Azərbaycanda həftə sonları ictimai nəqliyyatın hərəkətinin məhdudlaşdırılması qərarı dekabrın 28-dək qüvvədə olacaq.
Modern.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin müddətinin uzadılması barədə qərara əsasən, 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.
Qərarda həmin günlərdə taksi xidmətlərinin fəaliyyətinin qadağan edilməsi ilə bağlı heç bir bənd qeyd edilməyib.
Məlumat üçün bildirək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiylar Nazirliyinin rəsmi məlumatında şənbə-bazar günləri taksi xidmətinin fəaliyyətinə icazə verilməyəcəyi açıqlansa da, Daxili İşlər Nazirliyinin məlumatında bunun əksi yer alıb.
Qeyd edək ki, karantin rejiminin sərtləşdirilməsi çərçivəsində rəsmi qurumlar tərəfindən şənbə-bazar günləri taksi xidmətinin fəaliyyətilə bağlı verilən təzadlı açıqlamalar vətəndaşlarda haqlı olaraq çaşqınlıq yaradıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan isə Modern.az-ın sorğusuna cavab olaraq həftəsonu taksilərin fəaliyyətinə qadağa qoyulmadığı bildirilib.
Rəsmi məlumatda qeyd edilib ki, əvvəlki qərarlarda da məhdudlaşdırmalar çərçivəsində həftəsonları taksi xidmətlərinin fəaliyyətinə qadağa qoyulmayıb:
“İndi də hər hansı dəyişiklik yoxdur. Şənbə-bazar günü vətəndaşlar taksi xidmətindən istifadə edə biləcək. Narahatlıq üçün heç bir əsas yoxdur”.