Bakıdakı Park-İnn otelində Böyük Britaniyanın Azərbaycandakı səfirliyi, ATƏT-in Bakı ofisi, Avropa İttifaqı və Avropa Şurası arasında birgə Proqram çərçivəsində Mətbuat Şurasının tərəfdaşlığı ilə "Ənənəvi KİV-dən On-line mediaya" mövzusunda konfrans keçirilib.
Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Azərbaycanın media nümayəndələri sosial sığorta ilə bağlı problemlər yaşayırlar:
“İşə götürənlə işəgötürülən arasındakı müqavilənin tələblərə cavab vermədən bağlanması və yaxud da müqavilənin olmaması problemin yaranmasına səbəb olur. Nə qədər Azərbaycan KİV-də çalışan jurnalistlərin sayı dəqiq deyil, o vaxta qədər problemin həlli ilə bağlı konkret işlər görmək mümkün olmayacaq”.
Əflatun Amaşov onu da qeyd edib ki, bu gün Azərbaycanda 40-a yaxın gündəlik, 200-ə yaxın internet qəzet, 9 TV, 1 peyk televiziyası, 14 regional televiziya, 14 radio, 20-yə yaxın internet radio, 40-a yaxın xəbər portalı fəaliyyət göstərir.
MŞ sədrinin sözlərinə görə, internet medianın inkişafından qəzetlər də yararlanır. Bütün qəzetlərin internet səhifələri var. Onlar operativliyinə görə hər dəqiqə yenilənir.
Şura sədri statistik rəqəmlərlə də bunu isbatlayıb. O, deyib ki, hazırda Azərbaycanda əhalinin 65 faizi internetdən istifadə edirsə onların 35 faizi intenetdən mütəmadi istifadə edirlər. 1 milyon insan isə www.facebook.com saytından istifadə edir. Ölkədə 20-yə yaxın internet TV var ki, 100 min insan xəbəri məhz bu mənbədən almağa üstünlük verir. Eyni zamanda, 2000 bloqa 30-a yaxın provayder xidmət edir.
Gültəkin Ələsgər