Modern.az

Qarabağ azad olundu, QAT bundan sonra nə edəcək? - Akif Nağıdan AÇIQLAMA

Qarabağ azad olundu, QAT bundan sonra nə edəcək? - Akif Nağıdan AÇIQLAMA

Aktual

18 Noyabr 2020, 12:58

Birinci Qarabağ Müharibəsindən sonra Azərbaycan xalqının başına gətirilən müsibətləri dünyaya çatdırmaq və Azərbaycanın torpaqlarının düşmən tapdağından azad olunmasını təbliğ etmək məqsədilə bir çox təşkilatlar yaradılmışdı. Qarabağ Azadlıq Təşkilatı (QAT) da bu qurumlar sırasındadır. Adından da bəlli olduğu kimi, bu təşkilatın əsas məqsədi tarixi torpağımız olan Qarabağın azadlığına nail olmaqdır. Təşkilat "xalq diplomatiyası" nın əleyhinədir, hesab edir ki, yalnız müharibə bitdikdən sonra "xalq diplomatiyası"ndan istifadə etmək olar. QAT Qarabağ məsələsinin danışıqlar yolu ilə həllinə inanmır, məsələnin hərbi yolla həll ediləcəyi mövqeyindədir.

Artıq 30 ilə yaxındır müzakirə edilən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı sayəsində həllini tapdı.  Torpaqlarımız düşməndə geri alındı, Qarabağ azadlığına qovuşdu.

Artıq ortada həll ediləcək münaqişə olmadığından Qarabağla bağlı fəaliyyət göstərən təşkilatların bundan sonrakı taleyi də hər kəs üçün maraqlı məqamlardan birinə çevrilib. Elə Qarabağın azadlığını arzulayan Qarabağ Azadlıq Təşkilatının bundan sonrakı fəaliyyətinin hansı istiqamətdə olacağı da sual altındadır.

Bu barədə Modern.az-a danışan QAT sədri Akif Nağı söyləyib ki, təşkilatının görəcəyi işlər çoxdur:


“Bizim fəaliyyətimiz, görəcəyimiz işlər Qarabağ tam azad olunandan sonra da davam edəcək, o cümlədən Zəngəzur da bura daxildir. Çünki həmin bölgə tarixi ərazidir. Bu işlər tam başa çatandan sonra da ermənilər bizdən əl çəkməyəcəklər. Onlar dünyada yalan təbliğatlar aparırlar.

Azərbaycanın tarixi torpaqları özünə qaytarılmalıdır. Ermənistan başdan-başa Azərbaycanın torpaqlarından ibarətdir, o torpaqlarda azərbaycanlıların haqqı var. Bu haqq təmin olunmalıdır. Bu istiqamətdə də işlərimiz davam edəcək”.

A.Nağının sözlərinə görə, təşkilatın adında dəyişiklik etmək istəyirlər:

“Təşkilatımızın əməkdaşları təklif edirdilər ki, təşkilatını adını dəyişdirib “Azad Qarabağ Təşkilatı” qoyaq, amma mən bunun tərəfdarı deyiləm. Çünki Qarabağ Azadlıq Təşkilatı Azərbaycanda və Azərbaycandan kənarda bir status qazanıb. Düşmənlər belə bu təşkilatı artıq qəbul ediblər. Tarixi ərazilərimiz nə qədər ki, yağı düşmən əlindədir o vaxta qədər də biz işlərimizi davam etdirməliyik”.

QAT sədri Zəngəzurun, Azərbaycanın tarixi torpaqlarının geri qaytarılması üçün Qərbi Azərbaycanla bağlı təşkilatlar, o cümlədən İrəvan Türk Cümhuriyyəti ilə də əməkdaşlıq etməyə hazır olduqlarını bəyan edib:

“Mühacir dövlət yaranan gündən biz onlara müraciət etdik. Əməkdaşlıq etməyə hazırıq. Bir yerdə bu işləri davam etdirəcəyik”.



Fidan İlqarqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?