Azərbaycanda 2012/2013-cü tədris ili üçün orta məktəblərin və peşə liseylərinə müəllimlərin işə qəbulu üçün imtahanların keçirilmə tarixi açıqlanıb.
Modern.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, müıllimlərin işə qəbulu üçün elektron ərizə qəbulu iyulun 1-dən 15-dək aparılıb.
Bu il vakant yerlərə 16 195 nəfər ərizə verib. Bu ərizələr araşdırıldıqdan sonra onların bəzilərinin ləğv edilmə ehtimalı ola bilər. İyulun 19-20-də isə artıq namizədlərin "Şəxsi səhifələri"nə imtahanların keçirilmə yeri və tarixi haqqında məlumat veriləcək. imtahanların keçirilməsinə iyulun 23-dən başlanılacaq və avqustadək davam edəcək.
Ümumilikdə isə bu il 3270 vakant müəllim yeri üzrə müsabiqə aparılacaq. Onların 293-ü Bakı şəhəri, 2977-si isə respublikanın digər rayon və şəhərləri üzrədir. Vakant müəllim yerlərinin 48-i peşə liseylərinin payına düşür. Onların 16-sı Bakıdakı, 32-si isə respublikanın digər rayon və şəhərlərindəki peşə liseylərindədir.
Qeyd edək ki, 2010-cu ildən Azərbaycanda müəllimlərin işə qəbulu üçün müsabiqə üç mərhələdə keçirilir. Birinci mərhələdə müəllim kimi çalışmaq üçün işə qəbul olmaq istəyənlərin elektron ərizələrindəki göstəricilər qiymətləndirilir. Daha sonra namizədlər test imtahanı verirlər.Yekunda - üçüncü mərhələdə isə namizədlər müsahibədən keçirlər. Müsahibə Təhsil Nazirliyinin yaratdığı komissiya tərəfindən aparılır. Nazirlik ötən il orta məktəblərdə 2000-dən çox vakant müəllim yeri üzrə müsabiqə elan etmişdi.
Modern.az