Modern.az

Ağdamdakı erməni vəhşiliyi bəşəriyyətin üz qarasıdır

Ağdamdakı erməni vəhşiliyi bəşəriyyətin üz qarasıdır

24 Noyabr 2020, 13:06

"Ağdam təkcə erməni vandalizminin nümunəsi deyil, həm də bu vəhşiliyə göz yuman bəşəriyyətin üz qarasıdır."

 

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın “Qafqazın Xirosiması”na – Ağdama səfəri, viran edilmiş şəhərdə Azərbaycan bayrağını qaldırması və buradakı çıxışı zamanı səsləndirdiyi fikirlər mühüm tarixi və siyasi əhəmiyyətə malikdir.

 

 

Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib. 

Azər Kərimli Ağdamın ölkəmiz və bütün region üçün strateji əhəmiyyətə malik bir ərazidə yerləşdiyini bildirib: “Əbəs yerə Ağdamı Qarabağın və Qafqazın qapısı adlandırmırlar. Böyük İpək Yolunun üzərində yerləşən Ağdam coğrafi baxımdan Cənubi Qafqazın mühüm strateji əhəmiyyət kəsb edən ərazilərindən sayılır və nəqliyyat dəhlizlərinin diversifikasiyası baxımından böyük önəm daşıyır”.

 

 

Millət vəkili qeyd edib ki, Ağdam rayonunun, cənab Prezidentin də qeyd etdiyi kimi, bir güllə atılmadan, itki verilmədən işğaldan azad edilməsi Azərbaycan dövlətinin, ordusunun gücünün bariz göstəricisi və Prezident İlham Əliyevin diplomatiya sahəsindəki böyük uğurudur: “Ali Baş Komandan bu torpaqlara Azərbaycan xalqının, şəhidlərimizin canı, qanı bahasına, qəhrəmanlarımızın şücaəti hesabına qayıtdığımızı vurğuladı. Şübhəsiz ki, əgər müzəffər Azərbaycan Ordusu düşməni kapitulyasiyaya məcbur etməsəydi, erməni qoşunlarının Ağdamdan geri çəkilməsindən də söhbət gedə bilməzdi. Məhz bu baxımdan, Ağdamın işğalına son qoyulması müzəffər Ali Baş Komandanımızın, Ordumuzun möhtəşım qələbələrinin davamıdır”.

Azər Kərimli Ağdamın görüntülərinə hər bir Azərbaycan vətəndaşı kimi ürək ağrısı ilə baxdığını bildirib: “Vəhşiçəsinə dağıdılmış, yerlə bir edilmiş Ağdam təkcə erməni vandalizminin nümunəsi deyil, həm də 27 il ərzində bu vəhşiliyə göz yuman bəşəriyyətin üz qarasıdır. Ermənilər təkcə xalqımıza qarşı deyil, şəhərlərimizə, kəndlərimizə, tarixi abidələrimizə, mədəniyyətimizə, inancımıza qarşı soyqırım həyata keçiriblər və Ağdamın bugünkü mənzərəsi dünyanın heç bir ölkəsində yenidən təkrarlanmasın deyə unudulmamalıdır”. 

Millət vəkili Prezident İlham Əliyevin qətiyyəti, Azərbaycan xalqının birliyi və dövlətimizin gücü sayəsində işğaldan azad edilən bütün yurd yerlərimizin yenidən çiçəklənəcəyinə əmin olduğunu bildirib.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu