Modern.az

Əsrimizin epidemiyası – ATEROSKLEROZ

Əsrimizin epidemiyası – ATEROSKLEROZ

16 İyul 2012, 10:32

 Ateroskleroz xroniki xəstəlikdir. Bu xəstəlik zamanı arteriyaların divarında lipidlərin və kalsium duzlarının toplanması və birləşdirici toxumanın inkişafı ilə əlaqədar damarların sərtləşməsi baş verir. Son nəticədə orqanizmdə qan dövranı pozulur.

Statistika. Artıq 30-35 yaşından sonra kişilərin 75, qadınların isə 38 faizində ateroskleroz aşkarlanır. 55-60 yaş arasında bu rəqəm 100 faizə yaxınlaşır.

Epidemiologiyası. Ateroskleroz – müasir dövrün ən çox yayılmış xəstəliklərindən biri hesab olunur. Avropa, Şimali Amerika ölkələrində nəzərəçarpacaq dərəcədə çox, Asiya, Afrika, Latın Amerikası ölkələrində isə əksinə, az rast gəlinir. Böyük şəhərlərdə çox, kənd yerlərində isə az təsadüf olunur. Kişilərdə çox, qadınlarda isə kişilərdən on il də gec olmaqla az rast gəlinir. Bu fərqlərin səbəbi həyat tərzinin müxtəlifliyidir, qidalanmanın xarakteri, məşğuliyyət növü, genetik xüsusiyyətlər, sinir-hormonal amillər və s. ola bilər.

Etiologiyası. Ateroskleroz polietioloji xəstəlikdir. Bu xəstəliyin inkişafına səbəb olan risk faktorları hiperlipidemiya (lipidin miqdarının normadan artıqlığı), siqaretçəkmə, uzun müddət davam edən psixoemosional gərginlik, şəkərli diabetdir.

Patogenezi. Aterosklerozun patogenezi – aterogenez adlandırılır. Aterogenez mərhələli gedişə malikdir: aterosklerotik zədələnmənin inkişafı, lipoproteidlərin və leykositlərin intimaya daxil və xaric olması proseslərinin birgəliyi, hüceyrələrin proliferasiyası və ölümü, hüceyrəarası maddənin əmələ gəlməsi və yenidən qurulması, həmçinin damarların artması və kirəcləşmə. Həmin proseslər müxtəlif istiqamətli siqnallar çoxluğu ilə idarə olunur. Patogenezdə damar divarı hüceyrələrinin funksiyasının dəyişməsi və ora leykositlərin miqrasiyası və aterosklerozun risk amillərinin arasında mürəkkəb patogenetik əlaqənin rolu var.

Risk amilləri:

• Siqaret çəkmə

• Arterial hipertenziya (arterial təzyiqin (AT) 140/90 mm.c.süt-dan yuxarı qalxmasına deyilir) (Sistolik AT > 140 mm c. s., Diastolik AT > 90 mm c. s.)

• Şəkərli diabet

• Piylənmə

• Az hərəkətli həyat tərzi

• Emosional gərginlik

• Böyük dozada alkoqol qəbulu

• Qeyri-düzgün qidalanma

• İrsi meyillik

• Postmenopauza

Aortanın aterosklerozu. Klinik simptomlar iri şaxələrin prosesə cəlb olunması nəticəsində meydana çıxır və bu zaman müvafiq orqanların funksiyası pozulmuş olur. Aortanın qalxan hissəsinin və qövsünün aterosklerozu zamanı depressor reflector zona zədələnir, aortanın elastikliyi azalır və bir qayda olaraq, simptomatik hipertoniya meydana çıxır. Bu zaman sistolik təzyiq çox yüksəlir, diastolic təzyiq isə ya normal qalır, ya da enmiş olur.

Sol yuxu və köroücük arteriyaların daralması nəticəsində yuxarı ətraf və beyin qan dövranı pozulur. Bu zaman baş ağrıları, başgicəllənmə, qulaqlarda küy qeyd edilir. Bəzən fiziki iş zamanı yuxarı ətraflarda zəiflik, ağrı hiss olunur. Nəbz zədələnmiş hissədə zəifləyir, sağlam və zədələnmiş ətrafda A/t-nin (arterial tzyiqin) müxtəlif olması qeyd olunur.

Çox vaxt aterosklerotik proses aortanın qarın hissəsini zədələyir. Bu zaman həzm aparatının motor və sekretor funksiyası pozulmuş olur.

Aortanın aterosklerozunda rentgenoloji müayinə zamanı aortanın uzanması və genişlənməsi müşahidə olunur. Xarakterik əlaməti damar divarının daxili qişasında kalsiumun çokməsidir. Bu zaman rentgenokimoqrafiyada aortanın kölgəsi kələkötür və yastı görünür.

Böyrək arteriyalarının aterosklerozu. Əsas klinik əlaməti simptomatik arterial hipertoniyadır. Böyrək arteriyalarının kəskin stenozu və yaxud tam tutulması nəticəsində arterial təzyiq çox yüksəlir və stabil olur. Əgər böyrək arteriyalarının trombozu əmələ gələrsə, qarında və beldə ağrılar meydana çıxır. Ağrı qəflətən yaranır və bir neçə saatdan bir neçə günə qədər davam edir. Əlamətləri: ürək bulanması, qusma əmələ gəlir. Sidikdə bəzi hallarda zülal, eritrositlər aşkar olunur.

Aşağı ətraf damarlarının aterosklerozu. Əsas simptomu bir və ya iki ayaqda hərəkət zamanı ağrıların əmələ gəlməsidir. Ağrı tutmalar şəklində daha çox baldır əzələlərində, pəncədə, nadir halda bud əzələlərində olur. Xəstə ağrı baş verən zaman hərəkəti dayandırmağa məcbur olur, bu zaman ağrı azalır və ya keçir (fasiləli axsama). Digər simptom ətraflarda soyuqluq olmasıdır. Xəstələrdə dərinin rəngi avazıyır və mərmərəbənzər şəkil alır. Sonralar isə ayaq barmaqlarında, dabanda baldırın ön səthində trofik xoraların və qanqrenanın əmələ gəlməsi müşahidə olunur. Ayaqda nəbzin zəifləməsi və yaxud itməsi qeyd edilir.

Diaqnostikası. Aterosklerozun diaqnozunda vacib cəhət onun lokalizasiyasını (tac damarlar, aorta, beyin arteriyaları və s.) müəyyənləşdirməkdir. Diaqnoz ilk növbədə klinik simptomlar və laborator müayinəyə əsasən qoyulur. Əsasən, lipid mübadiləsinin pozulmasına və xolesterinin artmasına fikir verilir. Rentgenoqrama və angioqrafiya diaqnozun dəqiqləşdirilməsində kömək edir.

Türkəçarə ilə müalicə.

2 stəkan çuğundur şirəsi, 1 stəkan bal, 300 qr çöl quruca otu qarışdırıb 2 həftə qaranlıqda saxlanılır, gündə 3 dəfə xörək qaşığı ilə qəbul edilir.

Məsləhət.

Aterosklerozla xəstələnməmək və uzun ömür yaşamaq üçün iki şeydən az istifadə etmək lazımdır – mədədən və zəngli saatdan – yəni mədəni az doldurmaq, doyana qədər yeməmək və bədən tələb etdiyi qədər yatmaq lazımdır. 

Uayt, məşhur kardioloq

Amma bir şeyi də unutmaq olmaz ki, xalq təbabəti üsulları heç zaman klassik təbabəti əvəz edə bilməz!

 

Azər SALEHLİ,

Azərbaycan Tibb Universitetinin tələbəsi 

 

Sizə yeni x var
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış