Modern.az saytı “Xaricdəki tələbəmiz” adlı layihəsini davam etdirir. Budəfəki müsahibimiz Avstraliyanın La Trobe Universitetində təhsil alan Kamran Əhlimanlıdır.
– 1992-ci il mayın 10-da Bakı şəhərində anadan olmuşam. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin biznes inzibatçılığı fakültəsinə qəbul oldum. 2012-ci ildə Azərbaycandakı təhsilimi dayandıraraq dövlət proqramı ilə Avstraliyanın La Trobe Universitetində təhsil almağa başladım. Hazırda bakalavr pilləsinin 1-ci kursunda oxuyuram.
– Necə oldu ki, xaricdə təhsil almağa qərar verdin?
– Məktəb illərindən başlayaraq valideynlərim məni xaricdə təhsil alan bir tələbə kimi görmək istəyirdilər. Onların mənə göstərdikləri ehtiram və inam nəticəsində qərara gəldim ki, məndə gələcəkdə xaricdə təhsil alacam. Universitetə qəbul olduqdan sonra Bakıda təşkil olunan bir sıra təhsil sərgilərində iştirak etdim və bu mənim əsas məqsədimə çevrildi.
– Bəs niyə Avstraliya?
– Avstraliya dünyanın ən qabaqcıl təhsil sistemi olan ölkələrindən biridir. Xüsusilə mühasibat sahəsində bu ölkənin universitetlərinin əksəriyyəti, eləcə də mənim təhsil aldığım La Trobe Universiteti dünya universitetlərinin sıralamasında ilk yüzlükdədir. Ölkə dilinin məhz ingilis dili olması və müxtəlif etnik qrupların mövcudluğu bu ölkəni seçməyimə səbəb oldu.
–Ailəndən uzaqda yaşamaq çətin olmadı ki?
– Təbii ki, ilk dəfə ailəmdən bu qədər uzaq məsafədə olduğum üçün öyrəşmək bir az çətin oldu. Ancaq mən həm ailəmlə və dostlarımla tez-tez əlaqə saxladığım üçün, həm də yeni mühitə tez öyrəşən biri olduğuma görə mən buna yeni bir təcrübə kimi yanaşdım.
– Bəs Avstraliyaya necə öyrəşdin?
– Bəli, çox qısa bir müddətdə müxtəlif millətlərdən çoxlu dostlar qazandım. Həmçinin mənim üçün yeni olan bir cəmiyyətin mədəniyyət və mentalitetini qəbul edib hörmətlə yanaşdım. Ancaq nə qədər hörmətlə yanaşsam da, öz prinsiplərimi üstün tutub bir azərbaycanlı olaraq qalmağı özümə borc bilirəm.
– Ümumiyyətlə, əsas çətinliklərin nələr olur?
– Düzünü desəm, elə nəzərə çarpacaq çətinliklərim olmayıb. Amma yemək bişirmək problemi və fərqli mədəniyyətlərdən irəli gələn fərqli düşüncə tərzləri ilk başlarda çətinliklər yaradırdı. İlk gəldiyimdə Avstraliyanın yeməklərinə öyrəşə bilmirdim və özüm bişirməyə çalışırdım. Müəyyən vaxtdan sonra yavaş-yavaş uyğunlaşmağa başladım. Artıq hazır almağa üstünlük verirəm.
– Problemlərin həlli üçün kimlərəsə müraciət edirsən?
– Əlbəttə. Dərslə bağlı problemlərim olduqda müəllimlərə və digər çətin məsələlərdə azərbaycanlı tələbələrə müraciət edirəm.
– Azərbaycanlı tələbələrlə münasibətin necədir?
– Bizim tələbələrlə daim ünsiyyətdəyəm. Sayımızın az olmasına baxmayaraq, gələcək barədə çoxlu planlarımız var və yavaş-yavaş həyata keçirməyə başlayırıq. Mən öz universitetimdə tək azərbaycanlıyam. Ümumiyyətlə, Sidneydə 5 azərbaycanlı tələbə var.
– Bəs xarici tələbələrlə münasibətiniz necədir?
– Münasibətlərimiz çox yaxşıdır. Xüsusilə qrup çalışmalarında bir yerdə işlədikdən sonra bu münasibətlər daha da inkişaf etdi.
– Boş vaxtlarını necə keçirirsən?
– Həftə sonları vaxtımı elə bölməyə çalışıram ki, həm xarici dostlarımla, həm də azərbaycanlı tələbələrlə vaxt keçirim. Dostlarımla qəhvə içməyə, boulinq oynamağa, film izləməyə gedirəm.
– Müəllimlərin tələbələrə olan münasibəti necədir?
– Kimliyindən asılı olmayaraq, hər birinə kömək etməyi özlərinə bir növ borc bilirlər. Təkcə dərslə bağlı deyil, həm də tələbələrin dərsdən kənar problemlərini dinləməyə və yol göstərməyə çalışırlar. İmtahanda müəllim heç bir rol oynamır ancaq, onların qapıları həmişə tələbələrin üzünə açıqdır.
– Aldığın təhsil səni qane edirmi?
– Təhsilimdən həddindən artıq razıyam və çox istərdim ki, burda öyrəndiklərimi vətənimə qayıdanda tətbiq edim.
– Azərbaycandakı təhsil sistemindən əsas fərqi nələrdir?
– Bunu söyləmək acı olsa da, təhsil sistemi Azərbaycan təhsil sistemindən çox fərqlidir. Burda təhsil aldığım müddətdə bizim təhsil sistemimizdə olan boşluqların nə qədər çox olduğunu gördüm. Ən əsas fərqlərindən biri tələbələrin təhsilə göstərdiyi böyük maraq və oxumaq üçün yaradılan yüksək səviyyəli şəraitdir.
– Bəs oxumaq çətindirmi?
– Dərs materiallarının ağır olması, həmçinin əcnəbi dilin yaratdığı çətinliklər bəzən problemlərə səbəb olur.
– Heç düşünmüsən ki, xaricdə təhsil sənə nə verir? Səndə, eləcə də dünyagörüşündə nələri dəyişib?
– Xaricdə təhsil mənə cəmiyyət içərisində fərqlənmək imkanı, ali savad və gələcək üçün geniş karyera imkanları verir. Bundan başqa, düşüncə tərzimdə olan dəyişikliklər və gördüyüm fərqli mədəniyyətlər dünyagörüşümdə bir sıra müxtəlifliklər yaratdı.
– Azərbaycandakı tələbə həyatınla oradakı tələbə həyatı arasında hansı fərqlər var?
– Vətəndə yaşadığım müddətdə bütün əziyyətlərdən azad idim. Valideynlərim, dostlarım yanımda idi. Ancaq indi isə həm qürbətdəyəm, həm də dərsdən başqa öhdəliklərim də var.
– Azərbaycanı tanıtmaq üçün hansı tədbirlər keçirirsiniz?
– Avstraliyada yaşayan azərbaycanlıların sayının az olması və səfirliyin mövcud olmaması bəzən vətənimizi tanıtmağımızda çətinliklər yaradır. Buna baxmayaraq mənim şəxsən öz müəllimlərimə və tələbə yoldaşlarıma Azərbaycan haqqında verdiyim məlumatlar, o cümlədən “Eurovision”-la bağlı video çarxlar Azərbaycanı tanıtmağıma səbəb olub. Həmçinin diasporumuzla birlikdə Novruz bayramını da qeyd etdik.
– Xaricdə oxuyan bəzi tələbələr sonradan Azərbaycana qayıtmaq istəmirlər. Bəs sən nə fikirdəsən?
– Əlbəttə ki, qayıtmağı düşünürəm. Burada əldə etdiyim bilikləri vətənimdə tətbiq etməyi özümə borc bilirəm.
– Azərbaycan deyəndə əsasən nələr üçün darıxırsan?
– Ən əsas ailəm və dostlarım, sonra isə milli mətbəximiz üçün daha çox darıxıram. Birdə böyüyüb boya-başa çatdığım “Montin” üçün.
– Əsasən nə yeyirsən? Yeməkləri özün bişirirsən?
– Yeməyə çox vaxt itirməmək üçün daha çox “fast food”-la qidalanıram.
– Bir ayda nə qədər xərcin çıxır? Daha çox nələrə pul xərcləyirsən?
– Sidney bahalı şəhər olduğuna görə ayda təxminən 2000 dollara yaxın xərcim çıxır. Rəsmi statistikaya əsasən Sidney dünyanın ən bahalı 10 şəhərindən biridir. Ən çox xərcim evin kirayə haqqına və qidalanmağıma çıxır.
– Avstraliyada daha çox nəyi bəyənirsən?
– Dövlətin vətəndaşlarına qarşı qayğısını çox bəyənirəm. Bundan başqa, füsunkar təbiəti, insanların istiqanlı olması.
Sevinc İltifatqızı