Modern.az

Hansı mətbuat cəmiyyətimizə gərəklidir?

Hansı mətbuat cəmiyyətimizə gərəklidir?

Media

23 İyul 2012, 13:09

Əsl jurnalistlə reketçiyə fərq qoymağın zamanıdır

Azərbaycan artıq elə bir inkişaf mərhələsinə çatıb ki, bütün sahələrdə olduğu kimi mətbuata münasibətdə də düşüncələrin dəyişməsinə ehtiyac var. Təəssüflə qeyd etmək lazımdır ki, bu düşüncədə neqativliyin faizi pozitivliyin faizini xeyli üstələyir. Xüsusən, mətbuatda senzura götürüldükdən və qəzet, jurnal təsisçiliyində mövcud olan bürokratik baryerlər aradan götürüldükdən sonra ölkədə mətbuat orqanlarının sayı göbələk kimi artıb çoxalmağa başladı. Hətta orta təhsil attestatı olmayanlar belə qəzet, jurnal təsis edir, pullu obyektlərin qapısını döyür, istədiklərini əldə etmədikdə şantaj, böhtan dolu cızma-qaralarını mətbuat səhifəsinə çıxarır, ən pisi isə o idi ki, insanların şərəf və ləyaqəti təhqir olunurdu. Yəni qəzet-jurnallar bu sahədən zərrə qədər anlayışı olmayanların asan qazanc əldə etmək vasitəsinə çevrilmişdi. Əvvəllər şantaja, şər-böhtana, şərəf-ləyaqətin təhqirinə görə “reket” adı ilə tanınan “jurnalist”lər məhkəmələr tərəfindən iri məbləğdə pulla cərimələnirdilər.

Lakin tezliklə məlum oldu ki, bu cəza növünün heç bir effekti yoxdur. Çünki reket jurnalistin hansısa bankda vəsaiti yatırılmamışdı və olmayan vəsaiti ondan almaq qeyri-mümkün idi. Üstəlik cərimə cəzasını təmin edən xüsüsi bir təsir mexanizmi də yox idi. Nəticədə məhkəmələrin çıxardığı qərarlar formal xarakter daşıyırdı. Belə bir şəraitdə reket jurnalistlərin ayağı bir az da yer alır, adlarına hüquq sözü pərçim olunmuş əcaib-qərayib qəzetlərinin səhifələrində əvvəlkindən də iki qat artıq şantaja, şər-böhtana yer verirdilər. Bir sözlə, mətbuat cəmiyyətin eybəcərliklərini göstərən güzgü olmaq missiyasını yerinə yetirmək əvəzinə özü get-gedə eybəcər görkəm alırdı. İnsanlar artıq redaksiyalara ümid yeri kimi baxmır, şər-böhtan yuvası kimi baxırdı. Dünyada dördüncü hakimiyyət kimi tanınan mətbuat demək olar ki, ağlar günə qalmışdı. Bir sürü “reketçi”nin cəmiyyətdə yaratdığı bu ağrılı təəssürat əsl jurnalistlərin namuslu, vicdanlı fəaliyyətini kölgədə qoyurdu. Mətbuatımızın yaxın tarixinin hər kəsə bəlli olan mənzərəsi belə idi.

Nəhayət, məhkəmələr reket jurnalistləri tutduqları yoldan çəkindirmək üçün daha sərt tədbirlərə əl ataraq azadlıqdan məhrum etmə cəzası tətbiq etməyə başladılar. Düzdür, indi onların əl-ayağı bir qədər yığışıb. Lakin yenə də orda-burda peyda olub jurnalist missiyasını yerinə yetirmək əvəzinə bəd niyyətlərini həyata keçirir, bütövlükdə mətbuatımızın adına ləkə gətirirlər. Burası da var ki, beynəlxalq qurumlar nədənsə mətbuatı şərəfləndirənlərlə gözdən salanlara fərq qoymur, ikinciləri qanundankənar əməllərinə görə cəzalandırarkən bunu ağına-bozuna baxmadan söz azadlığının, fikir plüralizminin pozulması kimi qələmə verir və günahını Azərbaycan dövlətinin ayağına yazırlar. Görünür, bu təzyiqlərin nəticəsidir ki, yayılan rəsmi, qeyri-rəsmi məlumatlarda Milli Məclis Diffamasiya haqqında qanun layihəsini müzakirəyə çıxarıb qəbul etməklə onların bu bəhanəsini də kəsmək istəyir. Gələcəkdə qüvvəyə minəcək bu qanunun nəticəsinin necə olacağını indidən təsəvvür etmək qeyri-mümkündür. Doğrudan da əgər mətbu sözə görə cinayət məsuliyyəti ləğv olunursa, onda bu ücdantutma hamıya şamil edilə bilər. Kim qarantiya verəcək ki, söz bazarında misi qızıl qiymətinə sırımayacaqlar? Məhz bu nöqteyi-nəzərdən diffamasiyanın meydanı daha da qarışdıracağını, yaxud jurnalistikamıza müsbət impulslar gətirəcəyini indidən söyləmək çətindir.

Bütün bunlar məsələnin bir tərəfidir. Əsl mətbuatla sarı, boz-bulanlıq mətbuat arasında xeyirlə şərin davası gedir. Cəmiyyətdəki problemlərin aradan qaldırılması üçün araşdırma aparan, mövcüd vəziyyəti analiz edib düzgün nəticə çıxaran jurnalisti “obyekt”ə daxil olub gözünü müdirlərin cibindən ayırmayan və nəinki araşdırma aparmaq, heç cümlə quraşdırmaq qabiliyyəti belə olmaya-olmaya utanıb-qızarmadan “məni yola salın” deyən reketçidən ayırmaq lazımdır. Ölkənin, xalqın köklü problemlərini qaldıran mətbu orqanlarla yanaşı profili yaxşı bilən, maarifləndirici materiallar dərc edən sahə qəzetlərinə də dəyər verilməli, onların fəaliyyətini canlandırmaq üçün dövlət səviyyəsində tədbirlər görülməlidir. Sahəni əhatə edən qurumlar abunə məsələsinə ciddi yanaşmalıdır. Digər mətbu orqanlar kimi onlar da pulsuz çap edilmir, mətbəə, kağız, yayım haqqı ilə yanaşı əməkdaşlarına maaş verirlər. Yeri gəldikcə pullu xidmətlərdən istifadə edərək səhifələrində reklam, elan və digər materiallar dərc etdirməklə səviyyəli sahə mətbuatını yaşatmaq olar. Sahə mətbuatının üstün cəhətlərindən biri də odur ki, onun əməkdaşları müəyyən müddətdən sonra ixtisaslaşmış jurnalist kimi yetişirlər. İşıqlandırdıqları fəaliyyət sahəsini zaman keçdikcə dərindən öyrənir və hətta onun əsl mütəxəssisinə çevrilirlər. Sahə mətbuatının sahə işçiləri ilə qarşılıqlı əməkdaşlığı isə sonda ölkənin ümumi inkişafına kömək göstərmiş olur.

Bu məqamda bizim yaradıcı əməyimizlə işıq üzü görən, “mətbəx”inə daha yaxından bələd olduğumuz “Bələdiyyə həyatı” qəzeti barədə bir neçə kəlmə söz demək yerinə düşər. Biz işə başladığımız ilk gündən bələdiyyələrlə sıx təmaslar qurmağa, onların yaxşı işlərini, uğurlarını, işıqlandırmaqla yanaşı, problemlərini də qəzet səhifəsinə çıxarıb səbəblərini araşdırmağa, həlli yollarını göstərməyə  çalışırıq. Bələdiyyələr haqqında qanunda dəyişikliklər, prezident sərəncamları mütəmadi olaraq “Bələdiyyə həyatı”nın səhifələrində dərc olunaraq oxucuların ixtiyarına verilir. Qəzet təkcə rəsmi materialları dərc etməklə kifayətlənmir, eyni zamanda onların şərhini təşkil edir, qaranlıq mətləblərə aydınlıq gətirir. Bu işə bir qayda olaraq sahəni dərindən bilən təcrübəli mütəxəssislər, hüquqşünaslar cəlb edilir. İşimizin səmərəsini yaxından izləyən və  fəaliyyətimizi yüksək dəyərləndirən Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzi də müraciətlərimizi cavabsız qoymur, qəzetə təmənnasız hüquqi yardım göstərir. Qarşılıqlı etimadın nəticəsidir ki, Mərkəzin bələdiyyələrlə bağlı tövsiyə xarakterli materiallarının, elmi-kütləvi məqalələrinin dərci “Bələdiyyə həyatı” qəzetinə həvalə olunur. Qəzet əməkdaşları respublikanın hansı bölgəsində keçirilməsindən asılı olmayaraq bu qurumun bütün tədbirlərinə dəvət edilir və tədbirlərdən hazırlanan geniş reportaj və məqalələr qəzetdə öz əksini tapır. Hətta ayrı-ayrı bələdiyyələr də öz tədbirlərində daim jurnalistlərimizi görməyi arzulayırlar. Məsələn, Sumqayıt, Mingəçevir, Ağcabədi, Bakının Yasamal, Masazır və başqa şəhər, rayon, qəsəbə bələdiyyələrinin tədbirlərindən hazırlanan materialları oxucularımız maraqla qarşılayıb.

Təkcə bununla iş bitmir. Cəmiyyətimiz üçün yeni və mütərəqqi qurum olan, kövrək addımlarını atan bələdiyyələrimizi sahə qəzeti olaraq mətbu çıxışlarımızla yersiz hücumlardan qoruyur, hüquqlarının müdafiəsini təşkil edirik. Bu səpkidə xeyli materialımız dərc edilib və yetərincə müsbət nəticəsi olub. Bu deyilənlərdən belə bir təsəvvür yaranmamalıdır ki, bizim fəaliyyətimiz yalnız bələdiyyə işinin müsbət tərəflərini işıqlandırmaqdan ibarətdir. Biz neqativ hallara da diqqət yetirir, kəskin sözümüzü deməkdən çəkinmirik. Yəni söhbət büdrəmələri ilə yanaşı inkişafda olan bir qurumun addımlarının möhkəmləndirilməsi üçün qələmin qüdrətindən istifadə edərək geniş planda vəzifə borcunu yerinə yetirməkdən gedir. İndi hansı şəhərin, qəsəbənin, kəndin bələdiyyəsinə gedib “Bələdiyyə həyatı” qəzetini xəbər alsan, fəxrlə deyəcəklər: “O bizim qəzetimizdir”.

Onlar müqavilə əsasında qəzetimizə böyük həvəslə abunə yazılırlar. Çünki görmək istədiklərini bu qəzetin səhifələrində axtarıb tapırlar. Bu, bəlkə də reallıqdan xəbərsiz oxucuya inandırıcı görünməsin. Ancaq hər kəs bunu yoxlayıb öz gözü ilə görə bilər. Biz Mətbuat Şurasının bu yöndə bir monitorinq keçirməsini də istərdik. Onda cəmiyyətimizə hansı qəzet-jurnalın gərəkli olub-olmadığı gün kimi aydın olar.
Jurnalist peşəsi bir çoxlarının təsəvvür etdiyi kimi asan sahə deyil. Olduqca ağır, olduqca çətin və məsuliyyətli bir işdir. Jurnalisti yalnız hansısa müəssisədən, obyektdən yazı hazırlayan adi kargüzar kimi təsəvvür etmək yanlışdır. Yeri gəldikdə prezdentlərin protokol qaydalarını nəzərə alıb bir-birinə deyə bilmədikləri sözü jurnalistlər onlara deyir, xalqının, ölkəsinin mənafeyini müdafiəyə qalxırlar. Belədə qələm bəzən bir ordunun görə bilmədiyi işi görmək qüdrətinə malik olur. 

Bir daha sözümün əvvəlinə qayıdıb demək istəyirəm ki, cəmiyyətimizdə son vaxtlar jurnalistlərə qarşı yaranmış mənfi münasibəti aradan qaldırmağın vaxtı çatıb. Məmur kimsənin yanında gözü kölgəli deyilsə, qapısını döyən jurnalistin sorğularına cavab verməkdən çəkinməməlidir. Təbii ki, söhbət həqiqi jurnalistdən gedir. Yetər ki, onlar təmənna güdməsinlər, qələmə aldıqları mövzu ümumi işimizin xeyrinə olsun.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi