Kimi yenə işdə, kimi evdə, kimi tədbirdə...
Sabah milli mətbuatın yaradılmasının 137 illiyi tamam olur. Mətbuat günü münasibətilə bir sıra jurnalistlər, mətbuat nümayəndələri müəyyən tədbirlərdə iştirak edərək, günün özəlliyini qeyd edəcəklər. Bəzi jurnalistlər isə mətbuat gününün əhəmiyyətini azaltmayaraq, adi bir gün kimi keçirəcəklər. Modern.az mövzu ilə bağlı jurnalistlər arasında kiçik bir sorğu aparıb:
“Bizim Yol” qəzetinin əməkdaşı Sevinc Vaqifqızı bir sıra jurnalistlərlə birgə sabah Həsən bəy Zərdabinin, Elmar Hüseynovun, Salatın Əsgərovanın və digər jurnalistlərin məzarlarını ziyarət edəcək: “Bizdə sözün qələbəsi yoxdur deyə, sözün qəbiristanlığına gedəcəyik. Onların qəbri üstündə hazırda müxtəlif təzyiqlər, hədələrə məruz qalan jurnalistlər dayanacaqlar. Qəbiristanlıqda bizimlə bərabər ziyarətə gələn bir oxucu belə görsəm, sevinəcəm. Bax, bu bayram olacaq”.
“Mediaforum” saytının əməkdaşı İmdad Əlizadə: “Adi günlərdən biri olacaq. Xüsusi bir plan və hazırlığım yoxdur. Bazar günü olduğuna və məzuniyyətə çıxdığıma görə, evdə olacam. Düzdür, milli mətbuatın yaranması bayram kimi qeyd olunmağa haqqı olan gündür. Çünki bu, Azərbaycan türklərinin tarixində yeni bir mərhələnin başlanğıcı, yeni dövrün əsasını qoyub. Ona görə də milli mətbuat gününün əhəmiyyətini azaltmadan adi bir gün kimi keçirəcəm”.
“106. 3 FM” radiosunun redaktoru Aynur Huseynzadə isə deyir ki, sabahkı gün onun üçün adi olacaq: “Xüsusi heç nə olmayacaq. Evdə olacam”.
“Yeni Müsavat” qəzetinin əməkdaşı Kənan Rövşənoğlu sabahkı günü belə keçirəcək: “Sabah Ramazan ayının növbəti günüdür. Deməli, inşallah oruc tutacam. Bir də bizdə iş günü olduğu üçün işə gəlib işləyəcəm. İmam Əli (ə.) buyurur ki, günah etmədiyin hər gün bayramdır. Bu mənada mətbuat gününün həyatımda və iş prosesində nəyisə dəyişməcək. Allah Həsən bəy Zərdabiyə rəhmət eləsin. 22 iyulda bu fədakar, böyük ziyalını yad edəcəm”.
“Xəzər” telekanalının əməkdaşı Ramal Hüseynov: “Hava yaxşı olsa, dənizə və axşam da kinoya gedəcəm”.
“Qafqazinfo” saytının əməkdaşı Sədan Bünyadova deyib ki, sabah evdə kitab oxuyacaq, sayt üçün xəbərlər hazırlayacaq.
“Türküstan”qəzetinin baş redaktoru Aqil Camal tədbirə dəvətlidir: “Sabah KİVDF-nin Milli Mətbuat Günü ilə bağlı keçirəcəyi tədbirə dəvətliyəm. Saat 20.00-da orada olacağam. Amma hələ ki, başqa “təklif” yoxdur. Günün birinci hissəsində redaksiyada olacağam. Bir qrup gənc oxucu ilə görüşümüz var”.
“Gənclərin Səsi” radiosunun müxbiri Aygül Mehman: “Sabah bildiyim qədər, RATİ-nin mətbuat günü ilə bağlı təşkil etdiyi yürüş var. Çox güman ki, həmin yürüşdə olacam.”
ANS telekanalının əməkdaşı Samirə Sanılı sabahkı günün adi günlərdən biri olacağını deyib: “Elə bir hazırlıq görmürəm, sabah işdə olacam”.
“New Baku Post” qəzetinin əməkdaşı Fərəh Sabirqızı: “Əvvəllər milli mətbuat günü təntənəli şəkildə qeyd olunurdu, bir neçə qurum tədbir keçirirdi, iştirak edirdik, çoxdan görmədiyimiz jurnalistlərlə görüşürdük, bir bayram əhval-ruhiyyəsi olurdu. “Media açarı” mükafatının təntənəli təqdimatı keçirilirdi. Son illər isə bu ənənə yoxdur. Yalnız KİVDF-nin tədbiri keçirilir, ora da yalnız müsabiqədə qalib çıxanlar dəvətli olur, sıravi media işçiləri toplantıya qatıla bilmirlər.
Bu il heç bir tədbirə dəvət almamışam Yalnız bir neçə nazirliyin mətbuat xidmətlərindən, bəzi QHT-lər və həmkarlarımdan təbriklər almışam. Bayram ərəfəsində müsabiqədə qalib çıxdım, elə bu, mənə hədiyyə oldu”.
Nihadə Eyyubova