Modern.az

Jurnalistika fakültəsinin dekanı: “BDU məzunlarına həmişə üstünlük verilib”

Jurnalistika fakültəsinin dekanı: “BDU məzunlarına həmişə üstünlük verilib”

Təhsil

18 İyul 2012, 14:21

Universitetdə özəl ali məktəblərdə jurnalistika fakültəsinin ləğvini müsbət qarşılayıblar

2012/2013-cü il ali məktəblərə qəbul planında jurnalistika ixtisası ilə bağlı ciddi dəyişiklik edildi. Belə ki, cari ildən etibarən özəl universitetlərə jurnalistika ixtisası üzrə qəbul prosesi dayandırıldı. Ümumilikdə isə jurnalistika ixtisası üzrə qəbul planı azalaraq 199 yer oldu.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev Modern.az-a açıqlamasında jurnalistika ixtisasına qəbulun yalnız dövlət universitetlərində saxlanılmasını olduqca müsbət bir addım kimi dəyərləndirib:
“Bu, jurnalistikanın keyfiyyətinə müsbət təsir göstərəcək, çünki qeyri-peşəkarların toplaşdığı özəllərdə təhsil səviyyəsi tarixi, ənənəsi, kadr potensialı və təcrübəsi olan Bakı Dövlət Universitetindən həmişə zəif olub. Kadr hazırlığı ilə  bağlı bu zəiflik də həmişə bizim universitetin adına yazılıb, amma indi peşəkarların hazırladıqları kadrlarla, qeyri-peşəkarların hazırladıqları dırnaqarası kadrlar təbii ki, seçiləcək və bəlli olacaq ki, kim kimdir. Özəl universitetlər tədris proqramını köçürmə, analoji, təqlidi yol ilə işləyirdilər. Onlar təbii ki, artıq media mühitinə ziyan vura bilməyəcəklər”.

Ş.Vəliyev qərarın həm də dövlət universitetlərindəki Jurnalistika fakültələrinə bir mesaj olduğunu deyib: “Güman edirəm ki bu, Jurnalistika fakültələrinə də bir mesajdır ki, biz də öz işimizi yenidən quraq və daha da təkmilləşdirək. Qəbulumuz ənənəvi, keçən ilki qaydada, yəni iki qrup şəkilində olmalıdır. Özəllərdə jurnalistika fakültələrinin bağlanması ilə əlaqədar olaraq,  ola bilsin ki, bizdə artım da olsun, amma hələ rəsmən heç nə yoxdur. Əgər artım olsa, bu bizim üzərimizə bir məsuliyyət qoyur, çünki bunun  auditoriya fondu, yeni kadrların cəlbi məsələsi var.  Bütün hallarda üzərimizə böyük məsuliyyət düşür. Çalışarıq ki, təcrübəli kollektivimizlə  birlikdə bu işin də öhdəsindən gələk”.

Fakültə dekanının sözlərinə görə, jurnalistikanın birinci mərkəzi BDU-dur. Burada hazırlanan kadrlara tələbat daha çoxdur, nəinki özəllərdə hazırlanan kadrlara.  “Əmək bazarında bütün müştərilər keyfiyyətli, kamil  mütəxəssis, kadr istəyir. Bu baxımından BDU-nun kadrları həmişə  fərqlənirlər. Mətbuatda həmişə bizim tələbələrə üstünlük verirlər”, – deyə Ş.Vəliyev bildirib.

Nihadə Eyyubova

Sizə yeni x var
Keçid et
Rusiyadakı azərbaycanlıları bu təhlükə gözləyir - Kritik çağırış