Bu məmləkətin bədbəxt qadınları
Artıq 6 gecədir qonşuluqdakı körpə Nurayın “a mamma, mammaaa” deyə bağıraraq ağlamasına yata bimirik. Bu isti yay günündə mən də daxil olmaqla qonşular evinin pəncərələrini Nuraya görə açmırıq, hətta bəzi hallarda evimizə gec gəlirik ki, onun ürək yandıran naləsini eşitməyək.
Nə gündüz, nə də gecə nəyləsə onu ovundurmaq mümkün olur. Qarşısına tökülən oyuncaqlar, özündən yaşca böyük olan qohum uşaqları, yaxınlarının nəvazişi, qucaqlarına alıb oynatmaları – heç nə və heç kim o körpəni sakitləşdirə bilmir. Çünki 6 gün əvvəl 19 yaşlı anası Aydan onu ər evində atıb qaçıb. Hansı ki, ana balanı canından çox sevir, onu heç kimə etibar etmirdi. İndiysə 1 yaş 3 aylıq uşaq ortalıqda qalıb...
Ailəni yaxından tanıdığım üçün ailə daxilində baş verənlərdən az da olsa xəbərdar idim. Aydan o evə gəlin gələn gündən bu yana, iki ildir əri tərəfindən döyülür, söyülür, təhqir olunur, evdən kənara çıxmasına icazə verilmirdi. Bəzən bu hallar heç bir səbəb olmadan baş verərdi. Aydanın qonşu gəlinlər kimi dəblə geyinmək, çölə-bayıra çıxmaq, ailəsiylə gəzmək, qohumluq əlaqələrini itirməmək, ara-sıra ata evinə baş çəkmək istəyi də arzu olaraq ürəyində qalardı. Qohum-qonşuda toy-nişan olanda bu gəlin gedə bilmirdi, çünki geyinib getməyə təzə paltar, toya verməyə pul yox idi. Gələn-gedənə həsrətlə baxar, dərindən köks ötürərdi. Amma istəklərini həyata keçirmək üçün ailədə söz-söhbət salmırdı, susurdu. Hətta döyülüb-söyüləndə belə “axı mən sənə neyləmişəm ki, məni döyürsən, pulun yoxdursa, qazana bilmirsənsə günahım nədir?” - deyib körpəsini bağrına basıb için-için ağlayardı...
Əriylə 3 il istəkili olub, sonra ailə qurmuşdu, amma bu sevgi az zamanda yox oldu. Qızı dünyaya gələndə əri “qızdır, neynirəm qızı, oğlan olardı gərək” deyib donquldanırdı. Nur topu kimi qızını atanın qucağında 1 dəfə görmüşdüm. Uşaq ağlamaqdan çatlasa da, daş ürəkli ata onu qucağına almazdı. Bu hərəkətinə görə qadın ona “yezid” də deyərdi. Aydan “uşağın yeməyi qurtarıb, acından ağlayır, ona gələndə yemək al. Bezi yoxdur dəyişib-geyindirməyə. Paltarları kiçilib, əyninə gəlmir, yenisini almaq lazımdır. Vaxtın yoxdursa pul ver mən gedib alım. Anamgilə deməyə utanıram, həmişə onlar alır, bir dəfə də sən al” dedikdə əri cavab verərdi ki, “ölür cəhənnəmə ölsün, bezi qurtarıb, cəhənnəmə ki. Paltarı yoxdur, çılpaq gəzdir. Atana denən alıb gətirsin, qızı deyilsən, zəhmət çəkib ölənə kimi sənə baxsın. İş yoxdur, taksi sürməklə heç nə qazana bilmirəm. Pulum da yoxdur, özümü öldürməli deyiləm, mən özüm də bezmişəm bu cür yaşamaqdan”...
... Bilmirəm, amma nədənsə, baş verən bu cür hallara qarşı aqressiv münasibət bəsləyirəm. Kimliyindən aslı olmayaraq, övladını atan valideynləri, valideynlərini atan övladları bağışlamaqda acizəm. Bu həyatda hamının bəxtinə xoşbəxtlik yazıla bilməz. Bu yalan dünyada hər kəsin taleyin amansız oyunu ilə qarşılaşması mümkündür, kimsə bundan sığortalanmayıb. Amma yenə də nə olursa olsun, nə baş verirsə versin, 15 aylıq uşağı atan, ondan imtina edən gənc yaşlı anaya haqq qazandırmağa çətinlik çəkirəm. Bütün hallarda baş verənlər bağışlanılmazdır. Bu düşüncəmə görə bəlkə də çoxunun qınağına tuş gələcəyəm. Amma kişinin qadını döyməsi kişilik, qadının da uşağını atması çarəsizlik hesab oluna bilməz.
... Boşanmalarla, intiharlarla, özünə sui-qəsdlərlə, kişlər və qadınlar arasında əxlaqsızlıqlarla, ailədaxili münaqişələrlə, cinayətkarlıq və oğurluqlarla, övladdan imtinalarla bağlı hallar, təzyiq, diabet, ürək çatışmamazlığı xəstəliklərin sayı günü-gündən artmaqdadır. Bunun da kökündə bir səbəb dayanır: iqtisadi çətinlik, pulsuzluq, işsizlik, məcburiyyət. Bu məsələdə Avropanı ötüb keçmişik. Amma aramızda cüzi fərq var. Onlarda boşanmalar, digər bu kimi hallar sadəcə aralarında olan sevginin tükənməsi və ya azad yaşamaq istəyilə bağlı olur. Dost kimi ayrılır, dövlətin onlara verdiyi hüquqlardan yarınmaq imkanları qazanırlar. Bizdə isə tam əksinədir...
Adi və bayağı bir misal: Bir ailənin aylıq məvacibi 250-300 manatdır, ailənin 3 uşağı orta məktəbdə oxuyur. Məktəbli formasının qiyməti 40 manatdır. Üç uşağın sadəcə məktəbli forması üçün 120 manat xərcləmək lazım. Digər geyimlərini, məktəb ləvazimatlarını bura daxil etsək, fantastik rəqəm alınacaq. Korrupsiya hallarını, hara gəldi rüşvət verməyi demirəm. İndi yaşa görüm bu məmləkətdə necə yaşayırsan.