Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli hakim partiyanın saytına müsahibəsində deyib ki, Azərbaycan ədəbi dili ilə bağlı həm radio, həm də televiziyalarda problemlər qalmaqdadır.
”Bu problemin aradan qaldırılması üçün ictimaiyyət, xüsusilə ziyalı təbəqəsi öz üzərlərinə düşən vəzifələri lazımi səviyyədə yerinə yetirmir. Hətta elə hallar var ki, özlərini daha çox mütəxəssis hesab edənlər və savadı başqa dillərlə bağlayanlar zəhmət çəkib öz ana dillərini hələ də öyrənmirlər. Bu məni çox narahat edir. Telekanallara hansısa mövzuda gedən verilişlərə mütəxəssilər dəvət edilir və onların bir çoxu yarı rus, yarı Azərbaycan dilində danışırlar. Eləcə də, müxtəlif qurumlarda rus dilindən həddindən artıq geniş istifadə olunur. Rus dilində danışmaq hər hansı yüksək bilik sahibi olmaq və mədəni səviyyənin olması demək deyil. Əksinə, həmin insanların öz ana dilinə laqeyd münasibətidir.
Necə olur ki, başqa ölkələrdən bura gəlib üç il səfirlikdə işləyən insanlar Azərbaycan ədəbi dilini öyrənirlər, amma özümüzünkülər Azərbaycanda yaşaya-yaşaya öz dilimizə biganə münasibət bəsləyirlər? Yəni özünü azərbaycanlı adlandıran insanın Azərbaycan dilini bilməməsi gülüş doğurur.
Hesab edirəm ki, belə hallar tədricən aradan qaldırılmalıdır”.
N.Məhərrəmli deyib ki, MTRŞ telekanalların proqram siyasətinə qarışa bilmir. “Biz istərdik ki, bəzi məsələlər, xüsusilə milli-mənəvi dəyərlərlə bağlı verilişlərlə əlaqədar MTRŞ-ın səlahiyyətləri artırılsın. İstərdik ki, başqa ölkələrdə olduğu kimi bizdə də milli-mənəvi dəyərlərə uyğun olmayan verilişlərin bir müddətə dayarlandırılması səlahiyyətləri verilsin. Biz bundan cəza mexanizmi kimi yox, çəkindirici vasitə kimi istifadə etmək istəyirik. Məsələn, elə proqramlar var ki, xalqımız üçün xarakterik deyil. «Toy olsun», «Onun yarısı» və s. əyləncə xarakterli verilişlər Azərbaycan xalqının mənəviyyatına uyğun deyil. Təbii ki, içimizdə elə insanlar var ki, bu cür verilişlərə baxırlar. Amma əksəriyyət bu proqramların əleyhinədir. İstəməzdim ki, bu tip verilişlər Azərbaycanın efirini doldursun. Bu baxımdan, MTRŞ-nın həmin verilişləri dayandırmaq səlahiyyətləri olsaydı, bu verilişlər də efirdə az olardı”.
N.Məhərrəmli deyib ki, onları narahat edən digər məsələ şou xarakterli verilişlərin daha çox üstünlük təşkil etməsidir.
”Buna qarşı yalnız maarifləndirmə yolu ilə mübarizə apara bilərik. Biz telekanallara göstəriş verə bilmərik ki, bu tipli verilişlər verməsinlər. Amma bu verilişlər çox bayağı, şit, insanların zövqünü korlayan verilişlər olmamalıdır. Verilişlərin keyfiyyəti qaldırılmalıdır. Amma təəssüf ki, bizim bu cür verilişlər intellektual səviyyəsi yüksək olmayan insanlar üçün nəzərdə tutulur”.
MTRŞ sədri bir daha vurğulayıb ki, xarici seriallardan imtina və milli serialların yayımı vacib məsələdir.
”Bəzən hazırda çəkilən serialların keyfiyyətinin aşağı olması fikri ilə tez-tez rastlaşırıq. Mən də razıyam ki, seriallarımız bədii səviyyə baxımından aşağı səviyyədədir, müəyyən qədər bayağılıq var. Bəzən ssenaristlər lazım olan ssenarini düzgün qura bilmirlər. Amma buna baxmayaraq hesab edirəm ki, biz bu yolun başlanğıcındayıq. Biz qoxmamalıyıq, bu yola çıxmışıqsa davam etməliyik.
Bu yolda müəyyən problemlərimiz olacaq, amma onları həll etmək üçün yetərincə potensialımız var. Bu yöndə dövlət dəstəyi də ortadadır. Bildiyiniz kimi cənab Prezident bu məqsədlə 5 milyon manat vəsait ayırıb və özəl telekanalların hər birinə 800 min manat verildi. Bu, böyük bir məbləğdir və hesab edirəm ki, biz qısa müddətdə bunun nəticələrini görəcəyik. Çünki efirdə rəqabət mühiti yaranacaq. Hansı telekanalda ki, daha yüksək reytinqli seriallar gedəcəksə, digərləri ondan yaxşı serial çəkməyə çalışacaq. Beləliklə, bu sahədə yarışma baş verəcək və keyfiyyətli seriallar yaranacaq”.
“Yeni sahə kanallarına gəlincə isə, çox istərdik ki, uşaqlarla bağlı telekanal olsun və ya mövcud televiziylar uşaq mövzusuna daha çox yer ayırsınlar. Əgər daha çox yer ayırarlarsa, yeni kanala ehtiyac qalmayacaq. Bu olmayacaqsa, dövlətin dəstəyi ilə uşaq televiziyasının yaradılması çox yaxşı olardı”-deyə MTRŞ sədri bildirib.
N.Məhərrəmli deyib ki, Azərbaycan MDB dövlətləri arasında ilk rəqəmsal yayıma keçən ölkələrdən biridir. “Biz istəyirik ki, rəqəmsal yayım 2013-cü ilə qədər tam həyata keçsin. Bununla bağlı aztəminatlı əhaliyə yardım göstərilməsi ilə bağlı dövlət başçısına müraciət etmişik və hazırda hökumətdə bu məsələyə baxılır. Əgər qərar qəbul olunarsa, təxminən 130 min insana yardım olunacaq. Bu olarsa, biz rəqəmsal yayıma daha tez keçə bilərik, analoq yayımı dayandırarıq. Bununla bağlı 5-6 milyon manat vəsait Müdafiə Sənayesi Nazirliyinin müvafiq zavoduna investisiya şəklində verilərsə, onda dekoderlərin qiyməti aşağı düşərdi. Həmin dekoderlər aztəminatlı ailələrin özlərinə birbaşa əşya kimi təqdim olunardı. Bunun çox gözəl mexanizm var. Əgər dekoderlər hazır olarsa, onları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi siyahıya uyğun olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin müvafiq şöbələri qısa müddətdə əhaliyə çatdıra bilər. Hökumət tərəfindən bu dəstək olarsa, rəqəmsal yayıma daha tez keçə bilərik”.
Modern.az