Modern.az

Sadə peşəkar - Papaqçı: “Heydər Əliyevlə bağlı film üçün 30 papaq tikdim” - PROJE

Sadə peşəkar - Papaqçı: “Heydər Əliyevlə bağlı film üçün 30 papaq tikdim” - PROJE

Reportaj

16 İyul 2012, 17:00

Üç elmi, iki sənəti olan Usta Kamillə söhbət

Əbəs yerə deməyiblər ki, kişinin atı, arvadı, bir də papağı onun namusudur. Hətta bəy, xan dövründə belə bəylər namusları saydıqları papaqlarını bir azda hörmətə mindirmək məqsədi ilə teatra gedəndə bir yer özləri üçün götürürdülərsə, digər ikinci yeri də ayrıca papaqlarını qoymaq məqsədi ilə sifariş edirdilər. Amma indi nə zəmanə o zamanədir, nə də insanlar həminkidir. Elə “Sadə peşəkarlar”ında budəfəki müsahibi vaxtı ilə namus saydığımız papağımızı tikib ərsəyə gətirən papaqçı Kamil ustadır. Modern.az saytı onunla söhbəti təqdim edir.

Əvvəlcə telefonda bizimlə söhbətləşməyə vaxtının olmadığını deyən Kamil dayı mənə başqa yol qoymadığından bir başa işlədiyi emalatxanaya getməli oldum. Elə təzəcə çatıb özümüzü təqdim etmişdik ki, usta elə bil ki, telefondakı adam deyildi. Ürəyi açıldı nə açıldı.

Sən demə Kamil kişi bu müştərilərin əlindən əməlli-başlı cana-boğaza yığıbmış. Deyir ki, papaqçını da, bazarda satıcılıq edən alverçi yerinə qoyublar. Biri qiymət endirir, biri deyir ki, nisyə yaz, gələn dəfə verəcəm, digər müştəri isə bir həftə adına papaq alıb pulunu bir ilə gətirib vermir. Necə deyərlər ustanın da matı-mutu quruyub, çaşıb qalıb ki, görəsən zəmanə dəyişib, yoxsa insanlar.

“Müştəri gəlib soruşur ki, bu papaq neçəyədir? Deyirəm ki, 10 manata. Deyirlər, usta, yaxşı tik, 12 manat verəcəm. Elə ki, tikib qurtarırsan deyir ki, yox e, 5 manat verirəm. Sənətkara çıxardıb 2 manat artıq pul verərlər ki, o da yaxşı tiksin. Sənətkar 3 manata alıb 5 manata satan alverçi deyil.

Bir dəfə yaşlı bir kişi dedi ki, bir həftəyə pulunu verirəm. O gedən getdi. Üstündən bir ay keçdi ki, biri gəldi ki, papağı tik, bəs 2-3 günə pulunu çatdıracam. Papağı apardı pul gəlmədi. Daha bir ay keçdi biri gəldi nisyə istədi. Dedim yox e, bu səfər keçəl suya getməz. Bilirsiz mənə nə dedi? – “Dayıcan, sən gəl bir dəfə də məni sına”. O sınayan bu sınayan. Desin ki, yoxumdur tik, mən də tikərəm. Daha aldatmaq nəyə lazım?!”.

Ustanı əsəbləşdirən isə kişilərin çoxunun başı açıq gəzməsidir.

“Bizdə onsuz da bu saat heç kim papaq geyinmir. Başı açıq gəzirlər. Əsl müsəlman papağı süleymanidir. Kiçik toyda da, böyük toyda da bu papaqdan başlarına qoya bilərlər. Bu bizim milli papağımızdır. Cuhudlara baxırsan ki, girdə araqçınları, hətta prezidentləri götürüb qoyur başına. Özbəklərin, əfqanların hamısının öz milli papağı var. Milli geyimi gərək itirməyəsən. Bizimkilər hava soyuyur, əskiləri, torbaları  keçirdirlər başlarına. 15-20 ildir ki, belə mallar çıxıb. Keçmişdə elə geysəydik, ələ salardılar. O vaxtlar başlarına ya kepka, ya papaq qoyardılar .”


Kamil dayıdan soruşdum ki, ay usta bəs sən hansı papaqdan qoyursan başına? Usta dedi ki, adi günlərdə kepkadan istifadə edirsə, məclisə-toya gedəndə əsl quzu dərisindən tikilmiş papaqdan istifadə edir.
“Neçə ildir bu fason geyinirəm. Usta da gərək ən yaxşısından geyinsin də. Yaxşı dəri də çox bahadır.

Yaxşı dəri sür dəridir. Məsələn, qaragül dərisi çox yaxşıdır. Özü də ki burada olmur, Türkmənistandan gətirilir. Orada quzuları doğulan kimi kəsirlər ki, anası yalamasın. Dərini yalasa gülü açılar olar elə çoban papağı. Dəridəki güllərin naxışı nə qədər çoxdursa bir o qədər yaxşıdır. Gülləri sıx olduqda yaxşı olur.

Dərinin özü elə 120-130 manatadır. Bu dərilərin papağı da 180-200 manata satılır. Yaxşı dəri olsa, kim almaz. Mən tutaq ki, 100 manat götürdüm verdim dəriyə. Biri gəlir deyirsə mən bunun naxışını belə istəmirəm, belə olsun. Parça deyil ki, kəsəsən. Quzudur, biri naxışlı, biri alagöz, biri çatmaqaş doğulur. Xanəndə Ağaxan Abdullayevin başındakı papağın naxışı qara gedir. Quzu onu rəngləməyib ki? Əvvəllər dərilər fabrikdə boyanırdı. İndi nə fabrik var, nə də bu işin sənətkarı.  

Ən yaxşı dəri əntiq dəridir. Bizdə əntiq dəri yoxdur. Gərək gəlsin ki, alım. Götürüb 120 manat dəriyə verirəm. Müştəri gəlir deyir bunun rəngi bir açıqdır mən tünd istəyirəm. O zamanda aldığım dəri də batır, pulum da. Amma özüm şabalıdı rəngləri xoşlayıram. Çünki o rənglər parıldayır. Çeçenlərin başındakı papaqlar əsl əntiq dəridəndir. Daha sonra dərilər  iri güllü olur, xırda gülü olur. Xırda gül dərilər mənim özlüyümdə yaxşı deyil. Yaxşı olar ki, papaq iri güllü dəridən tikilsin.”


Kamil dayı təkcə nisyə alan, pulunu kəsən müştərilərdən narazılıq etmədi. Hal-hazırda tikdiyi papaqların yaxşı satılmamasından da şikayətləndi.

“Qabaqlar keçmiş Basin küçəsində papaqçıların 15 dükanı var idi. Heç kim də başı açıq gəzməzdi. Novruz bayramında papaq satdığımız bütün mıxlar boşalardı. Bomboş olurdu. Yaz, yay, qış hamının başında papaq olurdu. Amma indi havalar soyuyan kimi əskidən keçirdirlər başlarına. Hal-hazırda papaq yaxşı satılmır”.

Dedim ki, usta, yəqin ki, bu papaqları tikmək heç də asan məsələ deyil. Papağın biri neçə günə başa gəlir?

“Biri var papaq, biri də var kepka. Papaq gündə bir dənə tikərəm. Kepkanı gün ərzində 3 dənə tikmək olar. Kepkalar qış, yaz, yay üçün olur. Material kimi isə drap, kaşmirdən istifadə edirəm. Yerli camaat təzə şapkalardan istifadə etmir, yalnız tikilmə şapkalardan geyinirlər. Bakının  kəndlərində kepkanı hətta yazda da qoyurlar başlarına”


Kamil dayı bir çox kişilərin ən yaralı yeri olan məsələyə də aydınlıq gətirdi. Bildirdi ki, saç tökülməsi heç də kepkadan deyil.
“Birincisi, bu, nəsildən asılıdır. İkinci, gərək başı tez-tez qırxasan ki, hava alsın. Həmçinin gərək tez-tez qaşıyasan”.

Söhbətimizin bu yerində Kamil dayının qəfil sualı və mövzunu tamamilə başqa istiqamətə yönəltməsi düzünü desəm məni çox təəccübləndirmişdi. Elə bil ki, Kamil usta telefonda bizimlə acıqlı danışan adam deyildi və illərdir bizi tanıyırdı. Və o qədər tanıyırdı ki, hətta başı bəlalı sevgisindən də danışmaqdan belə çəkinmədi.

- Ay qızım, mənim neçə yaşım olar?

- Yəqin ki, 60.

- Düz tapmadın, 80 yaşım var. Cavanlığımın səbəbini deyimmi sizə?

- Buyur, ay usta.

- Aşıqlıq, rəssamlıq kimi məhəbbət də elə bir şeydir ki, hər adama verilmir. Kimin ki, məhəbbəti var, sevir, o cavan qalır. Aşıq Pənah havayı yerə deməyib ki, “sevgi sevən mərd olar, sevməyən namərd olar. Sevərsən ayrılarsan, bax bu yaman dərd olar".
Evli ola-ola 25 il axtarmışam sevdiyim qızı. İnsan evli olsa da, hər necə yenə də sevgisini axtarir.

Amma bizim mövzumuz sevgidən yox, papaqçılıqdan olduğuna görə usta ilə bu mövzuda söhbətimiz çox da uzun çəkmədi. 

Həmişə məni maraqlandıran bir suala da cavab tapmaq məqsədi ilə soruşdum ki, bəs niyə molla papağına “moskviç” deyirlər. Kamil dayı ağzını açdı gözünü yumdu.
“Molla var belə geyinir, molla var salavatdan başqa heç nə bilmir, amma mollasayağı geyinir. Molla papağına da ona görə “moskviç” deyirlər ki, “M” hərfinə oxşayır. Yaxşı savadı, biliyi olan molla geyimə baxmaz, köhnə nə var, tapıb qoyacaq başına. Kimin ki, savadı-biliyi azdır, necə lazımdır mollaya aid geyinəcək”.

“Bu yaxınlarda “aerodrom papaq”lar da tikmişəm. Burdan Moskvaya gedənlər sifariş verirlər ki, bizə “aerodrom şapka”lar tik. Ölçüyə bu cür papaqların dəxli yoxdur, istəyir 53 sm olsun, əsas üstüdür. Bax elə “Balaqadeşin məhəbbəti”ndə rəhmətlik Hacıbaba Bağırov da bu şapkadan qoyub başına. Bakıdan Moskvaya gedənlər ona görə ondan qoyub ki, bilinsin ki, o, bakılıdır. Papaqların hündürlüyünün standart ölçüsü isə 12 sm-dir. Ziyalı olanlar isə deyir ki, 9-10 elə”.


Sən demə, 50 ildən çoxdur ki, usta bu işlə məşğul olsa da, heç bir şagird yetişdirməyib.

“Əsgərlikdən gələndən sonra bu işlə məşğul olmuşam. Mən şagird götürməmişəm. İndi öyrənmək istəyən yoxdur. İndikilər bilirsən nə istəyir? Gələn kimi 15-20 manat pul qazansın. Sənəti işləyə-işləyə oğurlayırlar. Metroda bəzən cavanlar qulaqlarında “nauşnik”lə dururlar, söz deyirsən, mal kimi baxırlar adamın üzünə. Kitab oxumur, qəzet oxumur, bilmir dünyada nə var, nə yox. İndi heç kim heç nə oxumur, hamısı qoyun kimidir. Sənətdən əlavə başqa şeylərdən də oxumaq lazımdır. “Vaqif” dramını 5 kərə oxumuşam.


Satdığım ən bahalı papaq 100 manat olub. Ən çox sifarişim isə bu yaxınlarda oldu. Heydər Əliyev haqqında çəkiləcək filmlə bağlı. 30-a yaxın “stalinka papaq” aldılar. “Revolyutsioner-cekist” papaqlarından tikdim.

Amma indi papaqçılıq  ölüb. Çünki başı açıq gəzirlər. Knopkalı, rəngli, 3 manata alıb satırlar 5 manata satılan kepkaları Türkiyədən, ordan-burdan gətirirlər. Kepkalar üçün kartonu da güclə tapırıq. Qabaq kartonlar var idi ki, necə möhkəm idi. İndi isə elə yumşaqdır ki, özümüz əlimizlə kəsirik. İndi qəliblərdən də yoxdur. Bu qəliblərin 20-25 il yaşı var”.

Ustanın övladları da papaq geymirlər, başı açıq gəzirlər. “Divardakı çarıqları görürsən, divara ona görə asıblar ki, keçmişini yaddan çıxartma. Geyinirsən “basanoşka”nı, yubkanı, şalvarı elə-belə, sən bununla gəlmisən Bakıya?”.

Xalis bakılı olan papaqçı deyir ki, papağın qoyulmasından da insanları tanıya bilir. “Elə adam var ki, elə kepka tikdirir ki, ondan bilirsən ki, bu adam lotudur. Bir şey var ki, hər adama hər şey yaraşmaz. Rusların bir mədəniyyəti var ki, çit də geyinir, yaraşdırır özünə. Amma bizimkilər elə geyinirlər ki, bir bax gör bu sənə yaraşır. Yaraşan şeyi geyinərlər. Dimdiyi balaca papaqları adətən yaşlılar daha çox istifadə edir. Bakının kəndlərində yaşayan cavanlar indi də bu papaqlardan alır”.

Onu da deyək ki, Kamil dayı “Ən böyük milli papaq” nominasiyası üzrə rekord qazandığı üçün Azərbaycan rekordçusudur.
“Bir neçə il bundan qabaq Novruz bayramında yekə bir papaq tikdim. “Lider” kanalı apardı. Ondan indi 3 dənə papaq çıxardı”.


Usta onu da deməyi unutmadı ki, bu sənəti seçərkən ailəsi tərəfindən əməlli-başlı danlanıb. Amma Nizami Gəncəvinin bir sözünü  unutmayıb ki, üç elmin olsun, iki sənətin.

Şahanə Rəhimli
Elçin Ağayev

Sizə yeni x var
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi