İyulun 18-də “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyində “İtirilmiş gələcək - Aygün” sənədli filmi təqdim olunub. “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin hazırladığı filmin direktoru və məsləhətçisi Milli Məclisin deputatı Qənirə Paşayeva, ssenari müəllifi telejurnalist Vəsilə Vahidqızı, rejissoru Mirsadıq Ağazadədir.
Film mənbəyini Ermənistandan götürən Tovuz çayından tapdığı oyuncağın içərisinə yerləşdirilmiş partlayıcı maddənin işə düşməsi nəticəsində həlak olmuş 11 yaşlı Aygün Şahmalıyevanın acı həyatına həsr edilib.
Otuz iki dəqiqəlik sənədli film rus və ingilis dillərinə tərcümə olunaraq xarici ölkələrdə də nümayiş etdiriləcək.
“Əgər beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar, Qarabağ məsələsinin həlli ilə məşğul olan qurumlar, vasitəçilər Ermənistan tərəfindən qətlə yetirilmiş azərbaycanlı körpələrlə, uşaqlarla bağlı vandalizm aktlarına vaxtında lazımi reaksiya göstərsəydilər, Aygün öz həyatını körpə yaşında itirmədə qalmazdı. 11 yaşlı Aygün Şahmalıyeva məhz beynəlxalq ictimaiyyətin, beynəlxalq təşkilatların bu cür məsələlərə laqeydliyinin, biganəliyinin qurbanı oldu.” Bu fikirləri “İtirilmiş gələcək - Aygün” filmini hazırlayan Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva deyib.
Q.Paşayeva bildirib ki, bu, müasir dünyada analoqu olmayan hadisələrdən biridir:
“Dünyada bunun analoqu yoxdur ki, bilərəkdən içinə partlayıcı qoyulmuş oyuncaq çayla axıdılsın və bunun nəticəsində də gözəl gələcəyi olan körpə yaşlı, məsum bir qız uşağı dünyasını dəyişsin, faciəli şəkildə, vəhşicəsinə qətlə yetirilsin. Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi olaraq da biz körpə balamız Aygünün faciəli həyatına həsr olunmuş “İtirilmiş gələcək - Aygün” adlı film hazırlamışıq. Bu filmin hazırlanmasında və onunla bağlı təqdimat mərasiminin keçirilməsində əsas məqsədimiz ondan ibarətdir ki, əvvəla, indiki gənclik və gələcək nəsillərimiz Aygünü nə unutsun, nə də unutdursun. Çünki çox təəssüflər olsun, yuxarıda qeyd etdiyim kimi, Ermənistan tərəfindən Aygünün belə bir şəkildə vəhşicəsinə qətlə yetirilməsinə çox biganə münasibət ortaya qoyuldu. Bu vandalizm aktına lazımi reaksiya verilmədi. Yenə qeyd edirəm, Aygün nəyin qurbanı oldu? Aygün onun qurbanı oldu ki, beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar bu kimi məsələlərə laqeydlik nümayiş etdirdilər".
Q.Paşayevanın sözlərinə görə, əgər beynəlxalq ictimaiyyət Aygünə qədər qətlə yetirilmiş azərbaycanlı uşaqlar, körpələrlə bağlı vandalizm aktlarına vaxtında lazımi reaksiya göstərsəydi, həmçinin azərbaycanlılara qarşı soyqırımları, qətliamlar həyata keçirən, terroru dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistana və ermənilərə qarşı təsirli təzyiqlər etsəydi, bu vandalizm hərəkətlərini törədənlərin cəzalandırılmasına nail olsaydı, o zaman Aygün də bu şəkildə qətlə yetirilməzdi: "Aygünün bu cür faciəli şəkildə həyatını itirməsi, qətlə yetirilməsi və ona qarşı həyata keçirilmiş terror aktını törədənlərin beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar tərəfindən psilənməməsi, lənətlənməməsi yeni qurbanların olmasına şərait yaradır. Odur ki, bu filmdə bizim əsas məqsədimiz indiki və gələcək nəsilləri Aygünü unutmağa və unutdurmağa qoymamaqdır”.
Millət vəkili eyni zamanda, qeyd edib ki, sözügedən film təkcə Azərbaycanda nümayiş olunmayacaq, o ingilis dilinə tərcümə edilərək beynəlxalq təşkilatlara, xarici ölkələrin Azərbaycandakı diplomatik korpuslarına, həmçinin Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri vasitəsilə Azərbaycanın diaspor təşkilatlarına göndəriləcək. Millət vəkilinin qeyd etdiyinə görə, bununla yanaşı, film sosial şəbəkələrdə və Youtube-da da yerləşdiriləcək: “Biz bir daha bu filmi çəkməklə onu demək istəyirik və dünyaya, beynəlxalq ictimaiyyətə belə bir mesaj göndərmək, çağırış səsləndirmək istəyirik ki, Aygünləri unutmağa qoymayacağıq və unutdurmağa imkan verməyəcəyik”.

Modern.az