İslamın ən şəfqətli və müqəddəs ayı hesab edilən Ramazan ayının başlaması ilə bağlı Qafqaz Müsəlmanldarı İdarəsi Qazilər Şurası tərəfindən bir neçə gün əvvəl fətva verilib. Bununla əlaqədar müqəddəs kitabımız olan «Qurani Kərim»in bizə nazil olduğu bu ayın daha geniş və bütün ayinlərə tam riayət olunmaqla keçirilməsi üçün hər il olduğu kimi bu il də İçəri şəhər «Cümə» məscidində böyük hazırlıq işləri aparılıb.
Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonundakı İçəri şəhər «Cümə» məscidinin dini icmasının sədri, axund hacı Surxay Məmmədli bildirib ki, «Cümə» məscidinin dövlət tərəfindən əsaslı təmir olunaraq istifadəyə verildikdən sonra məsciddə Ramazan ayı tədbirləri daha geniş şəkildə keçirilir.
Ramazan ərəfəsində bir sıra hazırlıq işləri aparılıb, iftar süfrələrinin təşkili, imkansız qardaş və bacılarımızın bura dəvət olunması ilə bağlı tədarük görülüb.