“Uzun illər Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan bu müddət ərzində mövcud status-kvonu saxlamaq üçün çoxsaylı təxribatlara baş vurdu. Lakin azğınlaşmış düşmənin sentyabrtın 27-də əl atdığı növbəti hərbi təxribat onun sonu oldu. Məlum olduğu kimi düşmənin cəbhə xəttində törətdiyi növbəti genişmiqyaslı təxribata cavab olaraq Azərbaycan Ordusunun sentyabrın 27-də başladığı və noyabrın 10-dək davam edən Vətən müharibəsi Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə başa çatdı. 44 günlük müharibədə Ordumuz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında düşmənə layiqli dərs verdi, qısa müddətdə 300-ə yaxın kəndi, 5 şəhəri, 4 qəsəbəni, çoxsaylı strateji yüksəklikləri geri qaytardı. Tarixi şəhərimiz, hər birimiz üçün əziz olan Şuşa işğaldan azad olundu. Ermənistanın döyüşlərdə darmadağın edilən ordusu artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələri xatırladır”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
“Vətən müharibəsində ordumuzun hər gün yeni zəfərlər qazanması, işğalçı Ermənistanın hərbi birləşmələrinin isə sarsıdıcı məğlubiyyətə uğraması 30 il ərzində davam edən Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində yeni reallıqlar yaratdı” deyən deputat əlavə edib ki, əslində bu savaşın Azərbaycanın qələbəsi ilə tamamlanması heç də təsadüfi deyil: “Azərbaycan bu müharibənin qələbə ilə başa çatması üçün öncədən cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə lazım olan bütün addımları atmışdı. İqtisadi inkişaf, vətəndaş həmrəyliyi, ordu quruculuğu istiqamətində həyata keçirilən işlər, dövlətimizin beynəlxalq arenadakı mövqelərinin ötən hər gün ərzində daha da güclənməsi, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya birliyinə çatdırlması, Ermənitanın işğalçılıq siyasətinin mahiyyətinin cənab Prezident tərəfindən beynəlxalq arenada bütün çılpaqlığı ilə ifşa edilməsi bu qələbəmizi şərtləndirən amillərdəndir. Onu da qeyd edim ki, cənab Prezident son vaxtlar bir daha dünya birliyini Ermənistanın növbəti işğalçılıq əməllərinə əl atmağa hazırlaşdığı barədə də xəbərdar etmişdi. Bütün bunların fonunda sentyabrın 27-də düşmən ölkənin əl atdığı növbəti hərbi təxribatdan sonra Azərbaycan haqlı olaraq Vətən savaşına başladı və qalib gəldi. Bu savaş həm də beynəlxalq birliyin, o cümlədən BMT-nin Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə dair qətmamələrinin icrası baxımından da yadda qaldı. Yəni uzun illər kağız üzərində qalan bu qətnamələri Azərbaycan Ordusu düşmənə qalib gələrək, icra etmiş oldu”.
Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistanın baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladıqları birgə bəyanata gəlincə Vüqar İskəndərov deyib ki, bu sənəd sentyabrın 27-dən Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində yaranmış reallığa uyğun hazırlanıb və Ermənistanın kapitulyasiya aktıdır: “Bəyanat tam Azərbaycanın maraqlarına uyğun hazırlanıb və imzalanıb. Sənədə əsasən, Azərbaycan azad etdiyi bütün mövqeləri saxlayır. Eyni zamanda, noyabrın 15-i Ağdam, 20-si Kəlbəcər, dekabrın 1-i isə Laçın qan tökülmədən azad edilir. Beləliklə, xalqımızın istəyi, haqlı tələbi yerinə yetirilib. Digər bir məqam isə ondan ibarətdir ki, təhlükəsizliyin təmin edilməsi məqsədilə regiona gələn Rusiyanın sülhməramlı kontingenti olduqca məhdud saydadır. İlk 5 ilin tamamına 6 ay qalmış tərəflərin hansısa biri sülhməramlıların fəaliyyətinə xitam verilməsini tələb edərsə, onlar ərazini tərk edəcəklər. Eyni zamanda, Rusiya sülhməramlıların fəaliyyət coğrafiyası və fəaliyyət qaydaları Azərbaycanla razılaşdırılaraq müəyyən edilib. Sülhməramlıların gəlişi Ermənistan hərbi birləşmələrinin çıxarılması ilə paralel şəkildə həyata keçirilir ki, bu da Ermənistan hərbiçilərinin regionda qalmasını istisna edir”.
Deputatın sözlərinə görə, həmin Bəyanatın ölkəmiz üçün daha bir əhəmiyyəti isə Naxçıvanla bağlıdır: “Belə ki, bu proses çərçivəsində Naxçıvan da blokadadan azad olundu. Bəlli olduğu kimi, hələ 1990-cı illərdə münaqişə başlayandan sonra Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında quru yolla əlaqənin olmaması böyük çətinliklər yaradırdı. Beləliklə, ilk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır. Bu yolun təhlükəsizliyi Rusiya FTX-nın Sərhəd Xidməti tərəfindən təmin olunur. Bu da onu göstərir ki, Ermənistan bütün mənalarda müstəqil deyil. Hətta işğaldan azad olunan Azərbaycan ərazilərindən keçəcək dəhlizin təhlükəsizliyini Azərbaycan təmin elədiyi halda, Ermənistan öz ərazisində belə nəyəsə təminat vermək iqtidarına malik deyil”.
“Ən vacib məqamlardan biri münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılmasıdır. Türkiyə mərkəzdə təmsil olunur. Türkiyə hərbçilərinin prosesdə iştirakı ona dəlalət edir ki, Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısı alınacaq. Bu isə ölkəmizin daha bir uğurudur. Çünki Azərbaycan Türkiyəni də fəal şəkildə münaqişənin tənzimlənməsi işinə cəlb edə bildi. Türkiyə hər zaman olduğu kimi Qarabağ məsələsində də Azərbaycanın yanındadır və indi real olaraq bölgənin təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrildi” deyən deputat əlavə edib ki, razılaşmaya əsasən, daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır. Bu da o deməkdir ki, azərbaycanlı məcburi köçkünlər Dağlıq Qarabağ ərazisinə qayıdacaqlar.
Ümumilikdə Bəyanatın bütün müddəalarının ölkəmizin, xalqımızın səmərəsinə hesablandığını deyən Vüqar İskəndərov bildirib ki, məhz Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur olub: “Onu da deyim ki, bu Bəyana əsasən Qarabağa heç bir status verilmir. Yəni, "Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi yoxdur, tamamilə süquta uğrayıb və Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Həmçinin, Laçın dəhlizində təhlükəsizliyin təminatı Azərbaycanın səlahiyyətindədir. Laçının tam azad edilməsindən sonra Dövlət Sərhəd Xidməti Azərbaycanın ümumi uzunluğu 3360 km. olan bütün su və quru sərhədində vətənimizin keşiyini çəkə biləcək. Bundan sonra işğaldan azad edilmiş hər tarixi torpağımızda azan səsləri eşidiləcək”.
Bütün bunların fonun da radikal müxalifətin son addımlarının başadüşülən olmadığını deyən Vüqar İskəndərov qeyd edib ki, Azərbaycan xalqının tarixi qələbəsindən sonra radikal müxalifətin məsələyə yanaşmasında və ritorikasında açıq şəkildə dəyişikliklər müşahidə olunmağa başlayıb: “Sentyabrın 27-dən siyasi fəaliyyəti dondurduğunu elan edən radikal müxalifət indi Fransa və digər ermənipərəst ölkələrin Azərbaycan qarşı mövqeyinə uyğun tezislərlə çıxış etməyə başlayıb. Bu isə onların yeni təlimat almasına işarədir. Yəni, radikal müxalifətin məlum davranışı heç də təsadüfi xarakter daşımır. Görünən odur ki, kampaniyanın əvvəlində özlərini xalqa vətənpərvər kimi təqdim edənlər indi müxtəlif bəhanələrlə əldə olunan möhtəşəm qələbənin əhəmiyyətini azaltmağa, cəmiyyətdə zərərli müzakirələrə yol açmağa və bununla da həm öz xarici himayədarlarının sifarişlərini yerinə yetirməyə, həm də gündəmdə qalmağa cəhd göstərirlər. Lakin bu gün Azərbaycan hakimiyyətinə qarşı əsassız ittihamlarla çıxış edənlər unutmamalıdır ki, vaxtı ilə məhz onların səriştəsizliyi, bacarıqsızlığı nəticəsində Azərbaycan kapitulyasiya vəziyyətinə düşmüş, Dağlıq Qarabağı və ətraf rayonları itirmişdir.Bu gün Azərbaycan Prezidenti xalqımıza böyük ağrılar yaratmış həmin səhvləri yüksək siyasi iradəsi, mətinliyi, yüksək diplomatik səriştəsi ilə aradan qaldırdı. Radikal müxalifət torpaqlarımızın azad olunmasına sevinmək, bunu qiymətləndirmək, Azərbaycan xalqından üzr istəmək əvəzinə, bu gün yenə də xəyanət və riyakarlıq yolunu tutur”.
İstər xaricdəki ermənipərəst ölkə və mərkəzlərin, istərsə də ölkəmiz daxilindəki radikal müxalifətin bu cəhdlərinin nəticəsiz tamamlanacağını deyən Vüqar İskəndərov “Ölkəmizdə fəaliyyət göstərən əksər siyasi partiyalar, vətəndaş cəmiyyəti təsisatları da Vətən müharibəsində Prezidentin, Ali Baş Komandanın yanında olduqlarını bildirdilər. Müharibənin elə ilk günlərində 50 partiya birgə bəyanat imzalayaraq Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində siyasi baxışlarındakı fərqi kənara qoyduqlarını və Ali Baş Komandanı dəstəklədiklərini bildirdilər. Şuşa şəhəri işğaldan azad edildikdə müxtəlif partiyaların təmsilçiləri Ali Baş Komandana bu zəfər münasibətilə təbrik ünvanladılar. Bütövlükdə, cəmiyyətin monolitliyi, həmrəyliyi Azərbaycanın milli gücünü daha da artırdı, böyük qələbəmizin təmin olunmasına əlavə impuls verdi. Heç bir şübhə yoxdur ki, Azərbaycan xalqı bundan sonra da öz Liderinə, Müzəffər Ali Baş Komandanına böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmləndirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək” deyə əlavə edib.