Modern.az

Qəhrəmanlarımızı tanıyaq: “Biz atamgilin ala bilmədiyi torpaqları geri qaytardıq” - MÜSAHİBƏ

Qəhrəmanlarımızı tanıyaq: “Biz atamgilin ala bilmədiyi torpaqları geri qaytardıq” - MÜSAHİBƏ

Qarabağ

20 Noyabr 2020, 13:25

Azərbaycan Ordusunun öz ərazilərini azad etməsi üçün başladığı əks-hücum əməliyyatlarında yüzlərlə əsgər rəşadət və qəhrəmanlıq tarixi yazıb. Neçə-neçə əsgərimizin savaş meydanında göstərdiyi qəhrəmanlıqsan xəbərsizik. Qəddar düşmənə qarşı bir neçə saat belə döyüşməklə böyük şücaət, qəhrəmanlıq nümunəsinə çevrilmək mümkündür. 44 günlük Qarabağ savaşında qəhrəmanlıq göstərmiş  əsgərlərimizdən biri də Şuşa uğrunda döyüşlər zamanı yaralanan Məhəmməd Nəsibovdur.

Bu qəhrəmanımız yaralı olsa belə, döyüş yoldaşlarını tək qoymamaq üçün o vəziyyətdə meydana qayıdıb. Əsl vətənpərvərlik, dostluq, şücaət nümunəsi olan qəhrəman əsgərimizi bir də onu böyüdüb boya-başa çatdıran ananın dilindən eşidək. M.Nəsibovun anası Bəsti Nəsibova Modern.az-a oğlundan danışıb.


- Oğlunuz ilə sonuncu dəfə nə zaman danışmısınız, indi hansı istiqamətdədir?

- Sonuncu dəfə oktyabrın 31-i danışmışıq. Dedi ki, çox gözəl yerdəyik, ana, narahat olma, hər şey əladır. İndi isə Xocavənd rayonunda, Hadrut istiqamətindədilər.


- Məhəmmədin yaralandığını eşitmək sizə necə təsir etdi?

- Biz danışandan sonra mən eşitdim ki, onların olduğu bölgəyə ağır artilleriya mərmisi düşüb, şükürlər olsun ki, sadəcə yanıq xəsarətləri alıblar. Hadisədən sonra 8 gün əlaqə kəsildi. Sonra yenidən danışa bildik. Mən də bir ana kimi çox xoşbəxt oldum ki, oğlum sağ-salamatdır.


- Məhəmməd Şuşanın azad olunmasında xüsusi iştirak edib, onun bu qəhrəmanlığı barədə danışaq...

- Məhəmmədin atası 90-cı illərdə Qarabağ müharibəsində iştirak edib, qazi olmuşdu, sonra isə qan təzyiqindən həyatını itirdi. Məhəmməd 6 yaşından mənim himayəmdə, atasız böyüyüb. Hər zaman deyirdi ki, “biz atamgilin ala bilmədiyi torpaqları geri qaytaracağıq”. Əsgərliyə getdiyi zamana dedi: "Ana, narahat olma, inşallah, torpaqlarımızı azad edib, geri gələcəyəm".  Oğlum mənim fəxrimdir...

Məhəmməd artıq 11 aydır əsgərlikdədir. Beyləqanda hərbi xidmətdə idi. Səfərbərlik elan olunduqdan sonra isə cəbhəyə yolladılar.


- Universitetə sənəd vermişdimi?

- Məhəmmədin yanvar ayında 19 yaşı tamam olacaq. Məktəbi bitirdikdən sonra universitetə qəbul olunmaq üçün cəhd etdi, ancaq istədiyi balı toplaya bilmədi və əsgərliyə getdi.


- Əsgərliyə gedəndə sizə sözləri nə olmuşdu? Hərbi xidmətə hansı hisslərlə yollanmışdı ?

- Hər zaman deyirdi ki, Allahın izni ilə torpaqlarımız azad edilər və bu azadlığın əldə olunmasında onun da bir payı olar. Sağ-salamat qayıdacağını deyib, qayıdacaq da, inanıram. Mən oğlumu çox böyük fəxr hissi ilə qarşılayacağam. Allah bütün qəhrəman balaları ailəsinə, sevdiklərinə bağışlasın!


Mehri QURBAN

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü