Modern.az

Bahar Muradova: “Minsk qrupu münaqişənin həlli üçün bu imkanlardan istifadə etmir”

Bahar Muradova: “Minsk qrupu münaqişənin həlli üçün bu imkanlardan istifadə etmir”

Təhsil

16 İyul 2012, 13:30

“Dağlıq Qarabağ regionunda müharibənin yenidən alovlanmasını heç kəs istəmir. ATƏT rəsmiləri münaqişənin həllindən daha çox, münaqişənin yenidən alovlanmasına yol verilməməsini prioritet kimi səsləndirirlər”

Modern.az-ın məlumatına görə, bu fikirləri Milli Məclisin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Bahar Muradova hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib.

"Bir çoxları deyirlər ki, münaqişənin başlanmasına yol verməmək əsas məqsəd deyil, buna yol verilmirsə, böyük uğurdur. Amma biz bunu uğur saya bilmərik. Bu intensivləşməni sönməyə qoymamaq və onu artıq problemin həllinə yönəltməyə cəhd etmək lazımdır. Əlbəttə ki, bu, təkcə bizim cəhdlərimizdən asılı deyil, həm də həmsədrlərin münaqişənin nə dərəcədə sona qədər həll etmək istəyindən asılıdır", - deyə B. Muradova bildirib.

Vitse-spiker qeyd edib ki, münaqişənin həlli istiqamətində yaranmış intensivləşmə həmsədr dövlətlər arasında qısqanclıq yaratmamalıdır:

"Bu intensivləşmə nəticəyə hesablanmış proses olmalıdır. Hər halda, Azərbaycanın artan iqtisadi və hərbi gücü ermənilərlə yanaşı, onları dəstəkləyən dairələri də narahat edir. Bu, problemin həll olunmasında gücdən daha çox sülh imkanlarından səmimi şəkildə istifadə etmək istəyən və nəticə əldə olunmasına maraqlı olan qüvvələri də narahat edir. Görək, bu intensivləşmə nə vəd edir. Proqnoz vermək istəməsəm də, o fikrimdə qalıram ki, indiki şəraitdə görüşmək, danışıqlar aparmaq daha yaxşıdır".

B.Murodovanın sözlərinə görə, ölkə Prezidentinin siyasəti Dağlıq Qarabağ probleminin həlli prosesində Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq müstəvidə daha çox dəstəklənməsi ilə müşahidə olunur.

Vitse-spiker hesab edir ki, ATƏT-in Minsk qrupunun münaqişənin həlli üçün böyük imkanları var, amma bu imkanlardan istifadə etmir.

Onun sözlərinə görə, işğalçı Ermənistana təzyiqlər göstərilmədiyi üçün bu qurumun fəaliyyəti cəmiyyətimizdə narazılıq doğurur.

"Bu yaxınlarda bölgədə səfərdə olan ATƏT-in baş katibi də bəyan etdi ki, hər hansı tərəfə təzyiq etmək fikrimiz yoxdur. Necə ola bilər ki, beynəlxalq hüququn prinsiplərini pozan işğalçı tərəfə sən bunu etmisən demək istəməyəsən? Yəni bu kimi yanaşmalar Azərbaycan cəmiyyətində narahatlıq doğurur".

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! - Görüş başlayır - Rusiya və Ukrayna razılığa gələcək?