Modern.az

6 ayda 1496 xəstə heyvan aşkar edilib

6 ayda 1496 xəstə heyvan aşkar edilib

Təhsil

18 İyul 2012, 13:57

Baytarlıq rəsmisi: “Xəstə heyvanlar zərərsizləşdirilib”

“Bu ilin altı ayı ərzində baytarlıq laboratoriyalarında seroloji müayinə nəticəsində 1171 baş iribuynuzlu, 325 baş xırdabuynuzlu heyvanın xəstə olduğu aşkar edilib”.

Bu barədə məlumatı Modern.az-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin ictimayətlə əlaqələr şöbəsinin rəhbəri Yolçu Xanvəli deyib. Onun sözlərinə görə, cari ilin 6 ayı ərzində qarayara xəstəliyinə görə 2 mln 389 min 681 baş iribuynuzlu, 7mln 326 min 944 baş xırdabuynuzlu və 106 min 816 baş təkdırnaqlı heyvanlarda, dabaq xəstəliyinə görə,  quduzluq xəstəliyinə qarşı 241 min 238 baş itdə, həmçinin quşların nyukaslına qarşı 10 mln 600 min 308 baş quşda H vaksini ilə, 20 mln 377min 505 baş quşda La-Sota vaksini ilə profilaktik peyvəndləmə aparılıb. Həssas heyvanlar arasında brusellyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə cari ilin ötən dövründə 903 min 766 baş iribuynuzlu, 1mln 311 min 984 baş xırdabuynuzlu heyvanlardan qan nümunəsi alınıb,  baytarlıq laboratoriyalarında seroloji müayinə aparılıb və  nəticədə 1171 baş iribuynuzlu, 325 baş xırdabuynuzlu heyvanın xəstə olduğu aşkar edilib. Y. Xanvəlinin sözlərinə görə, aşkar edilən xəstə heyvanlar brusellyozun təlimatına uyğun zərərsizləşdirilərək təsərrüfatlardan çıxarılıb. Bununla yanaşı, vərəmə qarşı 478 min 402 baş iribuynuzlu, manqoya qarşı 56 min 313 baş təkdırnaqlı heyvan müayinə olunub və xəstə heyvan aşkar olunmayıb.

Bu ilin altı ayı ərzində quş qripinin qarşısının alınması məqsədilə monitorinqlər də aparılıb. İl ərində 2 dəfə keçirilən monitorinqlərdə 3954 baş ev və çöl quşlarının qan nümunələri, 48 baş ev və çöl quşlarının patmaterialı quş qripinə görə müayinə edilib. Qan nümunələri və patoloji materialların laborator müayinələrinin nəticələrinə görə quş qripi aşkar edilməyib. “Quş qripi”nə görə seromonitorinqlər əsasən Pirallahı adasındakı Abşeron Milli parkında, Şabran rayonunun Sarvan ov təsərrüfatında, Şirvan Milli Parkında, Ağ göl ərazisində və Qızılağac dövlət təbiət qoruğunda, habelə rayonların əhaliyə məxsus quşçuluq təsərrüfatlarında aparılıb. Hazırda “quş qripi”nə görə epizootik durum sabitdir və bu işlər daimi olaraq Dövlət Baytarlıq Xidmətinin nəzarəti altında saxlanılır. 

Y. Xanvəli onu da bildirdi ki, Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Gəncə, Sumqayıt şəhəri, Göygöl, Qax və Bərdə rayon baytarlıq idarələrinin inzibati binalarının, Şəmkir, Qusar, Cəlilabad, Zaqatala, Biləsuvar, Ağcabədi, Ağstafa və Zərdab rayon baytarlıq idarələrinin və diaqnostik kabinetlərinin inzibati binalarının, Şamaxı zona Baytarlıq Laboratoriyasının inzibati binasının tikintilərinin tamamlanması və 25 sahə baytarlıq məntəqəsində tikintinin aparılması nəzərdə tutulur. Artıq Zaqatala rayonunda aparılan tikinti işləri uğurla başa çatdırılıb və ikimərtəbəli inzibati bina baytarların istifadəsinə verilib. Digər bölgələrdə də bu istiqamətə aparılan işlər davam etdirilir.

Gültəkin Ələsgər

Sizə yeni x var
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış