Modern.az

Bakıda yalnız 10 kişinin girə bildiyi qadın çayxanası - REPORTAJ

Bakıda yalnız 10 kişinin girə bildiyi qadın çayxanası - REPORTAJ

16 İyul 2012, 13:10

Bığlı-saqqalı adamların “Mandarin”ə girişi qadağandır

Adətən, “çayxana” dedikdə, yəqin ki, mənim kimi sizin də təsəvvürünüzdə kişilərin yığışdığı,  səsli-küylü, qatı siqaret tüstüsü ilə əhatə olunmuş məkan yada düşür. Üstəlik, bu məkanda kişilər hər sahədən söhbət etməklə yanaşı, heç söyüşdən də korluq çəkmirlər. İndi ay qızım, ay anam, ay bacım, get belə çayxanada otur, bir stəkan çay iç, görüm, necə içirsən. Belə bir halda xanımların da yalnız özlərinin ola biləcəyi bir məkana ehtiyac duyulur. Elə “Mandarin” çay evi də belə ehtiyacdan, tələbatdan yaranıb.

Çay klubunun adını Tibet kraliçasının şərəfinə “Mandarin ” qoydum

Çay  klubunun sahibəsi Səbinə Pərvizi deyir ki, ilk növbədə, qadınlar üçün çayxananın yaranmasına səbəb özünün də rəfiqələri ilə bu cür məkanlar tapmaqda çətinlik çəkməsi imiş. “Mandarin” xanımların çay klubu 4 il bundan əvvəl fəaliyyətə başlayıb. Əvvəlcə çay klubu kimi fəaliyyətə başladıq, iki ildən sonra qərar gəldik ki, bu çay klubu yox daha da genişlənsin, ona görədə hazırda xanımların kafesi olub. Məqsədimiz o idi ki, elə bir məkan düzəldək ki, xanımlar gəlib dincələ bilsinlər, öz rəfiqələri ilə oturub söhbət etsinlər və ya karaoke oxuyub-oynasınlar.

Hərdən qadınlarda bellə bir hiss olur ki, qız-qıza otursunlar, özlərini daha sərbəst hiss etsinlər. Eyni zamanda, atalar qızlarını, ərlər qadınlarını bura daha sərbəst buraxır, bilirlər ki, burada onların xanımlarını heç kim incitməz, sataşmaz. Özüm də rəfiqələrimlə oturub fikirləşirdim ki, hara gedək, harada dincəlmək olar. Ona görə də belə ideya yarandı. Adının “Mandarin” olması bununla bağlıdır ki, Tibetdə Mandarin adında bir xanım kraliça var imiş. Həm çox savadlı xanım imiş, həm də kişilər onun yanına gəlib məsləhət alarmışlar. Ona görə də qərara gəldim ki, belə savadlı, hamının məsləhət aldığı xanımın adına uyğun çay klubumuzun adı “Mandarin olsun. 

Bizim özümüzün də belə ağıllı xanımlarımız çox olub. Milli ad seçmək ağlımıza gəlmədiyindən yox, tematika olsun deyə bu adı seçdik. Klubumuzun adı qəşəng və ya kiminsə adı olmasın. Əgər fikir verdinizsə, o biri zalın dizayn da “mandarin”ə uyğundur. O otaqda narıncı rəng ilə yaşıl rəngin improvizasiyası var. Çalışdıq ki, zalın hamısını bu üslubda edək. 

Bura cavan qızlar, yaşlı xanımlar da gəlib otururlar, əylənirlər, ad günləri keçirirlər. Bizim çay klubunda qızlar üçün yaş məhdudiyyəti yoxdur. Doğrudur, sinif şagirdləri tək gəlmirlər, yalnız anaları ilə birlidə gəlirlər. Oğlan uşaqlarına gəlincə, yalnız 6 yaşlı uşaqları gələ bilərlər.

“Kişilərdən nəyimiz əskikdir” deyib hətta nərd, domino da oynayırlar 

Tanınmış adamların da gəlib-getdiyi yer olan “Mandarin” bəzi məqamlarda heç də kişilərin çayxanasından geri qalmır. Burada nəinki karaoke oxuyur, üstəlik, nərd, domino oynayıb, aralarında yarışlar da keçirilər.” Müğənnilərdən birinin adını çəkə bilərəm ki, Emma Ələkbərzadə karaoke yarışı keçiriləndə gəlib münsif kimi iştirak edib.

Bu müsabiqə keçən il olub. Bizdə qadınlar tez-tez gəlib nərd, domino, dama oynayırlar. Çünki biz fəaliyyətə başlayanda istəyirdik ki, əyləncə baxımından bizim çayxana kişilərin çayxanasından geri qalmasın, amma səliqəli, qəşəng olsun. Nərd oynamağı əsasən orta yaşlı, yaşlı xanımlar çox xoşlayırlar. Həmçinin fikrim var ki, xanımların arasında nərd turniri keçirək. Çünki Bakıda hələ belə şey olmayıb. Hətta elə xanımlar  var ki,  gündə iki dəfə gəlirlər. Bizdə Wi-Fi var. Biz onlara elə şərait yaradırıq ki, onlar gəlib özlərini sərbəst hiss etsinlər.  Burada uzanmaq, dincəlmək olar. Elə xanımlar var ki, nahar vaxtı gəlirlər 15 dəqiqə nəsə yeyirlər, yarım saat uzanıb dincəlirlər. Xanımlar var ki, bir-birlərinə burada rast gəlib sonradan dost olublar. Elə olur ki, biz psixoloq dəvət edirik, gəlirlər, xanımlar üçün treninq keçirirlər, xanım özünü necə sevməli,  özünə necə baxmalıdır və s. mövzularda. Ümumiyyətlə, treninqlərimiz çox maraqlı keçir.

Dedim ki, ay Səbinə xanım, adətən, çayxanada kişilər hər sahədən söhbət edirlər, bəs qadınların söhbəti nədən ibarət olur? Cavabı belə oldu ki, özünüz bilirsiniz xanımlar nədən danışırlar, uşaqlardan, özlərindən, kosmetikadan, geyimdən, problemlərindən, necə deyərlər, qadınların mövzuları cürbəcür olur.  Hətta onu da nəzərimizə çatdırdı ki, kosmetika üzrə məsləhətçiləri var,  həftədə bir neçə dəfə xanımlarla danışır. Necə makiyaj etmək lazımdır və s. Müştəri istəsə,  kosmetik vəsait də alıb gedə bilər”.

İstənilən vaxt xanımlar karaoke oxuya bilər. Qızlar ad günü  zamanı yığışıb  oxuyub oynayırlar. Bizim menyumuzda çay dəsgahından tutmuş, kokteyllərə, isti, soyuq yeməklərə qədər var. Tam menyudur. Qiymətlər isə heç də bahalı deyil. Çalışdıq ki, xanımlara qiymətlər bahalı olmasın, çünki bura gələndə kişilər onların yanında olmurlar. Gün ərzində təxminən 30-40 müştərimiz olur.  

Sən demə bu çayxanaya 10 kişin girməsinə icazə var

Çay klubu iki zaldan – Şərq və Avropa zallarından ibarət olsa da, müştərilərin əksəriyyəti Şərq zalından istifadə etməyi daha çox xoşlayırlar. Çünki Şərq zalında Avropa zalından fərqli olaraq siqaret çəkmək qadağandır. “Zalımızın birini Avropa üslubunda etdik, digərini isə çalışdıq ki, şərq zalı olsun. Qadınlar daha çox şərq zalını seçirlər. Onu da deyim ki, bu zalda siqaret çəkmək qadağandır, yalnız Avropa zalında çəkmək olar. Bu zalı ona görə seçirlər ki, daha rahat, hətta örtükləri belə bağlamaq olar.



Maraqlıdır, kişilər olmayan yerdə niyə onların şəkilləri asılıb. Səbinə xanım bunu belə izah etdi ki, qoy qadınlar daima yadlarında saxlasınlar ki, kişilərsiz həyat yoxdur. Biz 10 nəfər ən qəşəng kişi şəkli seçmişik ki, bizim xanımlar qəşəng kişilərə baxsınlar. Cəmi bu 10 nəfər kişiyə bura  giriş var. Onların da şəkilləri bizim divarlardan asılıb.



Müştərilərlə söhbətimizdən isə belə aydın olur ki, çay klubundan razı qalsalar da təklifləri  belədir ki, bu yer bir az da genişləndirilsin. Eyni zamanda onlar çayxanada  nəinki  çay, həmçinin kokteyllər içməyə də üstünlük verirlər, qəlyandan da çəkirlər. Əsasən də gənc qızlar çəkir. Çayxanada  nə olar, nə olmaz məsələsinə gəlincə isə kişilərə giriş olmaz, qadınlara hər şey olar. Çünki xanımlara hər hansısa şərt qoyulmur necə istəyirlər dincələ bilərlər.  

Daha çox iş qadınlarının  getdiyi çayxanaya şirkətlər öz reklamlarını da gətirib verirlər və reklamlar stendlərə qoyulur. Hətta müxtəlif  jurnalları da biz alıb  qoyuruq ki xanımlar oxusunlar, yaxşı da oxunur.

Filmlərə də öz disklərindən və ya bizim disklərdən istifadə etməklə baxa bilərlər. Hətta bura Amerika səfirliyindən də xanımlar gəliblər,  bizim bu cür şəraitimizi görüb çox bəyəniblər.  

Amma əsas məsələmiz ondadır ki, indi qadın ofisiantı tapmaq çox böyük bir problemdir. Çünki Azərbaycanda ofisiantların məktəbi yoxdur. Demək olar ki, xanımları işə götürüb sıfırdan öyrətmək lazımdır.

Şahanə Rəhimli
Elçin Ağayev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir