Modern.az

Qələbə münasibətilə qızıl sikkə hazırlansın

Qələbə münasibətilə qızıl sikkə hazırlansın

Aktual

19 Noyabr 2020, 16:38

Afaq Qəmbərova


Ən çətin və mürəkkəb iş insanın eqzensial, fiziki, ruhani, ruhsal vəziyyətini dəyişdirə bilmək, müşküldən asana qovuşdurmaqdır. 30 ildə əzilən, sınan, qürur və layəqət hissi tapdalanan, şərəfi param-parça olan, sındırılan bir toplumu əvvəlki halına qaytarmaq – insanın insana çevrildiyi anı yaratmaq, bu halı saxlamaq fövqəl üstün məziyyətdir. Yəni insanı günlərlə, aylarla EŞQ halında saxlamaq bacarığı DƏRGAHDAN ötürülən enerji, İlahidən gələn gücdür. Və Liderlə xalq birlik olub vəhdətdə o gücdən güc alaraq birlikdən ruhlandı, qələbədən-qələbəyə, zəfərlərdən-zəfərlərə doğru uğurlandı. Bu prosesin olduqca dərin riyazi mexanizmi var, əlbət, çünki xalqımız millət olaraq “övraqi-həyatə” yenidən qızıl hərflərlə imzasını atır!

Həm də səmamız ahu-nalələr, göz yaşlarını leysan yağışı kimi özündə saxlayan buludlarla doludur. Şər qüvvələrin birləşərək yaratdığı məşum ittifaq qarşısında,  həqiqətlərimizə, haqq səsimizə kar və kor olan dünyada öz gücümüzlə mübarizə aparırıq. Mayası hallallıqla yoğrulan, nəcib və əsalətli xalqımızın indiki mübarizəsində ona yar olan tək Yaradandır.

Zor işdir! İki yüz il qanımızı içən, torpaqlarımıza tamah salaraq vəhşiləşən düşmənlə mübarizədə humanizmdən söz gedə bilməz, çünki biz dövlət olaraq ictimai-siyasi hüquqlarımızın sındırılması, Qarabağın itirilməsi, mənfur düşmənlərdə qalması şərtilə kimlərinsə “barış missiyası” səpgisində mövqeləri qarşısında, ərazilərimizin işğal gerçəkliyində öz milli “mən”ini düşünmək, millətimizə ad qoymaq istəyilə haqq, azadlıq savaşına qalxdıq! Nadir inci Şuşada Azərbaycan Tarixinin qızıl səhifələrinin yazıldığı  zaman bir daha sübut olundu ki, Vətən eşqi nəzəriyyə ilə yaranmayıb, düşünülmüş, yaradılmış bir kodeksin, siyasi tapşırığın təzahürü deyil, qanda, candadır.

İyul ayında insanların meydanlara axışaraq  “Cənab Ali Baş Komandan, əmr edin, gedək torpaqlarımızı azad edək” çağırışı dünya xalqlarının ən möhtəşəm mübarizə hərəkatları tarixinə parlaq səhifələrdən biri kimi yazıldı. Bu, azərbaycanlıların milli dövlətin təməl prinsiplərini qoruyub saxlamaqdan ötrü güclü, qətiyyətli çıxışı idi.

Dinimizdə elə dəyərlər var ki, adət-ənənələrimizin zəngin məqamları ilə birləşərək özünəməxsus bir mədəniyyətin əsasını təşkil edir.  Əsgərimizin qürur, şərəf, cəsarətlə döyüşüb, QƏLƏBƏ və ŞƏHADƏT zirvəsinə can atmaq əzmiylə məkrli dünyaya dərs verdiyi bir zamanda Qarabağ hadisələrini düşündükcə, istər-istəməz “Kərbəla vaqeəsi” xatırlanır.

Bizi özümüzdən elə iyrəndirmişdilər ki, ruhaniyyatımız ölmüşdü, bütün böyük dəyərlərimiz yaddaşımızın alt qatlarında pərən-pərən olmuşdu. İşğal edilən torpaqlarımız uzaq, yad bir əfsanəyə çevrilmişdi. İndi düşmən tapdağından xilas edilən yerlərin, ərazilərin, kəndlərin adını eşitdikcə nağıllardakı kimi illərlə davam edən “ ölüm yuxusu”ndan oyanırıq sanki! Yox, sankisiz! Oyanırıq! Sən demə biz öz əxlaqını, ənənəsini itirmiş toplum olaraq yaşamışıq 200 il... Belə toplum dünya xalqlarının azadlığı uğrunda mübarizələr tarixini oxuyub nəyi dərk edə, azadlıqla azadəlik məfhumunu necə anlaya bilərdi ki?! Axı ruhani aləm nəzəriyyə ilə formalaşmır, onu gerçəkləşdirən yaşamaq və yanmaqdır! Elə ona görə də bugünki Qarabağ və onun ətrafında vaqe olanları yaşayıb hiss etdikcə, Kərbəla daha dərindən dərk edilir, duyulur...

Aşura hadisəsindən sonra Həzrət Zeynəbin Yezidin sualı müqabilində verdiyi cavabı yada salaq. Yezid soruşdu ki, gördün,  Allah-təala sizinlə necə rəftar etdi?! Həzrət Zeynəb cavab verdi: “mə ra eytu illə cəmil” - yəni  “biz gözəllikdən savayı heç nə görmədik”.

Xanım Zeynəbin təbirincə, vətənin səmasındakı qəmə bələnən buludlarda sıxılıb qalan, vaxtını gözləyən ö göz yaşları - gözəllikdir!

Başını dik tut Azərbaycan xalqı! Başını dik tut, Vətən!

“Vətən sağ olsun!” deyərək, odun-alovun içinə atılan Azərbaycan əsgəri, Tanrı sənə yar olsun, çox yaşa!

Şəhidim, yetişdiyin o uca məqamınla içindəki yüksək əxlaqdan, dərin və zəngin mənəviyyatdan, qazandığın o zirvədən də yüksəkdəsən! Sən HAQQA qovuşmusan, NURA qarışmısan! Sənin cihadın insanları həqqaniyyətə yaxınlaşdırmaqdır! Cihad isə hissi məqamdır, missiyadır. TƏBİƏT, ZAMAN, YARADAN,  səni seçib, seçilmişlərdənsən, Şəhidim!

Milli tariximiz son iki yüz ildə ilk dəfə İntibaha qədəm qoydu!  Milli şüur İNTİBAHINI yaşamağa başladı! Çünki Azərbaycan heç vaxt indiki kimi müstəqil olmayıb! Xalqımız belə azad təfəkkürlə yaşamayıb. ZAMAN bizə nəsib edib ki, həyatımızı, günümüzü quraq,  ərazilərimizi işğalçı düşməndən azad edək, dövlətimizin sabah ruhaniyyatını quracağımız ərazilərini bərpa edək! Az sonra müstəqilliyimizin içində müstəqillik quracaq, daha yeni azadlıq formalaşdıracaq, elm və təhsili, mədəniyyəti inkişaf etdirəcək, intibahımızın zirvəsinə yüksəlmək uğrunda böyük yola qədəm qoyacağıq. Möhkəmlənmiş Yeni Azərbaycan dünyada özünün yeni yerini tutacaq, ən yeni və ən böyük sözünü deyəcək!

 Yaşadığımız bu tarixi günlər elə möhtəşəmdir ki, gözləntilərimiz, ümidlərimiz, inamımız bu köhnə sivilizasiyaya sığmır. Zamanla QARABAĞ AZADLIQ VƏ AZADƏLİK uğrunda mübarizə strategiyası və taktikasının yeni sivilizasiya beşiyinə çevriləcək! Ona görə də bütün bunları deməklə, yazmaqla qane olmur insan, yaşamaq, duymaq istəyir. Eyb etməz, biz tələssək də, ZAMAN öz işini görsün tələsmədən, o tələsməsin!

Deyirlər, insan arzu və istəklərini gerçək kimi təsəvvüründə canlandırmalıdır ki, onlara qovuşa bilsin. İndi xalq da, ordu da xəyallarının  gerçəyini yaşayır. Çünki müdrik və qətiyyətli rəhbərimiz, liderimiz var.

Dünya şöhrətli siyasətçi, Ulu Öndər Heydər Əliyevin davamçısı Cənab İlham Əliyevin sərt  sınaqlarla dolu olan günlərimizdə hər kəlməsi aforizmə çevrildi, xalq və əsgər Rəhbərdən ilham aldı.

Arzu və istəklərimizə çatmaq üçün onlara gerçək kimi yanaşmağın zəruriliyi nöqteyi-nəzərindən təsəvvürdə QIZIL SİKKƏ canlanır. 27 illik işğal tarixi olan Kəlbəcərin qızıl sərvətindən QƏLƏBƏ GÜNÜ münasibətilə tökülən sikkənin bir üzündə xalqımızı və dövlətimizi qələbələrdən-qələbələrə aparan Liderimizin adını və ordumuzun qəhrəmanlığını  əbədiləşdirən hal,  digər üzündə Qarabağın nadir incisi XARI BÜLBÜL!

Dövlət başçısının adına tökülən QIZIL SİKKƏ əsrlərdən-əsrlərə ötürülən köklü ənənə olaraq Şah İsmayıl Xətai zamanından dövlətşilik rəmzi anlamını daşıyır.

Və! Elə Xətai zamanının möhtəşəm rituallarından biri -  məscidlərimizin minarələrindən iftixarlı bir səs yayılır ətrafa...

Yaradanın Cənab İlham Əliyevə xalqa bu böyük xoşbəxtliyi yaşatmağı nəsib etdiyi müqəddəs missiya elə Allah evlərindən Liderimizin adına oxunan XÜTBƏLƏRLƏ mübarəklənir, həm də təbarəklənir!

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu