Braziliyanın 100 min erməni icmasının əsas hissəsinin yaşadığı Sao Paulo şəhərində, kilsələrin birində, Azərbaycanın Braziliyadakı dostlarının təşəbbüsü və Səfirliyin dəstəyi ilə Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi uğrunda şəhid olan Azərbaycan əsgərləri və mülki əhalinin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib.
Bu barədə Modern.az-a Azərbaycanın Braziliyadakı səfirliyindən məlumat verilib.
Anım mərasimi müddətində kilsənin keşişi Azərbaycan hərbçilərinin ölkələrinin suverenliyi uğrunda müharibədə göstərdiyi qəhrəmanlıq mübarizəsi və adi insanların erməni təcavüzü nəticəsində çəkdikləri əzablar haqqında məlumatları əks etdirən tədbirin təşəbbüskarlarının müraciətini oxuyub. Bu təşəbbüsə görə, tədbir təşkilatçılarına minnətdarlıq əlaməti olaraq, Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyi kilsəyə xatirə çələngi göndərib.