitariya cəhətdən yararlı olmuşdur”.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyevin mətbuat orqanlarında "ekspert" qismində çıxış etməsindən, onun heç bir fakta, dəlilə söykənməyən fikirlər söyləməsindən, eləcə də bəzi mətbu orqanların birtərəfli olaraq bu "fikirlərə" öz səhifələrində yer ayırmasından təəssüflənir.
“Baytarlıq-sanitariya tədbirləri ilə bağlı bu və ya digər fikirlər yürüdən insanlara, bu sahənin spesifikliyindən xəbəri olmayan mətbuat orqanlarına məsləhət bilirik ki, bu sahəyə mümkün qədər həssas, məsuliyyətlə yanaşsınlar, çünki onların hər biri Azərbaycan baytarlıq xidmətinin nəzarət etdiyi sağlam məhsullarla qidalanırlar. Bir daha qeyd edirik ki, verilən bu məlumatın heç bir əsası yoxdur, ölkəmizə sağlamlığı şübhə doğuran heç bir heyvan və heyvan mənşəli, eləcə də quş və quş məsullarının gətirilməsinə icazə verilmir və respublikaya gətirilən bu məsullar Respublika Baytarlıq Laboratoriyasında müayinə edilmədən onun istifadəsinə icazə verilmir”.
Modern.az