Bu gündən III ixtisas qrupu üzrə xüsusi qabiliyyət imtahanlarının keçirilməsinə başlanılıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının(TQDK) mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, imtahan komissiyasında qeydiyyatdan keçən abituriyentlər iyulun 18-dən 24-dək qabiliyyət imtahanı verəcəklər.
Bildirilib ki, qabiliyyət imtahanından müvəffəqiyyətlə keçməyən abituriyentlər III ixtisas qrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak edə biləcəklər. Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq. 9038 abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb.
Qeyd edək ki, tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra TQDK tərəfindən təyin olunacaq müddətdə elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə biləcəklər.
Anar RÜSTƏMOV