"Ermənistan təkcə döyüş meydanında deyil, demoqrafik, informasiya və diplomatik müharibədə də Azərbaycana uduzub".
Modern.az xəbər verir ki, bunu Ermənistan prezidenti Armen Sarkisyan yerli “Arovat” nəşrinə müsahibəsində deyib.
O bildirib ki, bu illər ərzində Azərbaycana müqavimət göstərə biləcək ordu qura bilməyiblər, hərbi texnika və hazırlıq olmayıb:
“1994-cü ildə biz qalib dövlət idik, dünyada, o cümlədən Avropada və NATO-da düşünürdülər ki, regionda ən güclü ordu bizimdir. Həmin vaxt Qarabağda erməni əhalisinin sayı 100 mindən bir qədər çox idi, 26 ildən sonra yenə 100 min və ya 130 mindi. Biz bu demokrafik müharibəni uduzduq. 26 ildən sonra Qarabağda 500-600 min erməni yaşaya bilərdi. Hansı şəkildə bunu edə bilərdik? - müzakirə etmək istəmirəm, amma düşünürəm ki, mümkün idi”.
Sarkisyan deyib ki, diplomatik nümayəndəliklər 3-4 dəfə daha artıq maliyə almalı idi:
“Azərbaycan isə öz diplomatiyasını gücləndirmək üçün hər şey etdi”.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunması ilə bağlı xalqa müraciətində Ermənistan rəhbərliyinin Qarabağdan qaçqın düşən ermənilərin sayı ilə bağlı yalan məlumat verdiklərini bildirib.
"O ki qaldı, bu gün Ermənistan tərəfindən növbəti bir uydurmanın ortalığa atılmasına, mən ona da aydınlıq gətirmək istəyirəm. İndi belə bir rəqəm səsləndirirlər ki, guya, Dağlıq Qarabağdan 90 min erməni qaçıb, qaçqın olub. Yalandır. Dağlıq Qarabağ ərazisində və işğal edilmiş bizim torpaqlarda İkinci Qarabağ müharibəsinə qədər maksimum 60-65 min insan yaşayıb. Biz bunu haradan öyrənmişik? Bizdə operativ məlumat var. Bizim o bölgədə bir çox informasiya mənbələrimiz var və bizim uğurlarımızın səbəblərindən biri də məhz bundadır. Biz tam dəqiqliklə bilirdik və bilirik indi orada nə baş verir, onların xunta başçısı harada gizlənir. Yəqin o da bilir ki, biz bilirdik. Ona görə burnunu çıxara bilmirdi küçəyə, bunkerdə otururdu. Bizim məlumatımız var, mənbələrimiz var, peyk görüntüləri var. Ona görə mən tam əminliklə deyirəm ki, Dağlıq Qarabağda, o cümlədən işğal edilmiş torpaqlarda maksimum 65 min insan yaşayıb. Yaxşı, belə olan halda 90 min qaçqın haradan gəldi? Yenə saxtakarlıq, yenə yalan. İndi yenə məliyə-məliyə, sürünə-sürənə onun-bunun ətəyindən yapışacaq ki, mənə kömək edin", - deyə Prezident İlham Əliyev bildirib.
T.İSMAYIL