Modern.az

Bu gün AXC-nin yarandığı gündür – Elçibəy ziyarət edilib

Bu gün AXC-nin yarandığı gündür – Elçibəy ziyarət edilib

Təhsil

16 İyul 2012, 11:38

Bu gün Azərbaycanda milli azadlıq hərəkatına başçılıq edən mütəşəkkil siyasi təşkilat – Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaranmasının 23 ili tamam olur.

1989-cu il iyulun 16-da Bakıda keçirilən gizli konfransda təsis olunan AXC-nin sədri Əbülfəz Elçibəy seçilib. AXC yaranarkən 15 nəfərdən ibarət ilk İdarə Heyəti formalaşıb: İsa Qəmbər, Etibar Məmmədov, Hikmət Hacızadə, Leyla Yunus, Pənah Hüseyn, Nəcəf Nəcəfov, Tofiq Qasımov, Yusif Səmədoğlu, Zərdüşt Əlizadə, Sabit Bağırov, Sülhəddin Əkbər, Canbaxış Umudov, Nemət Pənahlı, Rəhim Qazıyev, Ələkrəm Hümbətov.
AXC hakimiyyətə gələndən sonra bu şəxslərin əksəriyyəti yüksək vəzifələrdə təmsil olunublar.
Onlardan üçü - Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəy, xalq yazıçısı Yusif Səmədoğlu və “Azadlıq” qəzetinin ilk redaktoru Nəcəf Nəcəfov artıq dünyalarını dəyişiblər.

1989-1990, 1990-1992 və 1992-1993-cü illərdə bir neçə ziddiyyətli mərhələdən keçən (xalq hərəkatının genişlənməsi, siyasi uğurlar və parçalanmalar, 20 yanvar faciəsi və dirçəliş, siyasi hakimiyyət və devrilmə) AXC sonrakı illərdə də siyasi sistemdə aparıcı mövqelərdə olub.
1995-ci ildə AXC siyasi partiyaya çevrilib və AXCP adlandırılıb. Partiyanın sədri Əli Kərimli seçilib.
Bu gün Azərbaycanda fəaliyyət göstərən olan partiyaların bir çoxu vaxtilə AXC-nin bazasında yaradılıb. Hərəkatda olan siyasətçilərin əksəriyyəti sonradan özlərinin ayrıca partiyasını yaradıblar.

AXC-nin yaranmasının 23-cü ildönümü münasibətlə AXCP tədbir keçirir. Tədbir saat 10:00-da Fəxri Xiyabanda Xalq Cəbhəsinin mərhum sədri Əbülfəz Elçibəyin məzarını ziyarət etməklə başlayıb. Tədbir VHP-nin akt zalında davam edir.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış