Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Dağlıq Qarabağda həyata keçirilmış zəfər yürüşü öz tarixi nəticələrini verdi. Beynəlxalq birliyin, istər BMT, istərsə də ATƏT-in Minsk qrupunun fəaliyyət qabiliyyətsizliyini şanlı Azərbaycan Ordusunun qətiyyətli mövqeyi əvəz etdi. Düşmənə sarsıdıcı zərbələr endirən silahlı qüvvələrimiz əbədi və əzəli torpaqlarımızı işğaldan azad etdi!
Uzun illər dövlətimiz hamılıqla tanınan beynəlxalq hüquq normaları və prinsiplərini rəhbər tutub, beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında əsas məsuliyyəti daşıyan BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinin içra olunmasını, işğalçı qüvvələrin ərazilərimizdən geri çəkilməsini, qaçqın və məcburi köçkün vəziyyətinə düşən vətəndaşlarımızın öz torpaqlarına qayıtmalarına ciddi ümidlər bəsləyirdi. Ancaq bunların əvəzinə Ermənistan rəhbərliyinin məsuliyyətsiz davranışı, bəyanatları və açıq aşkar təxribatları əyani şəkildə sübut etdi ki, onlar regionda sülhün və əminamanlığın bərqərar olmasında maraqlı deyıllər. Öz hərbi doktrinasının guya müdafiyə xarakteri daşımasını bəyan edən Ermənistan, de facto yalnız militarist siyasətinin yürüdülməsi, qonşu dövlətlərə qarşı ərazi iddialarının irəli sürülməsi, işğal prosesinin davam etdirilməsinə köklənmişdir. Bunun bariz nümunəsini Ermənistanın mənfur müdafiə nazirinin “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatları bir daha təsdiq etdi. Bu məsuliyyətsiz bəyanatın qarşılığını Azərbaycan Ordusu döyüş meydanında verdi, böyük uğurla tarixi səlnamə yazdı, Dağlıq Qarabağda möhtəşəm bayrağımızı uçaltdı, bizlərə yenidən doğma torpaqlarımızı bəxş etdi. Bu Azərbaycanın istər diplomatik cəbhədə, istərsə də hərbi meydanda möhtəşəm qələbəsidir!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri tərəfindən imzalanan üçtərəfli bəyanat, faktiki olaraq ölkəmizin şanlı hərbi qələbəsini və Ermənistanın kapitulyasiyasını təsdiq etdi. 44 günlük müharibə nəticəsində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu və uzun illərdən bəri işğal altında olan ərazilərimizin üzərində dövlət yurisdiksiyası bərpa edildi. İmzalanan sənəd Azərbaycanın haqq işində yeni hüquqi fürsətlər yaradaraq, beynəlxalq humanitar hüququn kobud pozuntularına yol verən erməni dölətinin məsuliyyəti və olkəmizə vurulmuş ziyana görə təzminat ödənilməsi məsələsini ciddi şəkildə aktuallaşdırır, digər tərəfdən, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər törətmiş səxslərin məsuliyyətə cəlb edilməsinə təkan verir.
Azərbaycanın parlaq qələbəsi Cənubi Qafqaz regionunda de yure və de facto yeni geostrateji konfiqurasiyanın formalaşmasından xəbər verərək, əyani şəkildə sübut etdi ki, ölkəmizin razılığı olmadan Dağlıq Qarabağla əlaqədar heç bir qərar qəbul edilə bilməz.
Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq elmləri doktoru