Modern.az

Hansı redaksiyada daha çox jurnalist oruc tutacaq?

Hansı redaksiyada daha çox jurnalist oruc tutacaq?

18 İyul 2012, 14:47

“Üç nöqtə”çi Tatyana xanım bütün Ramazan boyu oruc tutur 

On bir ayın sultanı olan Ramazan ayının astanasındayıq. Bu müqəddəs ay boyu biz bəndələrə oruc tutub, namaz qılmaq, Allaha şükr etmək vacib buyurulub. Amma bir neçə ildir Ramazanın yay aylarına təsadüf etməsi oruc tutanları bir növ sınağa çəkib. Çoxları yayın istisinə, quraqlığına baxmayaraq, nəfsləri ilə mübarizə aparıb bu əziyyətli və bir o qədər də savablı ayı oruc tutaraq başa vuracaqlar. Görəsən, həmişə gərgin iş rejimində çalışan jurnalistlər necə, bu ayı oruc tutacaqlarmı?

Modern.az bu sualla redaksiyalara müraciət edib.     

İnsanın özünü və bu ayın savabını dərk edən hər kəsin oruc tutmasını vacib hesab edən “Day.az” saytının əməkdaşlarının yarıdan çoxu oruc tutacaqlar.

“Üç nöqtə” qəzetində hər il ən azı 3-4 nəfər oruc tutur. Bu il də həmin ənənəyə sadiq qalan redaksiya işçiləri Ramazan ayı boyunca oruc tutacaqlar. Hətta redaksiyada milliyyətcə rus olan mühasib xanım da hər il bu ənənəsinə sadiq qalır. Hətta oruc tutanlar arada bir oruclarına fasilə versələr də, Tatyana xanım Ramazan ayının hər günü oruc tutur. Redaksiya əməkdaşları arasında Elməddin Muradlı da oruc tutacaq:

“İstilər imkan versə, iş prosesi əsəblərimizi korlamasa hər gün oruc tutaram”.

“Qafqazinfo” saytının redaksiyası da bu müqəddəs ayı orucsuz keçirməyəcək. Günel Əbilova bütün ay boyu oruc tutmaq niyyətindədir. Digər işçilər isə gərgin iş həyatının oruc tutmalarına imkan vermədiyindən oruc tuta bilməyəcəklər.  

“Kaspi” qəzetinin kollektivi arasından isə 2 nəfər oruc tutacaq. İlham Quliyev və Rufiq İsmayılov bu gərgin iş prosesinə baxmayaraq bütün ay boyu oruc tutacaqlar. Qəzetin digər əməkdaşları isə oruc tutub-tutmayacaqları hələ ki dəqiqləşməyib.

“Yeni Musavat” qəzetinin əməkdaşları bu ayı canlarına cəfa verib oruc tutacaqlar. Redaksiya kollektivliklər oruc tutmasa da baş redaktorla bərabər üç nəfər orucluq ayının savabına batacaqlar. Baş redaktor Rauf Arifoğlu, müxbirlərdən Azər Rəşidoğlu, Kənan bu ayı Allah tərəfindən buyurulan bütün əməllərə riayət etməyə çalışacaqlar. Amma redaksiya işçiləri arasında oruc tutmayanlar da olacaq. Belə ki, yeni ana olanlar və səhhətində problem yaşayanlar oruc tuta bilməyəcəklər.    

“Azərbaycan” qəzetində də bir neçə nəfər oruc tutacaq. Qəzetin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov da başda olmaqla bir çox əməkdaş bütün Ramazan ayını oruc tutacaqlar.

“Mediaforum” saytının 13 nəfər kollektivi arasında 4 nəfər bayramın sevincini yaşayacaq. Onlar bu ay boyu müqəddəs kitabın buyurduğu qaydalara əməl edəcəklər. 

“Gündəlik Bakı” qəzetinin baş redaktoru 20 ildən çoxdur namaz qılıb, oruc tutur. Bu il də ənənəsinə sadiq qalaraq vacib buyurulan əməlləri yerinə yetirəcək. Qəzetin 7-8 nəfər işçisi nəfsləri ilə mübarizə aparacaqlar.

 

 “Ekspress” qəzetinin redaksiyası da hər il olduğu kimi bu il də ənənəyə sadiq qalaraq oruc tutacaqlar. Baş redaktor başda olmaqla Könül Abbasova, Təranə Məmmədova, Qalib İbrahimoğlu oruc tutacaqlar.

Bu ayı savab qazanmaq istəyənlər arasında “Bizim yol ” qəzetinin kollektivi də var. Belə ki, redaksiyadan 2 nəfər-dizayner və müsahib oruc tutaraq ayı başa vuracaqlar.

Modern.az saytında da oruc tutanlar var. Əməkdaşlarımızdan iki nəfər Ramazan ayının tələblərinə əməl edəcək.

Gültəkin Ələsgər

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək