Modern.az

Deputat: “Bütün hadisələrin adını düzgün qoymaq lazımdır ki…” - MÜSAHİBƏ

Deputat: “Bütün hadisələrin adını düzgün qoymaq lazımdır ki…” - MÜSAHİBƏ

Parlament

21 İyul 2012, 11:30

Sahibə Qafarova:  Planlaşdırılmamış işin müvəffəqiyyəti yalnız şansa bağlı olur

98 saylı Şəmkir şəhər seçki dairəsindən seçilmiş deputat Sahibə Qafarovanın Modern.az saytına müsahibəsini təqdim edirik.

Dosye: Sahibə Əli qızı Qafarova, filologiya elmləri doktoru, professor, Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru.
IV Çağırış Azərbaycan Respublikası Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, AŞPA-nın Rasizm və Ksenofobiya alt komitəsinin sədri.  İki ali təhsillidir. M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu və Azərbaycan Dillər Universitetini (ingilis filologiyası üzrə) fərqlənmə diplomları ilə bitirib.
1981-ci ildən bu günə qədər Bakı Slavyan Universitetində çalışır.
2000-2004-cü illərdə Qərb Universitetinin Qərbi Avropa Dilləri fakültəsinin dekanı və İngilis filologiyası kafedrasının müdiri vəzifələrində çalışıb.
2004-cü ildən Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru  və ədəbiyyat nəzəriyyəsi kafedrasının professoru kimi fəaliyyət göstərir.
Prof. Sahibə Qafarova  ədəbiyyat nəzəriyyəsi, müasir rus və Amerika ədəbiyyatları üzrə mütəxəssisdir. 80-dən çox elmi və tədris-metodik işin, proqramların, dərs vəsaitlərinin müəllifidir. Filologiyada Gender problemlərinin tədqiqi ilə məşğuldur.
Sahibə Qafarovanın pedaqoji və elmi fəaliyyəti yalnız Azərbaycanın hüdudları ilə məhdudlaşmır. Bir sıra beynəlxalq təlim proqramlarının və layihələrin  iştirakçısı olub:
2006-2007-ci illərdə ABŞ Dövlət Departamentinin Fulbright Scholarship proqramı çərçivəsində Miçiqan Universitetinin Qadınlar və Gender Araşdırmaları İnstitutunda çalışıb.
ABŞ-ın Prinston, Miçiqan, Tennessi Universitetlərində  mühazirələrlə çıxış edib.
Sahibə Qafarova bir sıra  beynəlxalq elmi cəmiyyətlərin üzvüdür:
2004-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

- Sahibə xanım, necə oldu ki, deputat seçkisinə qoşulmaq qərarı verdiniz?

- Əvvəla, düşünürəm ki, insan hansı sahədə fəaliyyət göstərməsindən, hansı işi görməsindən asılı olmayaraq, çalışmalıdır ki, onun əməyinin cəmiyyətə faydası olsun. Mən də təhsil işçisi kimi, 30 ildən artıq Azərbaycanda hər il minlərlə gənci yetişdirən, ona təhsil verən bir ali məktəbin rəhbərliyində təmsil olunan bir şəxs kimi daim bu missiyanı həyata keçirməyə çalışmışam. Təbiidir ki, zaman keçdikcə, insanın önündə daha yeni üfüqlər açılır, insan daha başqa sahələrə maraq göstərir, özünü bu sahələrdə də görmək istəyir. Bunu həm fəal vətəndaş mövqeyi, həm cəmiyyətə daha çox xidmət etmək istəyi, həm də özün üçün bir perspektiv olaraq qiymətləndirmək olar. Amma onu da nəzərə almaq lazımdır ki, bu yalnız fərdin istəyindən asılı olan bir məsələ deyil. Əvvəlcə, bunu gərək daha məhdud mənada sənin çevrən, səni əhatə edən insanlar dəstəkləsin, qəbul etsin, sonra isə sənin xidmət göstərdiyin və göstərəcəyin cəmiyyətdən bu yöndə müsbət siqnallar, çağırışlar olsun. Siyasətlə məşğul olmağa qərar verəndə bunu mütləq şəkildə nəzərə almalısan. Digər tərəfdən, siyasət çox ciddi bir işdir və siyasətdə olmaq öz növbəsində ciddi hazırlıq tələb edir. Başqa bir vacib və çox əhəmiyyətli bir məsələ, təmsil olunduğun, siyasi fəaliyyətini, taleyini bağladığın təşkilatın sənin bu istəyinə münasibətidir. Yəni mənsub olduğun partiyanın sənin bu seçiminə reaksiyası həlledici rol oynayır. Mənim millət vəkili olmağım da bütün bu sadaladıqlarımızın bir-birini tamamlamasından asılı idi. Bütün şərtlər təmin olunduqdan sonra mən belə bir qərar verdim və bu gün düşünürəm ki, doğru bir qərar vermişəm. Millət vəkili olmaq, xüsusən də bu gün regionun ən böyük siyasi təşkilatından, ulu öndər Heydər Əliyevin qurucusu olduğu və bu gün cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi, cəmiyyətin ən öndə gələn simalarının, aparıcı insanların, ziyalıların cəmləşdiyi, 575 mindən artıq üzvü olan bir partiyadan - Yeni Azərbaycan Partiyasından millət vəkili seçilmək böyük şərəfdir.

- 2 ilə yaxındır deputat mandatı daşıyırsınız. Şəmkirlilərlə bağlı hansı işləri görürsünüz?

- Qeyd etmək istərdim ki, mənim millət vəkili seçildiyim Şəmkir rayonunda son illərdə çox işlər görülüb. Dövlət proqramlarının icrası nəticəsində müxtəlif problemlər artıq həllini tapıb. Hazırda Şəmkir rayonunun qazı, suyu, yolları, işığı var. Şəmkirə getsəniz, görərsiniz ki, rayon Bakının bəzi yerlərindən heç də geri qalmır. Rayonda sözün həqiqi mənasında böyük işlər görülüb və görülməkdədir. 1990-cı illərin əvvəllərində üzləşdiyimiz çətinliklər artıq geridə qalıb. Amma sirr deyil ki, bəzi xırda məsələlər var ki, onlar da isnanları qayğılandırır. İnsanlar bizə müraciətlərində də bu qayğılarını dilə gətirirlər. Bəli, bəzi məktəblərin, səhiyyə ocaqlarının və ya digər sosial-iaşə obyektlərinin ümumi səviyyəsi bizi qane etməyə bilər, müəyyən xidmətlərin səviyyəsi narazılıq yarada bilər. Amma əmin olun ki, bunlar zamanla həllini tapan məsələlərdir. Biz də əgər onların aradan qaldırılmasına az da olsa, kömək edə biliriksə, vasitəçilik edə biliriksə, onda çox xoşbəxt olarıq. Seçicilərin müəyyən sosial problemlərinin həlli ilə bağlı gördüyümüz işlərə gəlincə,  təbii ki, onlar var.
Sualınızla bağlı, bir məqamı da geyd etmək istərdim.Bəzən düzgün olmayan informasiya, doğru olmayan təbliğat cəmiyyətdə yanlış fikir formalaşdırır, insananların mövqeyinə mənfi təsir göstərir. Ona görə də bütün hadisələrin adını düzgün qoymaq lazımdır ki, vətəndaşla dövlət, vətəndaşla vətəndaş arasındakı münasibətlərdə problem, etimadsızlıq yaranmasın, insanlar doğru olmayan gözləntilər içərisində olmasın. Təbii ki, millət vəkili o adı ona görə daşıyır ki, vətəndaşa xidmət etsin, onların problemlərini, qayğılarını həll etməyə çalışsın. Bu hər şeydən də əvvəl bizim vətəndaş mövqeyimiz, münasibətimizdir. Amma nəzərə almaq lazımdır ki, Milli Məclis qanunverici orqandır. Ölkədəki hakimiyyət bölgüsü də bunu tərənnüm edir. Milli Məclisin üzvlərinin də ən ümdə işi qanun yaradıcılığı, qanunları təkmilləşdirmək, isnanlara daha yaxşı xidmət edən qanunların ərsəyə gəlməsinə nail olmaqdır. Təbii ki, mən də digər həmkarlarım kimi çalışıram ki, qanunların qəbulunda, təkmilləşməsində fəal iştirak edim.

- Bir sıra deputatlar deyirlər ki, seçicilər bəzi vaxtlarda deputatın  səlahiyyətinə aid olmayan məsələlərlə onlara müraciət edirlər.  Siz də belə hallarla çox qarşılaşırsınız?

- Biz bayaqkı sualda bu məsələyə toxunduq. Bəli, elə vaxt  da olur ki, vətəndaşlar  səlahiyyətimizdən kənar olan müraciətlər edirlər. Buna baxmayaraq, əgər gücümüz daxilindədirsə, təbii ki, onlara kömək edirik, problemlərinin həlli ilə məşğul oluruq. Görürsən  ki, vətəndaş bir məsələ ilə bağlı artıq Appelyasiya məhkəməsindən cavab alıb, amma yenə də həmin məsələni  qaldırır, onun həllini tələb edir. Belə insanları da başa düşürəm, görünür qanunun tələbləri onu qane etmir. Amma hər halda insanlarla işləmək, onları dinləmək bizim borcumuzdur.

 - Seçicilərlə görüşlərinizi harada təşkil edirsiniz? Xüsusi bir qərargahınız var?

- Bir çox hallarda seçicilərlə, vətəndaşlarla görüşmək, onların problemlərini dinləmək, maraqlanmaq üçün mən onların yanına, kəndlərinə, qəsəbələrinə gedirəm, klublarda, məktəblərin akt zallarında görüşlər keçirirəm. Həmçinin, Şəmkirin özündə qərargah fəaliyyət göstərir. Şəmkirdən seçilən millət vəkillərinin köməkçiləri orada otururlar, insanları qəbul edirlər. Seçicilərimiz  bizə məktublarla da müraciət edirlər. Çalışırıq qaldırılan hər bir məsələyə həssas yanaşaq.

- Seçici problemlərini həll edə bilirsiniz?

- Seçicilər  tərəfindən yönələn bütün məktublara  cavab verilir. Mənim   tərəfimdən  dövlət qurumlarına  yazılan məktublar  cavablanır. Həmin  qurumlar həm mənə cavab verirlər, həm də  seçiciyə. Əgər onların həlli mümkündürsə, mütləq həll olunur. Hətta bu mümkün olmadıqda belə, insanları razı salan səbəblər göstərilməlidir.

- Xanım deputatların bəziləri şikayətlənir ki, kişi deputatlar  istər qanun yaradıcılığında, istərsə də qərarların qəbulunda onlara imkan yaratmırlar. Siz necə düşünürsünüz?

- Mən belə bir halla rastlaşmamışam. Ümumən isə qadın və kişi olmasından asılı olmayaraq, hamımızın bir məramı var ki, bizi seçən, bizə səs verən, dəstək olan insanlara xidmət edək. Bizim orada olmaq səbəbimiz də elə budur.

- Sizcə, deputatlıq fəaliyyətində kişilər daha çox uğur qazanır, yoxsa qadınlar?

- Bu fərdi olan bir məsələdir. Deputatın  fəallığı onun özündən asılıdır. Kifayət qədər deputat var ki,  həm qadınlar, həm də kişilər, fəallıq nümayiş etdirirlər.

- Bəzi deputatlar seçici problemlərinin həllində bir sıra məmurların maneçilik törətdiyini deyirlər. Siz necə, belə problemlə üzləşmisinizmi?

- Mən  hələ  belə problemlə üzləşməmişəm.  Hara müraciət etmişəmsə, cavab almışam. Bu, o demək deyil ki, qaldırdığımız bütün problemlər həllini tapır. Xeyr, bunun iddia etmək düzgün olmazdı. Təbii ki, bəzi hallarda aldığımız cavab heç də müsbət olmur. Amma maneçilik törətmək istəyinə, laqeyd münasibətə rast gəlməmişəm.

- AŞPA-dakı fəaliyyətiniz haqqında da bilmək maraqlı olardı.

- Mən Azərbaycanın Avropa Şurarı Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvüyəm. Artıq 2 ildir ki, orada  fəaliyyət göstərirəm. Çalışıram ki, hər bir sessiyada fəal iştirak edim. Həm Azərbaycanla,  həm də orada müzakirə edilən  məsələlərlə bağlı  münasibətimi də bildirirəm və Azərbaycanın mövqeyini orada təmsil edirəm. Mart ayında AŞPA-nın AŞPA-nın Bərabərlik və Qeyri-Diskriminasiya komitəsinin iclasında Rasizm və Ksenofobiya alt komitəsinin sədri seçildim. Hesab edirəm ki, bu, bir neçə cəhətdən bizim üçün əhəmiyyətlidir. Əvvəla, bu, onu göstərir ki, Azərbaycanda möhkəm tolerantlıq mühiti var və burada yaşayan müxtəlif xalqların nümayəndələrinin bütün hüquqları ən yüksək səviyyədə qorunur. Avropa ictimaiyyəti də bunun yüksək qiymətləndirir ki, məhz azərbaycanlı parlamentari bu alt komitəyə rəhbərlik edir. Digər tərəfdən, bu onun göstəricisidir ki, Azərbaycan nümayəndə heyəti bu qurumda kifayət qədər effektiv fəaliyyət göstərir və onlara bu qurumun strukturlarına rəhbərlik etmək etimadi göstərilir. Ən nəhayət, bu bir millət vəkili olaraq, fərd olaraq, mənim üçün də çox əhəmiyyətlidir. Demək ki, mən həm dövlətimi lazımi səviyyədə təmsil edə bilirəm, həm də Avropa Şurasındakı fəaliyyətim qurumun özündə də razılıq doğurur.
Bildiyiniz kimi, Azərbaycan artıq 20 ildir ki, AŞPA-nın üzvü kimi qurumda kifayət qədər effektiv fəaliyyət göstərir. Bu qurumla əməkdaşlıq ölkəmizdə demokratik islahatların daha da dərinləşməsi, demokratik təsisatların inkişaf etdirilməsi, Avropa dəyərlərinin möhkəmlənməsi, insan hüquqlarının daha effektiv şəkildə qorunması prosesinə yardım edib. Azərbaycan Respublikası bu gün Avropa Şurası ilə ən müxtəlif sahələrdə qarşılıqlı-faydalı münasibətlər quraraq səmərəli əməkdaşlıq həyata keçirir. Təşkilata üzv dövlətlərlə əlaqələrin genişləndirilməsi ölkələrimizin bir-birinə daha da yaxınlaşmasına və qarşıya çıxa biləcək problemlərin aradan qaldırılmasına əlverişli zəmin yaradır. Avropa Şurası Azərbaycanın problemlərinin həllinə həssas yanaşır, ölkəmizin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsini mütəmadi olaraq gündəmdə saxlayır. Azərbaycan bu quruma üzv olan digər ölkələrlə də əməkdaşlığın daha genişspektrlərini əhatə etməsi, genişlənməsi üçün əməli addımlar atır. Eyni zamanda, Azərbaycan da öz tarixi, mədəni dəyərləri ilə, Avropa ailəsinin zənginləşməsinə öz töhfəsini verməkdədir. Təbii ki, bir sıra hallarda bu təşkilatın Azərbaycanda baş verən hadisələrə münasibətində müəyyən qeyri-obyektiv nüanslar müşahidə olunub və bunlar daha çox müəyyən şəxslərin qərəzliliyindən meydana gəlib. Ölkəmizin rəhbərliyi bununla bağlı etirazlarını dilə gətiriblər və müvafiq qurumlara çatdırıblar. İstərdik ki, bu hallar təkrarlanmasın və qurumla ölkəmizin əməkdaşlığına kölgə salacaq hansısa neqativ olaylar baş versin.

- Hansı qadın deputatları aktiv deputatlar sırasında görürsünüz?

- Hamısı aktivdirlər, Parlamentdə  20  qadın millət vəkili var və hər biri də öz istiqamətində işini görür.

- Bu sırada özünüzü görürsünüzmü?

- Mənim öz fəaliyyətimə qiymət verməyimi düzgün hesab etmirəm və düşünürəm ki, bizim fəaliyyətimizə ən obyektiv qiyməti cəmiyyətimiz və dövlətimiz verir.

- Şəmkirdə yaxın gələcəkdə hansı yeniliklər ola bilər? Siz hansı yeniliklərin olmasını istərdiniz?

- Hazırda Şəmkirdə çox böyük tikinti işləri gedir.  Çox böyük layihələr üzərində işlər davam edir. Məsələn, Şəmkir çayı ilə bağlı layihə var. Həmçinin, digər bir çox mühüm əhəmiyyət kəsb edən infrastruktur layihələri də icra olunmaqdadır ki, düşünürəm ki, yaxın gələcəkdə bunlar da şəmkirlilərin istifadəsinə veriləcək. İstərdim ki, yşag bağçaların, məktəblətin səviyyəsi bu günki standartlara daha uyğun olsun.

- Siz həm də Bakı Slavyan Univetsitetinin  Beynəlxalq əlaqələr üzrə prorektoru  kimi fəaliyyət göstərirsiniz.  Həm universitet işi, həm  də deputatlığı birgə aparmaq çətin deyil ki? Vaxtınızı necə bölüşdürürsünüz?

- Bu, insanın özündən asılıdr. Mən bu suala bayaq qismən toxundum. İnsan hansısa bir yeniliyə, dəyişikliyə doğru yönəlirsə, əvvəlcə özünün potensialını, hazırlığını nəzərə almalıdır. Yəni o qərər verməlidir ki, buna hazırdır ya yox. Burada da çoxlu nüanslar nəzərə alınır. Vaxt bölgüsü də bunlardan sadəcə biridir. Planlışdırlmamış işin müvəffəqiyyəti yalnız şansa bağlı olur. Mən zəhməti sevən insanam və işimi planlı şəkildə qurmağı sevirəm. Düzdür, işin hamısın çatdırmaq asan deyil,amma çalışıram ki, işlərimi həll edim.

- Gənclərin bilik səviyyəsi, dünyagörüşü, xarici dil bilgisi sizi qane edirmi?

- Təbii ki, qiymətləndirmə nisbidir və mənim söylədiklərim də, söyləyəcəklərim də yalnız mənim fikrimi ifadə edir. Mənim zənnimcə, bu gün gənclərimizin böyük potensialı var, onların önündə çox gözəl imkanlar açılıb, perspektivlər yaradılıb. Əksəriyyət də bu imanlardan yararlanırlar. Amma onu da etiraf etməliyəm ki,  bu gün bizim gənclər daha çox kitab oxumalıdırlar. Bu gün internetdən, sosial şəbəkələrdən hamımız istifadə edirik. Amma kitabı heç nə əvəz edə bilməz. Mən ilk növbədə  bir müəlliməyəm. Həmişə istəmişəm ki, tələbələr kitabla oturub dursunlar. Tələbələr tam informasiyalı olmalıdırlar. Dünyagörüşünün də olması informasiyanın bolluğundan yaranır.   
Tələbə dünya ədəbiyyatı ilə mütləq tanış olmalıdır. Çünki dünya ədəbiyyatını oxuyarkən,   həm tarixi,  həm mədəniyyəti, o xalqın mental dəyərlərini, tarixi keyfiyyəttlərini o ktiabda görə bilirsən.

-Xaricdə təhsil  almaq  istəyən  lakin  maddi  baxımından  istəkləri reallaşmayan  gənclərimiz  var. Sizcə, həmin gənclərə  necə kömək etmək olar?

- Bu gün Azərbaycan hökuməti tərəfindən gənclərin xaricdə təhsil almaları ilə bağlı dövlət proqramı icra olunur. Təbii ki, mən də bu bu, Dövlət Proqramının icra olunmasını çox əhəmiyyətli bir məsələ hesab edirəm və bu addımın həm dövlətimizin bu gününə, həm də gələcəyinə hesablanmış addım olduğunu düşünürəm. Necə ki, 1970-80-ci illərdə Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə SSRİ-nin ən qabaqcıl universitetlərinə təhsil almaq üçün göndərilən tələbələr bu gün Azərbaycan dövlətinin möhkəmlənməsində, inkişafında fəal rol oynayırlar. Bu gün xaricə təhsil almağa göndərilən hər bir gəncimiz isə sabah dövlətimizə xidmət edən bacarıqlı, müasir biliklərə yiyələnmiş kadrlar olacaqlar. Eyni zamanda, çox müsbət haldır ki, dövlət bu kadrların ölkəmizdə müvafiq sahələrdə işlə təmin olunmasına da təminat verir. Bu o deməkdir ki, dövlət bu gənc kadrların potensialından faydalanmaqda, onların xalqımıza, dövlətimizə peşəkar xidmət etməsində maraqlıdır. Yəni bu kimi tədbirlər həm fərdin, həm də dövlətin maraqlarına cavab verir. Sualınıza gəldikdə isə mən bu proqramda iştirakı maddi faktorlarla deyil, daha çox bilik və dünyagörüşü ilə əlaqələndirirəm. Çünki dövlət tərəfindən xaricə göndərilən tələbələr yalnız bilikli və bacarıqlı olduqları üçün seçilirlər.

- Hazırkı mətbuatın işini necə dəyərləndirirsiniz?

 - Bu gün ölkəmizdə kifayət qədər qəzet, jurnal, internet sayt var. Son illər Azərbaycan dövlətinin diqqət və qayğısı sayəsində bütün digər sahələrdə olduğu kimi, ölkəmizdə KİV-lərin inkişafı, onuların azad və sərbəst şəkildə fəaliyyəti, media-cəmiyyət münasibətlərinin təkmilləşdiriməsi istiqamətində çox ciddi işlər aparılıb və hesab edirəm ki, artıq onun müsbət nəticələrini biz hamımız müşahidə etməkdəyik. Amma müəyyən qüsurlar da qalmaqdadır ki, onlardan biri də təbii ki, KİV-lərdə Azərbaycan dilinə qarşı göstərilən ögey münasibətdir. Bu tendensiyanı biz daha çox televiziya kanalları və radiolarda müşahidə etməkdəyik. Bu məsələ Azərbaycan cəmiyyətində müxtəlif formatlarda dəfələrlə müzakirə olunub, ziyalılar, alimlərimiz, hətta ən yüksək səviyyəli dövlət nümayəndələri səviyyəsində bu məsələyə haqlı narazılıq ifadə olunub. Bu gün təbii ki, əvvəlki dövrlərlə müqayisədə qismən də olsa, irəliləyiş nəzərə çarpmaqdadır. O cümlədən, xarici film və proqramların dublyaj olunaraq dilimizə tərcümə olunması, baxmayaraq ki, bu məsələdə də səviyyənin yüksək olduğunu söyləyə bilmərik, amma istənilən halda irəliyiş var, eyni zamanda, xəbər aparıcılarının, icmalların dilinin müəyyən mənada düzəldiyni görə bilirik. Ümumən isə mən də bu mənada heç də tam razıyam deyə bilmərəm. Hesab edirəm ki, bu məsələdə telekanal rəhbərlərinin üzərinə daha böyük məsuliyyət düşür. Cəmiyyətin ayrı-ayrı təbəqələrinin etirazları yönləndirici təsir bağışlayır, ancaq ən təsirli tədbirlər televiziyların özləri tərəfindən görülməlidir. Digər bir problem isə bəzi Kiv təmsilçilərinin peşəkarlıq səviyyəsinin aşağı olmasıdır. Doğrudur, son dövrlər görülən tədbirlər nəticəsində bu istiqamətdə müəyyən dönüş müşahidə olunur. Amma yenə də iş gəlir insanın özü amilinə dayanır. Hər kəs gərək ortaya qoyduğu məhsula məsuliyyətli yanaşsın. Bir roman necə yazıçı üçün doğmadırsa, bir məqalə, reportaj da jurnalist üçün o qədər əziz olmalıdır. Yaradıcılıq ögey münasibəti bağışlamır.

- İkinci dəfə deputat olmaq fikriniz varmı?

- Bu haqda  hələ fikirləşməmişəm. Hələ qarşıda 3 ilimiz və görüləcək çox işlərimiz var.

- Sonda bir az da ailəniz haqqında.. Ev işlərini görmək üçün köməkçiniz varmı?

- Arabir kömək edən olur, ancaq mən özüm evimin  sahibəsiyəm. Xoşlayıram ki, hər işim öz əlimdən çıxsın. Mənə elə gəlir ki, hər bir qadın öz işini özü görməlidir. Çünki  hər bir əlin öz duzu, tamı var.  İki oğlum var. Biri indi hərbi xidmətdədir,  digəri isə, tələbədir.

Nihadə Eyyubova

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım