Hansısa bədbəxt hadisə, yol qəzaları zamanı təcili tibbi yardım briqadası gələnə qədər zərərçəkənə kömək etmək onun həyatını qurtara bilər. Çox hallarda xəsarət almış şəxs düşdüyü durumdan həyəcanların və şokda olur.
Ona ilkin yardım göstərən adam (xilasedici) bu məqamda da kömək etməyi bacarmalıdır.
Şok– orqanizmdəki orqan və toxumalarda qan dövranının kəskin şəkildə pozulması prosesidir. Müvafiq tibbi tədbirlərin görülməsi ilə şokun inkişaf etməsinin qarşısı alınmazsa, xəstə 5-30 dəqiqə ərzində boğulmadan və ya 24-48 və daha artıq saat ərzində müxtəlif orqanlarda baş verən ağır geriyədönməz dəyişikliklər nəticəsində həlak ola bilər. Odur ki, əvvəlcə insanın şokda olduğundan əmin olmaq lazımdır.
Şok travmalar nəticəsində güclü qanaxmalar, yanıqlar zamanı qan plazmasının itirilməsi və ya orqanizmin susuzlaşması (çoxsaylı qusma, ishal), cərrahi əməliyyatdan sonra yaraya təhlükəli mikrobların düşməsi nəticəsində və ya orqanizmin özündə iri irin ocağının yaranması zamanı, məsələn, peritonit, yenidoğulmuşlarda göbək yarasının irinlənməsi və s. (septik şok), həmçinin güclü allergenin orqanizmə düşməsinə orqanizm tərəfindən verilən reaksiyası (anafilaktik şok) nəticəsində baş verir.
ƏLAMƏTLƏRİ:
Güclü qanaxma və yanıq zamanı yaranan şokun (travmatik şok) ilkin əlamətlərini insanın davranışında olan dəyişikliklərlə müəyyən etmək olar. -İnsan birdən-birə həyəcanlanır: vurnuxmağa başlayır, hara isə qaçmağa can atır və ya əksinə olaraq, əzgin, yuxulu, ətrafdakılara qarşı laqeyd olur. Bu zaman dəri avazımış, soyuq və nəm olur, dodaqları və dırnaqları göyərir, tənəffüsü səthi və tezləşmiş olur. Şokun sonrakı inkişafı zamanı zərərçəkəndə təngnəfəslik yaranır, nəbz tezləşir, arterial təzyiq kəskin şəkildə aşağı enir, o, huşunu itirir. Bu haldan sonra zərərçəkənə tibbi yardım göstərilməzsə (ən effektiv olanı – vena daxilinə qan əvəzedicilərinin köçürülməsidir), onun ürəyi dayanır və aqoniya (canvermə) baş verir. Ona görə də güclü qanaxma zamanı şokun profilaktikası üçün tez bir zamanda qanaxmanı saxlamaq, zərərçəkənin üstünü ədyalla örtmək, isti maye və ağrıkəsici dərman verib dərhal tibb müəssisəsinə çatdırmaq lazımdır. Şokun əlamətlərini müəyyən etdikdə aşağıdakı tədbirləri yerinə yetirmək lazımdır.
QANAXMA ZAMANI ŞOK: Qanaxma – travmadan sonra ölümə səbəb olan və müalicəyə tez tabe olan bir haldır. Qanaxmanın ağırlıq dərəcəsi qanaxmanın az və ya çox olmasından asılıdır. Ağır qanaxmalar şok və ölümlə nəticələnir. Xarici qanaxma, orqanizmin başqa zədələnmələrindən fərqli olaraq, gözlə görünür, çox qorxulu həyəcan yaradır.
NƏ ETMƏLİ?
Belə zədələnmələrdə bioloji substansiyalardan və yoluxucu xəstəliklərdən qorunmaq lazımdır. İstənilən travma almış zərərçəkənə soyuqdursa (o, üşüyür) və onun nəbzi tezləşib onda şokdur, qeyrisi sübut edilənə qədər. Travmadan sonra müşahidə olunan qan təzyiqinin aşağı olması (hipotenziya), səbəbi aydınlaşana qədər hipovolemiya kimi qiymətləndirilir. Huşun səviyyəsi və nəbzin tezləşməsi qan dövranın qiymətləndirmək üçün əsas sayılır.
*Təcili tibbi yardım xidmətini aktivləşdirin. *Qanaxmanı dayandırın. *Zərərçəkənə toxtaqlıq verin və lazım olan qayğını göstərin – zərərçəkəni mümkün qədər rahat vəziyyətə gətirin, çünki ağrılar şoku ağırlaşdıra bilər. Zərərçəkənin rahat vəziyyətdə qalmasına kömək etməklə ağrıları azaltmaq olar. *Zərərçəkəni soyuqdan və istidən qoruyun. Zərərçəkəni dərialtı spazmanın artmaması üçün adyala, yorğana büküb isti saxlayın.
*Əsas zədələnmələrə diqqət yetirin. Lazım olduqda şin və sarğı qoyun.
*Zərərçəkənə su və qida verməyin. Zərərçəkəndə yanğı hissi olmasına baxmayaraq, ona yeməyə və içməyə heç nə verməyin. Onun vəziyyəti elə ciddi ola bilər ki, cərrahiyyə əməliyyatı tələb olunsun. Belə halda mədəbağırsaq sisteminin boş olması məqsədəuyğundur.
*Zərərçəkənə xəsarət yetirə biləcək heç nə etməyin.
Şok vəziyyətində olan bütün zərərçəkənləri xəstəxanaya yerləşdirmək vacibdir. Çünki şok vəziyyəti təkcə ilk yardım vasitəsilə effektiv olaraq aradan qaldırıla bilməz. Şok vəziyyətində olan zərərçəkənə mümkün qədər tez, hərtərəfli həkim yardımı göstərilməlidir.
Səbəbindən asılı olmayaraq şokun ilkin mərhələsində zərərçəkənə yanaşmada ümumi prinsiplər tətbiq edilir. Vaxtında görülən profilaktik tədbirlər şokun qarşısını alır, yaxud onun yüngül keçməsinə təminat verir. Bura zərərçəkənə vaxtında ilk yardım göstərilməsi, düzgün daşınması, şokun səbəbindən asılı olaraq müvafiq ilkin tədbirlərin görülməsi, qanaxmanın qarşısının alınması, erkən itirilən qanın həcminin bərpa edilməsi və bundan sonra ağrısızlaşdırma, sınıqlar və yumşaq toxumaların geniş zədələnmələrində ətrafların hərəkətsizləşdirilməsi (immobilizasiya), bədənin soyumasının, əks göstəriş olmadıqda susuzluğun qarşısının alınması tədbirləri aiddir.
Habelə, zərərçəkənə sakitliyin verilməsi, əldən düşmüş zərərçəkənin yuxusunun təmin edilməsi, soyuq mövsümdə onun isidilməsi də əsas şərtlərdən biridir.
Şokda dövriyyədə olan qanın ümumi həcmi azalır, mikrosirkulyasiya böhranı yaranır və maddələr mübadiləsi pozulur. Ona görə də ilkin müalicə şokun səbəbi nəzərə alınmadan universal aparılmalıdır:
damarlarda dövr edən qanın həcmini bərpa etmək; - mikrosirkulyasiya böhranını aradan
YANIQLARDA ŞOK: Yanıq zamanı bədənin yanmış sahəsindən külli miqdarda maye itirilir və bu dövr edən qanın həcmini kəskin azaldıb, hipovolemiyaya (hipovolemik şoka) gətirib çıxarır. Bu, bədən səthinin 25% artıq sahəsinin yanması nəticəsində bаş vеrir. Bəzi ədəbiyyatda yanıqlar zamanı hipovolemiyadan yaranan şoka yanıq şoku deyilir. Sahəsi geniş olan yanıqlar zamanı zərərçəkəndə şokun baş verməsinin profilaktikası üçün onu təmiz döşəkağına bürüyüb üstünü isti bir şeylə örtmək, ona isti maye içirtmək, yaşına uyğun dozada antihistamin və ağrıkəsici dərmanlar vermək və dərhal xəstəxanaya çatdırmaq lazımdır.
SUSUZLUQDAN YARANAN ŞOK: Çoxsaylı qusma və ishal nəticəsində orqanizmdə baş verən susuzlaşmadan yarana bilən şokun qarşısını almaq üçün vaxtında müvafiq tədbirlər görmək lazımdır. Ağır vəziyyətlərdə dərhal “təcili yardım” çağırmaq və ya mümkün qədər tez bir zamanda xəstəni xəstəxanaya aparmaq tələb olunur.
Əgər şok nəticəsində tənəffüsün dayanması baş veribsə, dərhal xəstəyə süni tənəffüs verməyə başlayın; ürək dayanması baş verdikdə isə ürəyin qapalı masajını icra edin (bax, “Ürəyin xarici masajı”)
Materialların hazırlanması zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 05 aprel 2017-ci il tarixli 14 saylı qərarı ilə təsdiq edilən “İlk yardım” vəsaitindən istifadə olunub.
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə icra edilən “Yol qəzalarında düzgün ilkin tibbi yardımla bağlı maarifləndirmə tədbirlərinin təşkili” layihəsi çərçivəsində təqdim olunur.