“Yeni Nəsil”in rəhbəri: “Jurnalistə əlavə pul verilirsə...”
Bu günün jurnalistikasında ən ciddi problemlərdən biri də ixtisaslaşmanın olmamasıdır. Əksər ölkələrdə eləcə də Qərb mətbuatında ixtisaslaşma elə sürətlə gedir ki, bizlər bu sürəti heç təsəvvür belə edə bilmirik. Belə ölkələrdə futboldan yazan müxbir voleybol, yaxud neftdən yazan jurnalistə dolların kursu barədə yazı tapşıra bilməzsən. Amma bizdə...
Bizdə vəziyyət başqa cürdür. Bəzən siyasətdən yazan müxbir mədəniyyət sahəsinə baş vurur, mədəniyyətdən yazan müxbir iqtisadi təhlil yazır və. s. Sonda isə qəzet səhifələrini peşəkarlıqdan uzaq və gülünc yazılar doldurur. Bu mənada bizdə gedən “ixtisaslaşma”nı da Qərbdə təsəvvür edə bilməzsən. Görəsən, bizdə niyə ixtisaslaşma getmir?
Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna - Zerkolo” qəzetinin baş redaktoru Elçin Şıxlı bu gün üçün jurnalistikada ixtisaslaşmanın olmamasını ciddi problemlərə yol açdığını dedi:
“Bu gün jurnalistikanın ən böyük problemi ixtisaslaşmanın aparılmamasıdır. Hətta bir çox hallarda bizim jurnalistlər qeyri-peşə sahibləri olurlar”.
E.Şıxlı jurnalistika sahəsində ixtisaslaşmanın yoxluğunu təhsildəki proqram çatışmazlığı ilə əlaqələndirdi: “Mən belə düşünürəm ki, bu təhsillə bağlı olan problemdir. Bunu da çox sadə yolla aradan qaldırmaq olar. Ən azından jurnalistikada ikinci kursdan sonra ixtisaslaşma aparılmalıdır. Tələbənin təhsil aldığı 5 il ərzində heç olmazsa ikinci kursdan sonra onların hansı sahələrə maraqlı olmaları öyrənilməli və bu istiqamətdə ixtisaslaşma aparılmalıdır”.
Lent.az saytının redaktoru Qabil Hüseynli isə hesab edir ki, Azərbaycan jurnalistikası inkişaf etsə də, orada birinci mərhələdən sonra ixtisaslaşma getmir. Elə ona görə də sahə mətbuatı inkişafdan qalıb. Bu daha çox cəmiyyətlə bağlıdır: “Bir neçə ilə öncəyə qədər Azərbaycan cəmiyyətinin problemi daha çox siyasi xarakterli idi. Ona görə də jurnalistika bütövlükdə siyasətdən yazırdı. Az qala jurnalistika siyasi mühitlə əhatə olunurdu. Amma cəmiyyətin digər sahələri inkişaf etdikcə o sahəyə aid olan və o profildə fəaliyyət göstərən ixtisaslı jurnalistika formalaşmağa başladı. Mənə belə gəlir ki, indi idman və iqtisadi jurnalistika dirçəlməkdədir. Xəbər və yaradıcı jurnalistika ilə yanaşı bu sahələr üzrə media orqanları fəaliyyət göstərir. Müəyyən qədər öz sahələrində uğur qazana biliblər. Artıq bu təcrübədən yararlanmaq lazımdır. Məncə, Azərbaycan jurnalistikasında istəsək də, istəməsək də zaman keçdikdə müəyyən ixtisaslaşmış jurnalistika öz yerini tutacaq”.
“Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev isə hesab edir ki, Azərbaycan mətbuatında ixtisaslaşmanın yoxluğu redaksiyaların maddi durumundan irəli gəlir. Kasıb və maddi vəziyyətlərinin aşağı olması redaksiyalarda jurnalistlərin ixtisaslaşmasına maneə olur: “Bir redaksiyada 4-5 nəfər çalışır. Belə olan halda onlar da hər sahədən yazmağa məcbur qalırlar. Maddi durumdan əlavə Azərbaycan mediasında ciddi, dərin yazılara ehtiyac olmur. Ona görə də bu sahədə ixtisaslaşma getmir. Ümumiyyətlə, mediada öz sahəsi üzrə ixtisaslaşan jurnalistlərin sayı çox azdır. Çünki ixtisaslaşmış jurnalistika zəngin və inkişaf etmiş jurnalistikadır. Amma bizdə bu yoxdur. Məsələn, xarici mediada jurnalist var ki, ancaq restorandan yazır. Bu da onun ixtisaslaşmasına səbəb olur. Halbuki bizdə bir jurnalist tək bir sahədən yazarsa acından ölər. Buna görə də Azərbaycan jurnalistləri bir neçə sahədən yazmağa məcbur olurlar. Əgər inkişaf etmiş ölkələrdə hər sahənin öyrənilməsinə və o sahənin peşəkarına çevrilməsinə görə jurnalistə əlavə pul verilirsə, bizdə jurnalist buna məcburiyyət qarşısında qalaraq gedir”.
Gültəkin Ələsgər