Modern.az

Fransa senatı və İoneskonun “Kərgədanlar” pyesi

Fransa senatı və İoneskonun “Kərgədanlar” pyesi

Aktual

26 Noyabr 2020, 22:15

Böyük fransız dramaturqu Öjen İoneskonun “Kərgədanlar” pyesi Şekspirin “Hamlet” əsəri kimi şöhrət qazanmışdır. Pyes böyük bir toplumun, son nəticə etibarilə bütün bəşəriyyətin üz-üzə gələ biləcəyi bir təhlükə ilə - kərgədanlaşma ilə bağlı xəbərdarlıqdır. Pyes 3 pərdədən ibarətdir. Birinci pərdədə şəhərin küçələrində kərgədanın peyda olması qəribə görünür və sakinlərin təəcübünə səbəb olur. İkinci pərdədə hadisələr kontorda cərəyan edir. Bunu təsadüfi hesab etmək olmaz. Axı burada ümumiyyətlə müstəqil şəkildə düşünə bilməyən məmurlar çalışırlar, onlar təbii ki, kərgədan simasını qəbul edənlərin ilk sırasındadırlar. Üçüncü pərdədə yalnız  “kərgədanlaşma” konsepsiyasını qəbul edənlər deyil, hamı kimi olmaq istəyənlər qoşulurlar. Pyesin qəhrəmanı Beranjedən başqa əsərdə iştirak edən bütün personajlar öz sosial mənşələrindən və cəmiyyətdə tutduqları mövqedən asılı olmayaraq kərgədana çevrilirlər. İoneskoya görə şəhərin sakinləri mahiyyətləri etibarilə çoxdan kərgədandırlar, yeni şərait sadəcə olaraq onların xarici görünüşünü daxili aləmləri ilə uyğunlaşdırmağa meydan açır.

 

İoneskunun ötən əsrin 50-ci illərində yazdığı bu məşhur pyesini çoxdan oxumuşdum. Sadəcə   Fransa Senatı qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qətnaməni qəbul etməsi məqamında pyesi təkrar oxumaq qərarına gəldim. İoneskonun  pyesdəki uzaqgörənliyi indi də təsdiqini tapır. Onun böyük bir kontorda təsvir etdiyi kərgədanlaşma indi onun vətənində daha sürətlə gedir. Kərgədanın çıxardığı bircə səs var. Brrrr.....brrrr....27 il biz Beynəlxalq aləmdən brrr... brrr səsləri eşitdik.

 

Torpaqlarımız işğaldan azad olundu. İşğaldan azad olunan şəhərlərdə və kəndlərdə barbarlar insan ağlına belə sığmayan bütün vəhşilikləri törədiblər. Bilərəkdən mədəniyyət abidələrini, təhsil müəssisələrini, məscidləri yerlə-yeksan ediblər. Bizə qarşı soyqırım törətdilər, mədəniyyətimizi məhv etmək istədilər, bizi qorxutmağa çalışdılar. Lakin heç nə əldə edə bilmədilər. Ermənistan cəmiyyəti çoxdan kərgədanlaşdığından orda Beranje kimi qalmaq çox çətindir. Kərgədanlaşma keçici olduğundan Fransa cəmiyyəti də yoluxub. Bu Covid-19-dan daha təhlükəlidir. Fransa senatında Qətnamə 297 səslə qəbul olunub. Demək kərgədana çevrilməyən hələ bir neçə Beranje var. Erməni cəmiyyətini fransa cəmiyyətindən fərqləndirən Beranjelərin sayıdır. Fransa bəşəriyyətə maarifçilik, ensiklopediya ideyalarını verməklə yanaşı  həm də başüzən maşını-Gilyoteni də verib. 1789-cu ildə Parisdən deputat seçilmiş  Jozef Gilyoten inqilabdan sonrakı parlamentin iclasında cəzavermənin yeni kodeksini təklif etdi. Yazırlar ki, doktor Gilyoten humanist təşəbbüslə çıxış edərək təklif edir ki, ağır cinayətlərin vahid cəza forması tətbiq edilsin. Cinayətkarın tutduğu mövqedən asılı olmayaraq onun başının bədənindən ayrılmasının mexanizmi işlənilsin. 1793-cü ilin iyul ayından 1794-cü ilin iyul ayına qədər 17 min nəfərin başı bədənindən ayrılmışdır. Maşın gecə - gündüz işləyirmiş. İndi Gilyoten yoxdur, lakin pambıqla baş kəsmək mexanizmlərini işləyirlər. Soyqırıma və barbarlığa bəraət qazandırırlar. Fransa senatının qəbul etdiyi kağız parçasında yazılanlar isə kərgədanın dəyişməz səsindən başqa bir şey deyil. Brrrrr.....brrrrrr....

 

P.S. Fransa Əlcəzairdə XX əsrin tən ortasında 1 miliyon əlcəzairli öldürüb,  2 milyondan çox insan düşərgələrə və türmələrə atılıb, 9 min yaşayış məntəqəsi yerlə-yeksan edilib. Qardaşları ermənilər onların yolunu getdilər. Genetik sürəklilik elə vəhşiliklərin əxz olunmasından başlayıb.

 

Etibar Əliyev,

Milli Məclisin deputatı

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu