Modern.az

Mətbuatımız qibləsiz bir silaha çevrilib

Mətbuatımız qibləsiz bir silaha çevrilib

Media

19 İyul 2012, 18:23

Safruh

Mətbuatda
 mənəviyyatlı, döyüşkən insanlara böyük ehtiyac var

Mətbuat xalqla gündəlik nəfəs alan bir maarif sahəsidir. Ölkənin, dünyanın elə bir mövzusu yoxdur ki, mətbuata dəxli olmasın. Mətbuatın bir özəlliyi də budur ki, adamlar onu «oxuyum-oxumayım» demir, oxuyur. Əhali çox, maraqlar, zövqlər müxtəlif, hər yazı özünün oxucusunu tapır, hər oxucu da öz mövzusunu.

Mətbuatın «4-cü hakimiyyət» adlanması doğru müşahidədir. Elə ona görə də mətbuat vasitəsilə öz sözünü deyənlər çox ayıq və prinsipial olmalıdırlar. Çünki bu «hakimiyyət»dən cürbəcür istifadələr mövcuddur. Ondan istifadə eləyib toplumdakı müsbət, gərəkli oyanışları, yaşantıları xalqa doğru çatdırmaq da, gücləndirmək də olar, təhrif eləmək də, kor qoymaq da. Biz bunun hər gün şahidi oluruq.

Mətbuat toplum üzərində «hakimiyyət»dir. Orada ləyaqətli döyüşçülərə, döyüşkən insanlara böyük ehtiyac var. Biz bu gün görürük ki, mətbuatın gücü hər cür mənəviyyatın əsasən darmadağın edilməsinə yönəlir. Məsələn, millət sevgisi, Vətən duyğusu ardıcıl olaraq korşaldılır, lağa qoyulur, pozuntuya uğradılır. Mətbuat vasitəsilə hər cür yadlıq, əsasən də eybəcər yadlıq axaraq ölkəyə dolur.

Müsbət idealların birbaşa gözdən salınması mətbuatda çox aydın izlənməkdədir. Bu, o deməkdir ki, çağımızda mətbuat əslində qibləsiz bir silaha çevrilib. O, hər cür dəyərə çamur ata bilir. Məsələn, mətbuat vasitəsilə Azərbaycan dövləti gücləndirilir, ya gücdən salınır? Biz görürük ki, Azərbaycanın tarixi qəhrəmanlarına hücumlar olur, xalqın uğurları sökülüb tökülür… Məsələn, bu yaxınlarda biri yazmışdı ki, 28 aprel 1920-ci il hadisəsi, yəni Rusiyanın Azərbaycanı tutması – işğal deyil, inqilab imiş. Bu, Azərbaycanda Azərbaycana qarşı yeriməkdir. Kimsə buna cəsarət etməməlidir. Mətbuatda Babəkə, Koroğluya, Xətaiyə çamur atılır. İndiki Azərbaycanın müstəqilliyinə çamurlar atılır. Adamlar bir-birinə fərdi rəqibliyi ucbatından dövlətin uğurlarını gözardı eləyir, eyblərini qabardır, heç bir uca dəyəri, uğuru Azərbaycan xalqının, Azərbaycan dövlətinin adına yazmaq istəmirlər. Bunu «mətbuat azadlığı, söz azadlığı» da adlandırırlar. Əslində bu, məkr azadlığıdır.

Söz azadlığından o yerdə danışmaq olar ki, sən uğurlardan fərəhini bildirirsən, çatışmazlıqlardan ürək ağrısı ilə yazırsan. Bunlar onu göstərir ki, Asif Atanın «İnsan hər şeydən başdadır» ideyası gündəmə gəlməlidir. Ancaq onu gətirəsi güc görünmür. Biz onu Ocaq olaraq gündəmə gətiririk, nədənsə bizim tövrümüzə qısqanc yanaşma var. Bu, kökündən yanlış, Azərbaycanın hər şeyi üçün zərərli qısqanclıqdır.

Azərbaycanda deyilən mətbuat sözünün hamısının başlıca qayğısı Azərbaycan dövlətinin mənafeyi olmalıdır. Bu, rəsmi iqtidar qəzetlərinin elədiyi apologiya (mədhiyyə) şəklində yox,  təhlillər, həqiqi  durumun təsviri şəklində olmalıdır. Və müxalifət adıyla çıxış eləyənlərin nəyin bahasına olur-olsun, nöqsan axtarması şəklində də olmamalıdır. Bu cür ümumi fərəhli, qayğılı, doğma, hünərli axtarışlar, mübarizələr meydanı olmalıdır mətbuat.

Doğrudan da mətbuat böyük gücdür, böyük məktəbdir. Teatrın ölüb getdiyi zamanın böyük teatrıdır, böyük dramaturgiya səhnəsidir. Ondan vicdanla istifadə olunmalı və vicdansız istifadəyə qarşı barışmaz mövqelər qoyulmalıdır.

İndi elektron kütləvi informasiya vasitələrinin artması ilə bağlı olaraq teatrın, bədii ədəbiyyatın  sönüşündən, eləcə də mətbuatın çöküşündən çox danışılır. Ancaq həmin o sönməkdə olan ədəbiyyatla, teatrla, mətbuatla yuxarıda dediyimiz ideyaları həm ucaltmaq olar, həm də aşağılamaq. Daha doğrusu, olur, biz onu görürük. Mənim hesabıma görə, köşkdən alınıb oxunan qəzeti heç bir vasitə tam əvəz edə bilməyəcək.  Adını çəkdiyimiz vasitələrin sönüşü, çöküşü bütövlükdə toplumun, bəşərin halını ifadə edir. Bu hallara qarşı hər vasitə ilə mübarizə aparılmalıdır. Biz də bunu Azərbaycan mətbuatından umuruq. Və ona deyirik ki, mətbuatın çöküşü adındakı gedişə biz hamıdan tez yox, hamıdan gec uğrasaq, bu, bizim ləyaqətimizdən olar.

Mətbuat, bir növ, dinlərin Ərəfat ideyası kimi bir meydandır. Azərbaycan mətbuatına Azərbaycan siması diləyirəm. Ondan Azərbaycan qeyrəti umuram. Heç kəs özünü özbaşına saymasın. Azərbaycan xalqı – var! Onun mətbuatı özünə xidmət etməlidir.  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi